Məhkəmə qərarları › İş №2(008)-2218/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2218/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2218/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 yanvar 2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacı (abunet kodu: **********00001) ilə bağlı 518.40 manat məbləğində hesablanmış cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur və həmin evdə istifadə etdiyi qaz sayğacı onun adına qeydiyyata alınmışdır. Bu barədə Cavabdeh ilə onun arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır (abonent kodu: **********00001). Belə ki, Cavabdeh İB tərəfindən xx.xx.2022-ci tarixdə yuxarıda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair quraşdırılmış qaz sayğacının istismar müddəti bitdiyi üçün dəyişdirilmiş və bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli xx.xx.2022-ci tarixli akt tərtib olunmuşdur. Sonradan isə Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 yanvar 2023-cü il tarixli ******* nömrəli akt əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacı ilə bağlı ona 518.40 manat məbləğində cərimə yazılmışdır. Həmin cərimənin səbəbi kimi də qaz sayğacının istismar müddəti bitdiyi üçün əvəzlənməsi zamanı qaz sayğacının yoxlanılması barədə xx.xx.2023cü il tarixli MSK-29/1710-03445-1 nömrəli akta əsasən müəyyən edilmişdir ki, sayğacda ALARM-1 rejimi aşkar olunub. Nə o, nə də ailəsinin heç bir üzvü tərəfindən həmin sayğaca heç bir müdaxilə edilməmişdir, lakin buna baxmayaraq Cavabdeh İB məsələni düzgün araşdırmadan baş vermiş texniki nasazlığa görə məsuliyyəti əsassız olaraq onun üzərinə qoymuşdur. Qanunvericiliyə əsasən qaz sayğacının saz vəziyyətdə olmasına məsuliyyəti Qaz İstismar İdarəsi daşıyır. Sözügedən qaz sayğacına müdaxilə əməkdaşlar tərəfindən edilib, çünki hər ay həmin əməkdaşlar sayğacları yoxlayırlar. Digər tərəfdən cərimənin məbləği fantastik dərəcədə şişirdilmişdir. Hesab edir ki, həmin cərimə qanunvericiliyin tələblərini pozmaqla qanunsuz olaraq onun üzərinə qoyulmuşdur. Buna görə də Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt ləğv edilməli və qanunsuz yazılmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2218/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən “aktın ləğv edilməsi” hissəsində mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, eyni zamanda, ərizə ilə məhkəmə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacına ümumi baxış keçirilmiş, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmiş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Qeyd olunan fakt barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və tərtib olunmuş akta əsasən dəymiş ziyan hesablanmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış AKX-04486xx/xx- 2022 nömrəli xx.xx.2022-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğac istismar müddətinin bitməsi səbəbindən çıxarılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca ümumi baxış keçirilmiş, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmiş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 4320 kubmetr təşkil edir. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 518.40 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca ümumi baxış keçirilmiş, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmiş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Buna görə cavabdeh iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 518.40 manat vurulmuş ziyan tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 518.40 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00001 saylı abunə koduna hesablanmış 518.40 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00001 saylı abunə koduna hesablanmış 518,40 manat məbləğində borc silinsin. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar