Məhkəmə qərarları › İş №2(008)-2240/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2240/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2240/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “borcfun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* akta əsasən dəymiş zərər kimi müəyyən olunan 2073,60 manat borcun silinməsi və həmin borca görə tutulan pulların hesablanaraq qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Əliyev küçəsində yerləşən həyət evi ona məxsusdur. Həmin evə **********00001 abonent kodu üzrə qaz sayğacı quraşdırılmışdır. Bir müddət əvvəl müəyyən etmişdir ki, adına olan **********00001 saylı abonent hesabında 2073,60 manat borc yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional Qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edildi. Təqdim edilmiş 04 dekabr tarixli ******* saylı aktdan və ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, onun tərəfindən sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə akt tərtib edilmiş, 17280 kubmetr qaz itkisi müəyyən edilərək hesabına 2073,60 manat dəymiş zərər məbləği yazılmışdır. Aktla razı deyil. Heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Hesab edirəm ki, Cavabdeh əməkdaşları yalnışlığa yol vərərək, onun sayğacdan kənar qazdan istifadə etdiyini zənn edərək, akt tərtib etmişlər. Bundan əlavə hətta sayğacdan kənar qazdan istifadə halı həqiqətən də müəyyən edilmiş olsaydı belə, bu halda da dəymiş ziyan məbləği düzgün hesablanmamışdır. Belə ki, onun evində qazla işləyən yeganə cihaz 4 gözlü qaz plitəsidir. Həmin plitənin də qaz sərfiyyatı bir saat ərzində 4 kub.m, orta günlük iş rejimi 12 saat deyildir. Lakin tələbnamədə dəymiz ziyanın məbləği mənzildə olan qaz qurğusunun sərfiyyatına, eləcə də mənzilin yaşayış olan otaqlarının sahəsinə uyğun hesablanmamışdır. Tələbnamədən görünür ki, günlük qaz sarfiyyatı 4 kub.m müəyyən edilmişdir ki, bu da həddən artıq yüksək və həqiqətə uyğun olmayan bir göstəricidir. Evində heç vaxt bu həcmdə qaz sarfiyyatı olmayıb və olması da mümkün deyildir. Bundan əlavə dəymiz ziyanın məbləği hesablanarkən bir illik müddət götürülmüşdür ki, buda düzgün hesablanma sayıla bilməz. Çünki təlimata uyğun olaraq, Cavabdeh əməkdaşları ən azından ildə iki dəfə qaz sayğaclarına, qaz xəttlərinə nəzarət etməlidir. Qaz sayğacına ən azından 3-4 aydan bir Cavabdeh əməkdaşları tərəfindən nəzarət edilir. Belə olan halda dəymiş ziyan məbləği hesablanarkən ən çoxu 6 ay müddət müəyyən edilə bilər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək əlavə olaraq bildirmişdir ki, kənar xətdən istifadə etmişdir, lakin cəmi 4-5 gün istifadə etməsinə baxmayaraq, aktda borc çox yazılmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia tələbinə etirazını bildirərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar rezin boru vasitəsi ilə istifadə etdiyi aşkar edilmişdir. - Abonentin saldosundan görünür ki, abonent kodu **********00001 olan İddiaçı akt əsasında 2073,60 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Azəriqaz İB tərəfindən cavabdehin təbii qazdan istifadə qaydalarını pozaraq sayğacdan kənar qeyri-qanuni istifadə etməsi barədə ******* nömrəli xx.xx.2023-ci il tarixli akt tərtib edilmiş, həmin akta əsasən cavabdehə 2073,60 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə 2073,60 manat pul əsaslı olaraq yazılmışdır. Belə ki, həmin aktdan göründüyü kimi iddiaçı təbii qazdan qanunsuz olaraq istifadə etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı , Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* akta əsasən dəymiş zərər kimi müəyyən olunan 2073,60 manat borcun silinməsi və həmin borca görə tutulan pulların hesablanaraq qaytarılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar