Məhkəmə qərarları › İş №2(008)-2281/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2281/2022

02.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2281/2022 02.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi (anası) X1 iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşı yaşayış hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 31.03.2017-ci il tarixdə doğulmuş X5 və X4 ilə birlikdə ünvan 1 ünvanında yaşayış hüquqlarının tanınması və həmin mənzilə köçürülmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 05.04.2015-ci il tarixdə nikaha daxil olmuş, 31.03.2017-ci il tarixdə Tunar və Dəniz doğulmuşdular. 2019cu ildə Ağdam rayonundan məcburi köçkün olduqlarına görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İŞləri üzrə Dövlət Komitəsi tərəfindən ailələrinə ünvan 1 ünvanında mənzil verilmişdir. Həmin evdə birgə təsərrüfat aparıblar. Sabunçu rayon Məhkəməsinin 21.02.2022-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşaqlar ananın yanında qalmışdılar. Hal-hazırda iddiaçı azyaşlı uşaqları ilə həmin mənzildə yaşamır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (anası) X3 iddiaçının uşaqları ilə birlikdə həmin mənzilə köçürülmələrinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Quliyeva (Cəfərova) X6 rayonundan məcburi köçkün kimi ünvan 1 ünvanına əri və iki uşağı ilə müvəqqəti qeydiyyata düşmüşdür (Sabunçu rayon Kürdəxanı qəsəbəsi Mənzil- Kommunal İstismar İdarəsi tərəfindən verilmiş 84 və 85 №-li, 17.01.2022-ci il tarixli arayışlar). Tərəflərin aralarındakı nikah pozulmuşdur, hazırda iddiaçı uşaqları ilə birlikdə həmin evdə yaşamır. Hazırda iddiaçı övladları ilə birlikdə yaşayış hüququnun tanınması və həmin evə köçürülməsini istəyir. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Məhkəmə hesab edir ki, adıçəkilən mənzil tək cavabdehə deyil, onun ailəsi ilə birlikdə dövlət tərəfindən müvəqqəti yaşamaları üçün verimişdir. Hazırda iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməlidir. Lakin, həmin mənzil müvəqqəti verildiyi üçün iddiaçının yaşayış hüquqları tanına bilməz. Cavabdeh də iddiaçının uşaqları ilə birlikdə köçməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı 31.03.2017-ci il tarixdə doğulmuş X5 və X4 ilə birlikdə ünvan 1 ünvanındakı mənzilə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar