Məhkəmə qərarları › İş №2(008)-23/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-23/2025

13.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-23/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı ”torpaq sahəsinin qaytarılması və hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı ”zəbt edilmiş torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş ona məxsus torpaq sahəsinin zəbtdən azad olunması və ona geri qaytarılması, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir Bağlar İdarəsi tərəfindən Ləhiş bağlar sahəsində ona ayrılmış torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun dövlət qediyyatına alınması üçün Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinə (bundan sonra ƏMDK) dəfələrlə müraciət etsə də, ƏMDK ona məxsus bağ sahəsi digər şəxslər tərəfindən zəbt edilidiyindən və bu səbəbdən o, həmin sahədə mərzlənmə işləri apara bilmədiyindən, onun xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına imtina etmiş və bu səbəbdən 2017-ci ildə o, İnzibati İqtisadi Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Qurumla aralarında sürən uzun mübahisədən sonra hər üç məhkəmə instansiyasında (İnzibati İqtisadi Məhkəmə, Apellyasiya Məhkəməsi, Ali Məhkəmə), sonuncu Ali Məhkəmə olmaqla 13 iyul 2020-ci il tarixdə onun lehinə qərar çıxarılandan sonra 25 dekabr 2020-ci il tarixdə Ləhiş bağlar sahəsində yerləşən 5906 saylı ona məxsus bağ sahəsi üzərində mülkiyyət hüququ ********** qeydiyyat və **********81 reyestr nömrələri ilə dövlət qeydiyyatına alınması rəsmiləşdirilmişdir. Bundan sonra ona məxsus torpaq sahəsini zəbt etmiş şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi və torpaq sahəsinin zəbtdən azad olunması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə müraciət etmişdir. 42-ci PB-nin təhqiqatçısı tərəfindən torpağın 2 fərqli şəxs tərəfindən zəbt edildiyi müəyyən edilmiş, zəbt edən şəxslərdən birinin şəxsiyyətini zəbt etdiyi torpaq sahəsində yaşaması səbəbindən təyin etmək mümkün olsa da, digər zəbt edən şəxs barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Torpaq sahəsini zəbt etmiş şəxslərdən şəxsiyyəti müəyyən edilmiş Ruslan Mehdiyev torpağı zəbt etmədiyini, ona bu torpağın yerli bələdiyyə orqanı tərəfindən satıldığını bildirmişdir. Bu cür alqı-satqı qanuna ziddir, özgəsinə məxsus torpaq sahəsinin istər zəbt olunması, istərsə də hər hansısa bir yolla satılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə məsuliyyətə səbəb olur. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları ərazisi döngə 8, 5906 saylı bağın hər iki cavabdehdən, X1 0.0568 ha hissəsinin, Cavabdeh2 0.0242 ha hissəsinin alınaraq ona qaytarılmasının təmin edilməsi və cavabdehlər tərəfindən torpaq sahəsi zəbt olunan zaman çəkilən hasarın sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsi, həmçinin, mütəxəssis rəyinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə ödənilmiş 96 manat və xx.xx.2024-cü il tarixdə ödənilmiş 96 manat, cəmi 192 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər X3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddianı etiraf etmədi və izahatında bildirdi ki, həmin ərazi özünə məxsusdur və oranı 4-5 il əvvəl Emil adlı şəxsə bağlar idarəsinin verdiyi order əsasında satmışdır. Notariusda ona etibarnamə verilmiş idi, eyni qaydada o da etibarnamə əsasında Emilə satmışdır. O ərazidə hamının torpağında sürüşmələr var. Özü öz ərazisini order əsasında ölçərək hasar çəkmişdir. Onun həmin ərazidə 25 sot yeri var, çiyələk əkmişdir. DƏDRX tərəfindən verilmiş mütəxəssis rəyi ilə razı deyildir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən, sahəsi 0.12 olan 5906 saylı bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən, sahəsi 0.12 olan 5906 saylı bağ sahəsi xx.xx.2020ci il tarixdə xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatdan keçmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, X4 izahatında bildirmişdir ki, həmin torpaq sahəsini 2014-cü ildə Əli adlı şəxsdən 14.700 manata bələdiyyə sənədi ilə rəsmiləşdirib almış, dörd tərəfdən mişar daşları ilə hasarlamış, dəmir darvaza qoymuş, torpaq sahəsində bir mərtəbədən ibarət ev tikdirmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan torpaq sahəsi dövlət reyestrindən çıxarışa əsasən 0.12 ha olsa da, faktiki olaraq 0.0385 ha təşkil edir (0.0815 ha torpaq sahəsi zəbt edilmişdir). Mövcud vəziyyətdə iddiaçının və cavabdehlərin istifadəsində olan torpaq sahələrinin ayrıayrılıqda sərhədləri və üst-üstə düşmələrinin hansı hissədən olduğunu müəyyənləşdirən koordinatları əks etdirən sxem əlavə olundu. Yuxarıda qeyd olunduğu kimi mövcud vəziyyətdə iddiaçının və cavabdehlərin istifadəsində olan torpaq sahələrinin ayrı-ayrılıqda sərhədləri və üst-üstə düşmələrinin hansı hissədən olduğunu müəyyənləşdirən koordinatları əks etdirən sxem əlavə olundu. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 0.0385 ha təşkil edir (zəbt edilmiş sahə 0.0815 ha təşkil edir). Torpaq sahəsinin üzərində tikili yoxdur. Mövcud vəziyyətdə iddiaçının və cavabdehlərin istifadəsində olan torpaq sahələrinin ayrı-ayrılıqda sərhədlərini və koordinatlarını əks etdirən izahlı sxem əlavə olundu. Əlavə olaraq bildirilir ki, sözügedən torpaq sahəsi **********81 reyestr nömrəsi ilə 5906 saylı bağ sahəsi kimi (0.12 ha) İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/8985 nömrəli xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi İmran Bahadovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 0.0385 ha təşkil edir (zəbt edilmiş sahə 0.0815 ha təşkil edir). Torpaq sahəsinin üzərində tikili yoxdur. Mövcud vəziyyətdə iddiaçının və cavabdehlərin istifadəsində olan torpaq sahələrinin ayrıayrılıqda sərhədlərini və koordinatlarını əks etdirən izahlı sxem əlavə olundu. Əlavə olaraq bildirilir ki, sözügedən torpaq sahəsi **********81 reyestr nömrəsi ilə 5906 saylı bağ sahəsi kimi (0.12 ha) İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ-İV bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 49-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun” 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxsi öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İşin məhkəmə iclasında araşdırılan hallarına və iş materiallarında olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən, sahəsi 0.12 olan 5906 saylı bağ (torpaq) sahəsi İddiaçı xüsusi mülkiyyətində olsa da, cavabdehlərin həmin bağ (torpaq) sahəsinin bir hissəsini (X4 0.0568 ha, Cavabdeh2 0.0242 ha) zəbt etməsi səbəbindən İddiaçı xüsusi mülkiyyətində olan bağ (torpaq) sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan ünvanda yerləşən, 0.12 ha sahəsi olan torpağın Cavabdeh2 tərəfindən zəbt edilmiş 0.0242 ha hissəsi və cavabdeh X4 tərəfindən zəbt edilmiş 0.0568 ha hissəsi alınaraq İddiaçı geri qaytarılmalı və İddiaçı məxsus torpaq sahəsi üzərində olan və torpaqları zəbt etmiş cavabdehlər Cavabdeh2 və X4 tərəfindən çəkilən hasarlar sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu (hər birindən 15 manat olmaqla) və mütəxəssis rəylərinin verilməsi üçün ödənilmiş 192 manat (hər birindən 96 manat olmaqla) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, həmçinin, 50 manat məbləğində ekspertiza xərci cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada, yəni hər birindən 25 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan ünvanda yerləşən, 0.12 ha sahəsi olan torpağın Cavabdeh2 tərəfindən zəbt edilmiş 0.0242 ha hissəsi və cavabdeh X4 tərəfindən zəbt edilmiş 0.0568 ha hissəsi alınaraq İddiaçı geri qaytarılsın və İddiaçı məxsus 0.12 ha sahəsi olan torpaq sahəsi üzərində olan və torpaqları zəbt etmiş cavabdehlər Cavabdeh2 və X4 tərəfindən çəkilən hasarlar sökülsün. Cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu (hər birindən 15 manat olmaqla) və mütəxəssis rəylərinin verilməsi üçün ödənilmiş 192 manat (hər birindən 96 manat olmaqla) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada, hər birindən 25 manat tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar