Məhkəmə qərarları › İş №2(008)-2316/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2316/2021

05.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2316/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 oğu və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, C.Axundzadə küçəsində yerləşən 9 saylı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, C.Axundzadə küçəsində yerləşən 9 saylı evi 12.11.2011-ci il tarixdə Bakı şəhəri 34 saylı notariat kontorunda təsdiq olunmuş AN-İ№ ******* saylı alğı-satqı müqaviləsinə əsasən, X2 almışlar. Cavabdeh həmin şəxsin qızıdır. Qeyd olunan ev keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində 08.12.2011-ci il tarixdə paylı mülkiyyət hüququ üzrə İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu barədə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* saylı çıxarış verilmişdir. Alğı-satqı müqaviləsi bağlandıqdan sonra satıcı və cavabdeh evi boşaldaraq köçüb getmiş, iddiaçılar isə ailə üzvləri ilə birlikdə həmin evə köçərək, orada yaşamağa başlamışlar. Cavabdeh evdən köçməsinə baxmayaraq, hələ də oradan qeydiyyatdan çıxmamışdır. Cavabdehin qeyd olunan evdə heç bir əmlakı yoxdur. Onun həmin evdə qeydiyyatda qalması formal xarakter daşıyır. Bu hal isə iddiaçıların mülkiyyət hüququnu məhdudlaşdırmaqla, sərbəst şəkildə ev barəsində sərəncam vermələrinə mane olur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi onun məlum olan axırıncı yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12.11.2011-ci il tarixli, AN-İ№ ******* saylı Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X4 (etibarnamə üzrə nümayəndəsi Solmaz Məmmədova) ünvan 1 ünvanında yerləşən, faktiki sahəsi 0.0412 ha olan torpaq sahəsinin üzərində tikilmiş ümumi sahəsi 74.9 kv.m, yaşayış sahəsi 52.9 kv.m, köməkçi sahəsi 22.0 kv.m-dən ibarət beşotaqlı fərdi yaşayış evinin üç otağını alıcı İddiaçı1, qalan iki otağını isə alıcı İddiaçı2 satmaqla, onların mülkiyyətinə vermişdir. İş materiallarında olan keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* saylı çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, C.Axundzadə küçəsində yerləşən 9 saylı ev paylı mülkiyyət hüququ üzrə İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 08.12.2011ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 21.02.2020ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, C.Axundzadə küçəsində yerləşən 9 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının A.Bakıxanov qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21.09.2020-ci il tarixli, 1338 saylı arayışa əsasən, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, C.Axundzadə küçəsində yerləşən 9 saylı evdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından da görünür ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, C.Axundzadə küçəsində yerləşən 9 saylı evdə qeydiyyatda qalmaqdadır. Həmçinin, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının A.Bakıxanov qəsəbəsi üzrə Nümayəndəliyinə ünvanlanmış məktuba cavab olaraq bildirilmişdir ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanda yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, C.Axundzadə küçəsində yerləşən 9 saylı evə paylı mülkiyyət hüququ iddiaçılara məxsusdur və cavabdehin həmin evə qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan yaşayış sahəsində qeydiyyatda qalması iddiaçıların həmin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını pozduğundan, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, C.Axundzadə küçəsində yerləşən 9 saylı evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, C.Axundzadə küçəsində yerləşən 9 saylı evdən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, C.Axundzadə küçəsində yerləşən 9 saylı evə olan qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar