Məhkəmə qərarları › İş №2(008)-2348/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2348/2025

15.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2348/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X12 ata qrafasında X6, ana qrafasında isə X7 qeyd olunması və anadan olduğu xx.xx.1957-ci il tarixdə Ermənistan Keşişkənd rayonu Ələyəz kəndində anadan olması barədə doğum haqqında akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X24 xx.xx.1957-ci il tarixdə Ermənistan Keşişkənd rayonu Ələyəz kəndində anadan olmuşdur. Atası doğum haqqında şəhdətnaməsini itirmişdir. Doğum haqqında şəhadənaməni təkrar almaqla bağlı Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbədən doğum akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, atası X12 xx.xx.1957-ci il tarixdə Ermənistan Keşişkənd rayonu Ələyəz kəndində doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi, təvəllüdü xx.xx.1957-ci il, doğulduğu yer Ermənistan SSR Keşişkənd (Yexeqnadzor) rayonu Ələyəz kəndi, ata qrafasında X17, milliyyəti azərbaycanlı, ana qrafasında X18, milliyyəti azərbaycanlı qeyd edilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirmişdir ki, o, Ermənistan SSR Yexeqnadzor rayonunun Ələyəz kəndində doğulmuşdur. X24 ilə sinif yoldaşı olmuşlar, bir kənddə böyümüşlər. Ərizəçi İsmixanın oğludur, arvadı da Tamaradır. İsmixan 1957-ci ildə doğulmuşdur. İsmixan Yexeqnadzor rayonunun Ələyəz kəndində doğulmuşdur. Kəndin adını tez-tez dəyişirdilər. X25, anası Zəhra Cəmil qızı idi. Məhkəmə iclasında şahid X29 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşı İsmixanın oğludur. İsmixan yaşca ondan böyükdür. 7 qardaş olmuşlar. İsmixan Qərbi Azərbaycanın Ələyəz kəndində doğulmuşdur, anası X19, atası X14r, milliyyətləri azərbaycanlıdır. İsmixanın arvadının adı Tamaradır. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin 3-16-5/7-15-64/25 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüş atanız X12 xx.xx.1957-ci ildə Ermənistan Keşişkənd rayonu Ələyəz kəndində anadan olmağı və doğum akt qeydinin bərpa edilməsi haqqında müraciətinizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydiniz bərpa olunaraq, doğum haqqında arayış ilə təmin olunacaqsınız”. - AZ-İ seriyalı 432628 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İİ seriyalı 465651 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - ÖM seriyalı 166053 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsi ev 26 mənzil 33 X12 xüsusi mülkiyyətindədir. - İ-СЛ seriyalı 287112 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X8 xx.xx.1978-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada İbadova soyadı verilmişdir. X24 xx.xx.1957-ci il tarixdə Ermənistan SSR Yexeqnadzor rayonunun Ələyəz kəndində doğulmuşdur. - İ-ИЕ seriyalı 885051 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1947-ci il tarixdə doğulmuşdur, atası X10, anası X4r. - İİ-СЛ seriyalı 241143 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1979-cu il tarixdə doğulmuşdur, atası X24, anası X5r. - İİİ-СЛ seriyalı 376269 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə doğulmuşdur, atası X24, anası X5r. - AZ-İ seriyalı 484405 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X9 xx.xx.2009-cu il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada İsgəndərova soyadı verilmişdir. - X18 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2024-cü il tarixdə vəfat etmiş oğlu X11 irs qalmış mirasdan (yaşayış evi, mənzil və otaq, qeyri-yaşayış və torpaq sahələrindən, əmanətlərdən və s.) gəlini X3 xeyrinə imtina edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edildi. - İ-ЗЖ seriyalı 461602 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X29 xx.xx.1962-ci il tarixdə Ermənistan SSR Yeğeqnadzor rayonu Ələyəz kəndində doğulmuşdur, atası X26, anası X15r. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi mərhum atası X24 xx.xx.1957-ci il tarixdə Ermənistan SSR Keşişkənd (Yexeqnadzor) rayonunun Ələyəz kəndində doğulmuşdur, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Ərizəçinin atasının doğum haqqında şəhadətnaməsi itdiyindən və doğum akt qeydi Ermənistan Respublikasının müvafiq qeydiyyat orqanında qeydə alındığından, həmin akt qeydinin əldə edilərək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi qeyri-mümkündür. Ərizəçinin müraciəti Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X12 təvəllüdü xx.xx.1957-ci il, doğulduğu yer Ermənistan SSR Keşişkənd (Yexeqnadzor) rayonunun Ələyəz kəndi, ata qrafasında X17, milliyyəti azərbaycanlı, ana qrafasında X18, milliyyəti azərbaycanlı qeyd edilməklə, doğum akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X12 xx.xx.1957-ci il tarixdə Ermənistan SSR Keşişkənd (Yexeqnadzor) rayonunun Ələyəz kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Təvəllüdü xx.xx.1957-ci il, doğulduğu yer Ermənistan SSR Keşişkənd (Yexeqnadzor) rayonunun Ələyəz kəndi, ata qrafasında X17, milliyyəti azərbaycanlı, ana qrafasında X18, milliyyəti azərbaycanlı qeyd edilməklə X12 doğum haqqında akt qeydi bərpa edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar