Məhkəmə qərarları › İş №2(008)-2365/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2365/2022

12.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2365/2022 12.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı iddia ərizəsi və tələbin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 17.08.2005-ci il təvəllüdlü X3 və 25.03.2009cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində alimentin, 17.08.2005-ci il təvəllüdlü X1 ağır xəstəliyini nəzərə alaraq onun müalicəsi üçün hər ay 150 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin 2004-cü ildə nikaha girmiş, nikahdan iki uşaqları doğulmuşdur. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşaqlar analarının yanında qalmış və hər uşağa görə 117 manat məbləğində aliment tutulmuşdur. Lakin həmin aliment heç bir tələbatın ödənilməsinə yetmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat veroərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək neyd etdi ki, o, özü xəstədir, ağır işlərdə işləyə bilmir, əmək haqqısı 414 manatdır, ikinci ailəsi və yşağı var. İddianını rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin aralarındakı nikah 18.11.2014-cü il tarixdə ləğv edilmişdir (nikahın pozulması haqqında AZ-J seriyalı 201721 №-li şahədatnamə). İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış iki uşağı var: 17.08.2005-ci il təvəllüdlü X3 oğlu; 25.03.2009-cu il təvəllüdlü X5 (Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 770246 və AZ-İİ seriyalı 437178 №-li doğum haqqında haqqında şəhadətnamələr). Sabunçu rayon Məhkəməsinin 10.12.2015-ci il tarixli qətnaməsi ilə alimentin məbləği hər yşaq üçün 117 manatadək artırılmışdır. Hazırda iddiaçı alimentin miqdarını 136,60 manatdan 193 manata artırılmasını istəyir. X3 uşaq serebral ifliçi, sol tərəfli hemiporez xəstəlyindən əziyyət çəkir (tibbi sənədlər). Cavabdeh mebellərin emalı və təmiri sexində mebel ustası vəzifəsindən işləyir, əmək haqqı 414 manatdır. Cavabdeh lumbar spondiloz, lordozda düzləşmə xəstəliyindən mütəmadi müalicə alır. Cavabdeh ikiknci dəfə nikahı girib və 01.04.2014-cü il təvəllüdlü qızı var. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 23.12.2021-ci il tarixdə qəbul edilmiş və 01.01.2022-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər, 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Lakin, məhkəmə hesab edir ki, cavabdeh sağlam olmadığından, başqa nikahdan bir uşağı olduğundan, əmək haqqı 414 manat olduğundan iddia qismən təmin edilməklə 17.08.2005-ci il təvəllüdlü X3 və 25.03.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün150 manat sabit pul məbləğində aliment, 17.08.2005-ci il təvəllüdlü X1 ağır xəstəliyini nəzərə alaraq onun müalicəsi üçün hər ay 30 manat pul tutulmalıdır. Belə ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırki iddianın qiyməti 756 manat təşkil edir ( 150 – 117 + 30 = 63 man x 12 ay = 756 man). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 17.08.2005-ci il təvəllüdlü X3 və 25.03.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment, 17.08.2005-ci il təvəllüdlü X1 ağır xəstəliyini nəzərə alaraq onun müalicəsi üçün hər ay 30 manat pul tutulsun. İddia qalan hissədə rədd edilsin. 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar