Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2375/2022 16.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi X5 və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predment barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi olmaqla "torpaq sahəsinin boşaldılması, daş hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mübahisə predment barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi olmaqla "torpaq sahəsinin boşaldılması, daş hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 bağ sahəsi, 359A saylı bağ sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin bir hissəsinin boşaldılması, cavabdeh tərəfindən tikilmiş daş hasarın sökülməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və vəkil xidmətinin göstərilməsi üçün 200 manat ödənilmiş xidmət haqqının cavahdeh Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixində dəyərini ödəməklə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 bağ sahəsi, 359A saylı bağ evi almışdır. Bağ sahəsi 400 kv.metr təşkil edir. Bağ evinin arxa hissəsi cavabdeh tərəfindən hasarlanmış və fərdi yaşayış evi tikilərək istifadə edilməkdədir. Cavabdehlə bir sıra danışıqlar aparılmışdır ki, bu məsələni öz razılığı ilə həll edsin, ancaq buna cavabdeh razı olmamışdır. O, hətta ona təklif etmişdir ki, zəbt etdiyi eni 4 metr uzunu 22 metr olan hissəyə düşən evi sökməsin evin divarından hasar çəkməyinə icazə versin və bütün xərcləridə öz götürməyini bildirmişdir. Cavabdeh tərəf onun təklifilə razılaşmamışdır. Ona məxsus olan torpaq sahəsinin ölçüləri texniki pasportda öz əksini tapmışdır, və orada açıq aydın ona məxsus olan bağ sahəsinin sərhədləri müəyyən edilmişdir. Onun heç kimdən artıq nəsə tələb etmək kimi niyyəti yoxdur, sadəcə olaraq ona məxsus olan mülkiyyətində olan torpaq sahəsinin ona geri qaytarılmasını istəyir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh nümayəndəsi X7 iddianı qəbul etməyərək iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək izahatında bildirdi ki, cavabdeh heç kimin, o cümlədən iddiaçının bağ sahəsini zəbt etməyib, onun bağ sahəsinə müdaxilə edən hər hansı daş hasar tikməyibdir. İddiaçı iddia tələbində nə qədər sahəni cavabdehdən tələb etdiyini göstərməməklə yanaşı, hansı əsaslarla cavabdehin onun bağ sahəsini zəbt etməsini iddia etməsi və torpaq sahəsinin boşaldılmasını tələb etməsi məlum deyil. Cavabdeh ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 bağ sahəsi, 359 Q saylı bağ sahəsini 28 iyun 2020-ci il tarixdə, ölçüsü 0,02 ha olaraq əldə etmişdir, torpaq sahəsinin hazırda faktiki olaraq ölçüsü həmin sahədən hətta bir qədər də azdır. Daşınmaz əmlakın alqısatqısı haqqında AN-1 № ******* saylı, 28 iyun 2020-ci il tarixli müqavilədən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında 16 iyul 2020-ci il tarixli elektron çıxarışından da məlum olur ki, cavabdehə məxsus olan bağ sahəsinin ölçüsü 0,02 ha təşkil edir. Azərbaycan Respublikası DƏDRX -nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 15 iyul 2020-ci il tarixli, AA № 522666 saylı torpaq sahəsinin plan və ölçüsündən də qeyd olunur ki, cavabdehə məxsus torpaq sahəsinin həm sənəd üzrə, həm də faktiki olaraq sahəsi 0,02 ha-dan ibarətdir. Mübahisə predmeti olan, iddiaçı ilə cavabdehin bağ sahələrini ayıran daş hasar cavabdeh öz bağ sahəsini əldə edən tarixədək inşa edilib, cavabdeh bağ sahəsinin yalnız digər hissəllərini əhatə edən daş hasar tikibdir. Göründüyü kimi iddiaçının sökülməsini tələb etdiyi daş hasar cavabdeh tərəfindən tikilməyib, onun torpaq sahəsinə sahiblik etməyə başladığı vaxtadək bağ sahələrinin əvvəlki sahibləri tərəfindən tikilib. Cavabdehdən təxminən 10 ay sonra iddiaçı qonşuluqdakı, daş hasarın digər tərəfində yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 bağ sahəsi, 359 A saylı bağ sahəsi əldə edərkən qeyd edilən daş hasarın artıq mövcud olduğu ona məlum olub və iddiaçı öz bağ sahəsini həmin hasarın hüdudlarında sahibliyinə qəbul edib. Göründüyü kimi daş hasar nəinki iddiaçının torpağa sahibliyi etdiyi vaxtdan hətta ondan bir neçə ay əvvəl cavabdehə məxsus torpaq sahəsi əldə edilən zaman da artıq mövcud olubdur. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi 24 mart 2021-ci il tarixli. AN-İ № ******* saylı, daşınmaz əmlakın alqı-satqı müqaviləsindən və DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında 01 aprel 2021 -ci il tarixli elektron Çıxarışdan görünür ki, iddiaçının 0,04 ha torpaq sahəsi əldə edibdir. Qeyd edilməlidir ki, hazırda da iddiaçının bağ sahəsi faktiki olaraq 0,04 ha təşkil edir, bu xüsusat məhkəmə tərəfindən araşdırıldıqda da məlum olacaqdır. İddiaçı bağ sahəsini əldə edərkən onun sahəsi ilə cavabdehin sahəsi arasında hasarın mövcud olduğunu, iddiaçının sənəd əsasında və faktiki olaraq da 0,04 ha torpaq sahəsinə malik olduğu halda, iddiaçının hansı əsasla cavabdeh tərəfindən onun bağ sahəsinin zəbt etdiyini iddia etməsi müəammalıdır. Nəzərə alınmalıdır ki, həm iddiaçı, həm də cavabdehə bağ sahələri üzərində mülkiyyət hüququ verən sənədlər eyni dövlət orqanı tərəlindən təqdim edilmiş, eyni hüquqi qüvvəyə malik sənədlərdir. Bundan başqa iddiaçı tərəf məhkəmə qərarının nəticəsini gözləmədən, qanunsuz olaraq, mübahisə predmeti olan daş hasarın bir hissəsini sökmüş, cavabdehin bağ sahəsinə faktiki olaraq müdaxilə etmiş, yalnız cavabdeh tərəfin etirazından, şikayətindən sonra iddiaçı tərəf hasarın sökülməsini dayandırmışdır. Həmçinin, yuxarıda da qeyd etdiyi kimi cavabdehin bağ sahəsinin ölçüsü 0.02 ha-dan azdır. Cavabdeh bağ sahəsinin digər hüdudlarında hasar inşa edərkən, ətrafdakı qonşuların onların avtomobillərin rahat hərəkət etməsi üçün hasarın cavabdehin bağ sahəsinin daha da içərisinə doğru tikilməsi xahişini nəzərə aldıqlarından, bağ sahəsinin təxminən 10 kv metrə yaxın ərazisi hasarın xaricində qalıbdır. Cavabdehin həyat yoldaşı Laçın rayonundan məcburi köçkündür, himayələrin iki azyaşlı uşaqları var. Bağ sahəsində ev tikməklə şəxsi evə sahib olmaq istəyirlər, lakin, iddiaçının əsassız olaraq torpaq sahəsi tələb etməsi cavabdeh tərəfin istifadəsində olan torpaq sahəsinin azalmasına, yaşayış üçün əlverişsiz yer olmasına səbəb ola bilər. Ona görə də məhkəmədən iddaçı İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 bağ sahəsi, 359 A saylı bağ sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin bir hissəsinin boşaldılması, cavabdeh tərəfindən tikilmiş daş hasarın sökülməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və vəkil xidmətinin göstərilməsi üçün 200 manat ödənilmiş xidmət haqqının Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil1 cavabdehin nümayəndəsi X5 izahatını təsdiq edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş, mübahisə predment barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mübahisə predment barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 359 A ünvanında yerləşən ümumi sahəsi 51.47 kv/m olan bağ evinin və ümumi sahəsi 0.04 ha olan torpaq sahasini X2 xx.xx.2021-ci il tarixdə 30000 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 0.04 ha torpaq ölçüsündə olan 359 A ünvanında yerləşən ümumi sahəsi 51.47 kv/m olan bağ evinin və ümumi sahəsi 0.04 ha olan torpaq sahasini mülkiyyətçisi xx.xx.2021-ci il tarixdən İddiaçıdır. İş materiallarında olan AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsinin X4 xx.xx.2020-ci il tarixdə almışdır İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsinin mülkiyyətçisi xx.xx.2020-ci il tarixdən Cavabdehdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4283 saylı ekspert rəyindən görünür ki, iddiaçı X3 və Cavabdeh istifadəsində olan ünvan 2 bağ sahəsinin sərhədləri müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan ünvan 3 bağ sahəsinin xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Texniki pasportunda qeyd edilən yaşayış evinin arxa hissəsində yerləşən təqribən 50 kv.m torpaq sahəsinin faktiki olaraq cavabdehin istifadəsində olduğu müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə araşdırılması zamanı məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0.04 hektar olan torpaq sahəsinin 50 kv.m olan hissəsi faktiki olaraq Cavabdeh istifadəsində olmaqla, cavabdehə məxsus olan torpaq sahəsini ilə birlikdə hasarlanmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 3 bağ sahəsinin xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Texniki pasportunda qeyd olunan yaşayış evinin arxa hissəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 50 kv.m olan hissəsi boşaldılaraq iddiaçının qanunu istifadəsinə qaytarılmalı və cavabdeh tərəfindən zəbt edilmiş həmin hissədə tikilmiş daş hasar cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, ekspertiza xərcinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh oğlundan tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə iddiaçı vəkil xərci olaraq 200 (iki yüz) manat pul vəsaitinin tutulmasını tələb etsədə, vəkilə ödənilmiş xərcin məbləğinə dair sənədi məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia həmin hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Nəhayət, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 3 bağ sahəsinin xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Texniki pasportunda qeyd olunan yaşayış evinin arxa hissəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 50 kv.m olan hissəsi boşaldılaraq iddiaçının qanunu istifadəsinə qaytarılsın və cavabdeh tərəfindən zəbt edilmiş həmin hissədə tikilmiş daş hasar cavabdehin hesabına sökülsün. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. 100 manat ekspertiza xərci cavabdehdən tutularaq dövlət hesabına (X1, kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2375/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2375/2022
16.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver