Məhkəmə qərarları › İş №2(008)-2386/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2386/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2386/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1484.45 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri,Sabunçu rayonu, Ax.X6 küçəsi ünvanında yerləşən ünvan faktiki olaraq onun istifadəsində və sahibliyindədir. O, həmin evdə ailə üzvlərilə birlikdə yaşayır. O, yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmayıb. Belə bir hal heç vaxt baş verməyib. Cavabdeh əməkdaşları tərəfindən faktiki olaraq onun sahibliyində və istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ax.X6 küçəsi ünvanında yerləşən mənzildə məişət qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib olunmuşdur, məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın çıxış plasmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Ona görə də təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Yoxlamanın nəticəsi ilə razı deyil. Sayğac yararsız hesab edilə bilər, lakin sayğacın çıxış plasmas borusu deşilməsi mümkün deyil. Bəlkə, elə Cavabdeh İB- nin əməkdaşları sayğacı çıxaran zaman, ya da ki, sonradan həmin qüsurlar meydana gəlmişdir. Çünki həmin qüsurlar əvvəldən mövcud olsa idi, mütəmadi sayğaclara baxış keçirən idarə əməkdaşları bunu aşkar edər və bununla bağlı akt tərtib edərdilər, yada ki, sayğacı çıxararkən bu barədə tərtib etdikləri aktda həmin qüsurlar göstərilərdi. Daha sonra “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Odur ki, dövlət yoxlamasını həyata keçirən şəxslər bunu qərəzli şəkildə aparmış və bilərəkdən yanlış səbəblər göstərmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı təbii qazdan qanunsuz istifadə etməsi ilə bağlı 03/2019-cu il tarixində akt tərtib edilmişdir. Akt tərtib edildiyi tarixdə və tarixdən öncə iddiaçı smart qaz sayğacı istifadəçisi idi. 03/2019-cu il tarixdə iddiaçının barəsində akt tərtib edilməzdən öncə, 01/2017-ci il tarixində 30 manat ödəniş etmiş və 2017-ci il tarixində başqa ödənişlər etməmiş; 2018-ci il tarixində ümumiyyətlə ödənişlər etməmiş; 2019-cu ilin yanvar, fevral, mart ayları ərzində isə ümumilikdə 22 manat (8+3+11) ödənişlər etmişdir. Smart qaz sayğacının saldosundan müəyyən olunanlar onu deməyə əsas verir ki, iddiaçı şəxs həqiqətən smart qaz sayğacından kənar, yəni ki təbii qazdan qanunsuz istifadə etmişdir. Belə ki, İddiaçı təbii qazdan qanunsuz istifadə etməsi Cavabdeh İB əməkdaşları tərəfindən müəyyən olunduqdan yalnız sonra isə, o, 04/2019-cu il tarixində 58 manat, 05/2019-cu il tarixində 21 manat, yay fəslindən sonrakı dövrdə isə 11/2019-cu il tarixində 56 manat, 12/2019-cu il tarixində 69 manat, 01/2020-ci il tarixində 82 manat, 02/2020-ci il tarixində 72 manat, 03/2020-ci il tarixində 68 manat və s. yüksək məbləğlərdə ödəniş etmişdir. Müəyyən olunanlardan onu düşünmək olur ki, İddiaçı Azəriqaz İB-yə qarşı qaldırdığı iddia tələbi əsassız və təmin olunmamalıdır. Belə ki, 03/2019-cu il tarixində öncə iddiaçı şəxs tərəfindən aparılan ödənişlər 03/2019-cu il tarixindən sonra aparılan ödənişlərlə müqaisəli təhlil edildiyində müəyyən olunur ki, iddiaçı şəxsin qaz xəttinə qanunsuz qoşulması əməli aradan qaldırıldıqdan sonra, o, smart qaz sayğacı üzrə gündəlik tələbatına uyğun olaraq smart qaz sayğacı üzrə istifadə etmiş və barəsində akt tərtib edildiyi tarixdən sonra yüksək məbləğlərdə ödənişlər etmişdir. Halbuki, iddiaçı barəsində akt tərtib edilənə qədər o son 3 ildə cəmi 62 manat (2017-ci ildə 30 manat, 2018-ci ildə ödəniş etməmiş, 2019-cu ilin ilk 3 ayında 22 manat) ödəniş etmişdir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli istehlakçının qaz təsərrüfatının inventar aktın surətindən görünür ki, mənzilə baxış keçirilmiş baxış zamanı məlum olmuşdur ki, ünvana yazılan dəymiş ziyan aktı ona aid deyil. Ünvana yazılan akt X3 məxsus sayğaca köçürülməsi xahiş olunur. **********10010 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2022-ci ilin mart ayı üçün 1484.45 manat məbləğində borcu mövcuddur. Qeyd edilən borc məbləğinin 972 manat olan hissəsi 2019-cu ilin mart ayında qalıq və aktlar üzrə hesablanmış, 512.45 manat hissəsi isə 2020-ci ildən 2022-ci ilin mart ayınadək yaranmış sərfiyyat borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə mülki işin matriallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən qalıq aktlar üzrə yazılmış borc məbləği hissəsində təmin edilməli, qalan hissələrdə isə rədd edilməlidir. Belə ki. mülki işin matriallarına əlavə edilmiş saldodan görünür ki, 2019-cu ilin marat ayında iddiaçıya qalıq və aktlar üzrə borc yazılmışdır. Qeyd edilən aktın hansı əsaslarla tərtib edilməsi müəyyən etmək üçün məhkəmə tərəfindən Azəriqaz İB-nə xx.xx.2022-ci il tarixdə sorğu verilmiş, lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən sorğuya cavab məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə tərəfindən iddiaçıya qalıq və aktlar üzrə yazılmış borcun əsaslı olub olmaması cavabdehin təqsiri üzündən müəyyən etmək mükün olmadığından, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya 2019-cu ilin mart ayında qalıq və aktlar üzrə yazılmış 972 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nın 78.2-cü maddəsinə əsasən İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Azərbaycan Respublikası MPM-nın 78.2-cü maddəsinə əsasən sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. Bundan sonra məhkəmə iddia tələbinin yerdə qalan iddiaçıya 512.45 manat borcun silinməsinə münasibət bildirərək qeyd edir ki, iddiaçıya məxsus saldodan müəyyən edilir ki, qeyd edilən borc qazdan istifadə nəticəsində yaranmış olduğundan iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Abonentin kodu **********10010 olan İddiaçı qarlıq və aktlarn üzrə 2019-cu ilin mart ayında hesablanmış 972 (dörd yüz yetmiş iki) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar