Məhkəmə qərarları › İş №2(008)-2413/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2413/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2413/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş zərər kimi müəyyən olunan 777,60 manat borcun silinməsi və həmin borca görə tutulan pulların hesablanaraq qaytarılması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş zərər kimi müəyyən olunan 777,60 manat borcun silinməsi və həmin borca görə tutulan pulların hesablanaraq qaytarılması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü ildə "Azəriqaz" İBnin nümayəndələri tərəfindən ona məxsus evin qaz sayğacına onun iştirakı olmadan baxış keçirilmiş, nəticədə cavabdehin əməkdaşları tərəfindən sayğacın membranının kənar təsir nəticəsində sınması əsası ilə akt tərtib olunmuşdur. Həmin akt əsasında **********10005 nömrəli hesab koduna əsassız olaraq 777,60 manat məbləğində maddi ziyan hesablanmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, sayğacın xarab olması barədə 2023-cü ilin yanvar və aprel aylarında cavabdehə müraciət etmiş, xx.xx.2023-cü ildə köhnə sayğac dəyişdirilmiş və məhz bundan sonra borc yazılmışdır. Karta pul yüklədiyində ödədiyi məbləğin 50 %-i borca tutulur. "Azəriqaz" İB qazdan istifadəyə görə 777,60 manat borcu olduğunu bildirmiş, pulun bir hissəsi ondan tutulmuş və hal-hazırda 690 manat hissəsi qalmışdır. Lakin o, sayğaca müdaxilə etməmişdir. Cavabdehin nümayəndəsi X3 isə iddianı etiraf etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən sayğaca müdaxilə olunduğuna görə akt tərtib edilmiş və 777,60 manat məbləğində borc hesablanmışdır. Məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Nizami küçəsində yerləşən fərdi evdə yaşayır. Həmin evə **********10005 abonent kodu verilmişdir. Cavabdeh işçiləri tərəfindən İddiaçı barəsində xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" tərtib edilmiş, həmin akta əsasən 777,60 manat borc hesablanmışdır. Akt İddiaçı tərəfindən imzalanmamış, hətta aktda onun aktı imzalamaqdan imtina etməsi də yazılmamışdır. İddiaçı adına olan Abonentin saldosuna 2023-cü ilin oktyabr ayında cavabdeh tərəfindən 6480 kub.m qaz sərfiyyatı və bunun üçün 777,60 manat borc daxil edilmişdir. İddiaçının karta hər dəfə ödədiyi pulun 50 %-i həmin borca görə tutulur. İşdə olan, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, istehlakçı İddiaçı (abonentin kodu: **********10005) məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, **********5 nömrəli sayğacın membranı kənar təsir nəticəsində sınmışdır. İşdə olan, İddiaçı adına olan "Abonentin saldosu"ndan görünür ki, onun akt üzrə 2023-cü ilin oktyabr ayına 6480 kub.m qaza görə borcu 777,60 manat təşkil edir. İşdə olan, iddiaçı tərəfindən təqdim olunan fotoşəkildən görünür ki, İddiaçı adına olan **********10005 nömrəli abonent kodu üzrə borcu 681,10 manat təşkil edir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı hissəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın tələbinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3-cü bənd). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4-cü bənd). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1ci bənd). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5, 6.6 və 6.7-ci bəndləri). Həmin Qaydaların 4.8-ci bəndində deyilir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşdən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 777,60 manat borcun hesablanmasına əsas verən xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"da sayğacın membranının kənar təsir nəticəsində sınması göstərilmiş, İddiaçı qazdan istifadə ilə bağlı hər hansı pozuntuya yol verməsi qeyd olunmamışdır. Təqdim olunmuş sübutlar iddiaçının istifadəsində olan qaz sayğacına müdaxilə olunmasını təsdiq etmək üçün əsas vermir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, "Qazdan istifadə Qaydaları"nın tələbinə uyğun olaraq, qaz paylayıcısı qazın verilməsinin dayandırılmasını və bərpa edilməsini istehlakçının iştirakı ilə həyata keçirməli olduğu və aktın bir nüsxəsini istehlakçıya təqdim etməli olduğu halda, bunu etməmiş və aktı iddiaçının iştirakı olmadan tərtib etmişdir. Sadalanan hallara görə məhkəmə bu qənaətə gəldi ki, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" əsasında iddiaçıya 777,60 manat borcun hesablanması qanunsuz olmuşdur. Ona görə də iddia təmin edilərək həmin borc silinməlidir. Məhkəmə iddia tələbinin "borca görə tutulan pulların hesablanaraq qaytarılması" hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin birinci cümləsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, cavabdeh iddiaçıya hesabladığı borcu onun razılığı olmadan ondan tutmağa başlamışdır. İddiaçı hər dəfə karta pul ödədiyi zaman ödənilən məbləğin yalnız yarısı karta yüklənmiş, yarısı isə avtomatik olaraq borca silinmişdir. İddiaçının izahatına görə, bu üsulla borcun 100 manat hissəsi tutulmuş və hər dəfə karta ödəniş edildiyi zaman tutulma davam edir. Məhkəmə hesab edir ki, iddiaçıya qanunsuz hesablanmış borcun ondan tutulması cavabdehin əsassız varlanmasına səbəb olmuşdur, bu səbəbdən də iddiaçı ondan tutulmuş məbləğin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı adına Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Nizami küçəsində yerləşən fərdi evinin hesab koduna hesablanmış 777,60 manat məbləğində borc silinsin və həmin borca görə İddiaçıdan tutulmuş pul Cavabdehndən alınaraq iddiaçıya qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar