Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-245/2022 16.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh2 qarşı müvafiq kompensasiya ödənilməsi yolu ilə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 7A saylı evin 6 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 4000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 7A saylı evin 6 saylı mənzili (sonradan – mübahisəli mənzil) iddiaçının mülkiyyətindədir. Cavabdehlər iddiaçının uşaqlarıdır. Hamısı ailə qurub köçüb. Arvadı 1976-cı ildə ölüb. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəmədə iddia qaldırıldıqdan sonra qızı Elnarə mübahisəli evə qayıtmış, iddiaçıya və onun yeni ailəsinə problemlər yaratmışdır. Onun ailəsi dağıldıqdan sonra o, Rusiyaya qardaşlarının yanına köçmüşdür. 3 aydır ki, zorla iddiaçının evinə girib. Ona 4000 manat məbləğində kompensasiya verməklə istifadə hüququna xitam verilməsini istəyir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 iddia ərizəsində qeyd olunan ünvana məktub göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulan qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdilər. Tərəflərin izahatlarından onların Rusiya Federasiyasında yaşadıqları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adları çəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, onun mülkiyyətində olan ev bir otaqlı evdir. Uşaqları uzun illərdir ki həmin evdə yaşamırlar. Elnarə də iki dəfə ailə qurmuş və həmin evdən çıxmışdır. Sonuncu dəfə boşanandan sonra zorla gəlib evə girmiş, onun və onun ailəsinin rahatçılığını pozur. Onun arvadı və bir azyaşlı oğlu var. Elnarə onun arvadını döyür, tez-tez evdə söz-söhbət salır. Birlikdə yaşamaqları mümkün deyil. Odur ki, 4000 manat məbləğində kompensasiya verməklə onun istifadə hüququna xitam verilməsini istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahat verərək qeyd eti ki, tərəflərin münasibətləri 2000-ci ilə qədər yarandığı üçün 1964-cı ildə qəbul edilmiş Mülki Məcəllənin təsiri altına düşür. O zaman qüvvədən olan Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən bütün cavabdehlər mübahisəli mənzilə hüquqlarını itirmişdilər. Hesab edir ki, Elnarəyə də kompensasiya verilməməlildir. Lakin, nə qədər ki, atası kompensasiya vermək istəyir, xahiş edir iddiaları təmin edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək qeyd etdi ki, iddiaçı və onun ailəsi onu yola vermirlər, onun üçün mənzilin alındığı halda mübahisəli mənzildən köçməyə razı olduğunu bildirdi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etmədi və rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). Tərəflər bir ailənin üzvləridir – iddiaçı cavabdehləri natalarıdır. Mübahisəli mənzil iddiaçının mülkiyyətində olmaqla 07.01.1998-ci il tarixdə daşınmaz əmlakın reyestr kitabında qeydə alınmışdır (Bakı şəhəri İcra Hakmimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 155433 №-li Qeydiyyat vəsiqəsi). Həmin mənzil paylı mülkiyyətdədir, mənzilin bir otağı iddiaçının mülkiyyətindədir. İdldiaçı həmin mənzildə keçmiş arvadı İsmayılova Zərifə ilə 1981-ci ildən, cavabdehlər Ramil 1995-ci, Xuraman 1996-cı, Sərdar 1990-cı, Elnarə 1983-cü ildən qeydiyyatdadılar. İsmayılova Zərifə 13.04.2010-cu il tarixdə ölmüşdür (399819 №-li ölüm haqqında şəhadətnamə). Sabunçu rayon Mənzi-Kommunal Təsərrüfatı Birliyi 69 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfilən verilmiş 05.05.2021-ci il tarixli, 22 №-li arayışa əsasən cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da həmin mənzildə yaşamırlar. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 Rusiya Federasiyasında yaşayırlar, bu işin mübahisəsiz halıdır, bu hal eyni zamanda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 06.07.2021-ci il tarixli, 33/2290 №-li məktubdan da görünür. Cavabdeh3 ailə qurmaqla başqa evdə yaşayır, bu halda mübahisəsiz haldır. Cavabdeh2 iki dəfə ailə qurmuş, mübahiəsəli mənzildən köçmüş, müəyyən bir vaxt Rusiyada yaşamış, hazırda nikahı pozulmuş və mübahisəli mənzildə iddiaçı, onun arvadı və azyaşlı oğlu ilə yaşayır. Ailədə Cavabdeh2 ilə iddiaçının və onun arvadı arasında münaqişələr baş verir, bu hal tərəflərin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi barədə 02.09.2021ci il tarixli qərarla təsdiqlənir. Mübahisəli mənzilə baxış keçirilməklə həmin ərazidə və oxşar şəraitdə olan mənzillərin aylıq kirayə haqqı barədə məlumatın alınması üçün məhkəmə tərəfindən «Legal Prime» şirkətinə sorğu göndərilmişdir. «Legal Prime» şirkəti məhkəməyə təqdim edilmiş 25.10.2021-ci il tarixli, LP- 189/21 №-li mütəxəssis rəyinə əsasən mübahisəli mənzilin yerləşdiyi ərazidə oxşar şəraitdə olan mənzillərin aylıq kirayə qiyməti 150 -170 manat təşkil edir. Hazırda iddiaçı Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 isə 4000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycn Respublikası Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin (həmin zaman qüvvədə olan Mənzil Məcəlləsi nəzərdə tutulu) qaydalarına uyğun həll edilməlidir. Qeyd edildiyi kimi, cavabdehlər hamısı mübahisəli mənzilə 2000-ci ilə qədər düşmüşdülər. Mənzil Məcəlləsinin 123-cü maddəsin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə müxsüs olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə hüququna malikdirlər. Həmin Məccəllənin 60-cı maddəsinə əsasən icarədar və onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Qeyd edildiyi kimi, cavabdehlər hamısı altı aydan çox müddətə mübahisəli mənzili tərk etmişdilər, onlardan Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 başqa yerdə yaşayırlar. Lakin Cavabdeh2 müəyyən bir vaxt başqa yerlərdə yaşamış olsa da, hazırda mübahisəli mənzilə qayıtmışdır və orada yaşayır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 mübahisəli mənzilə istifadə hüquqlarını itirmişdilər. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh2 kompensasiya verilməklə istifadə hüququna xitam verilmədilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Kompensasiyanın məbləğinə gəldikdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «F.Ağalarovun işi üzrə» Konstitusiya Məhkəməsinin Plenumunun 26.09.2007-ci il tarixli Qərarında qeyd edilir ki, «kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirməsini nəzərədə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəratilə oxşar yaşamaq imkanı versin». Qeyd edildiy kimi, mübahisəli mənzil paylı mülkiyyətdə olmaqa bir otaqdan ibarətdir, iddiaçı həmin mənzildə arvadı və azyaşlı uşağı ilə birlikdə yaşayır. Məhkəmə hesab edir ki, 4000 manat məbləğində kompensasiya müəyyən bir zaman içində Cavabdeh2 başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə oxşar yaşamaq imkanı verir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh2 4000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməli və mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 7A saylı evin 6 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin, Cavabdeh2 4000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilsin və mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-245/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-245/2022
16.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver