Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2452/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndəin, Cavabdeh2 Böyükişi oğlunun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh2 Böyükişi oğlu, CabbarovYaşar Ülvi oğluna qarşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 15 saylı Notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə müqavilənin etibarsız hesab edilməsi və digər tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 Böyükişi oğlu, CabbarovYaşar Ülvi oğluna qarşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 15 saylı Notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 15 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanılmış AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qismən, yəni alıcı Cavabdeh2 aid hissəsində etibarsız hesab edilməsi, həmin müqavilə üzrə Cavabdeh2 adına aparılmış hüquqi nəticələrinin ləğv edilməsi, qeyd olunan müqavilənin alıcı qismində iddiaçı ilə bağlanılmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, ümumi sahəsi 25 sot olan 24/47 №-li bağ sahəsi faktiki olaraq bütünlükdə ona məxsusdur. Sənəd üzrə isə həmin torpağın 0,10 ha hissəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmışdır. Belə ki, qeyd olunan bağın 0,08 ha hissəsi keçmiş mülkiyyətçi olan Cavabdeh1 mülkiyyətində olmuş, rəsmiyyətdə həmin şəxslə alıcı Cavabdeh2 arasında xx.xx.2022-ci ildə bağlanılmış AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi 50000 manat ödənilməklə Cavabdeh2 satılmışdır. Hesab edir ki, həmin müqavilə hissəvi etibarsız hesab edilməklə iddiaçı ilə bağlanılmış hesab edilməlidir. Belə ki, 0,08 ha torpaq sahəsinin dəyərini təşkil edən 50000 manat iddiaçı tərəfindən faktiki olaraq bank vasitəsilə satıcı Cavabdeh1 ödənilmiş, lakin yaxın dostu Namiq adlı şəxsin alıcı qismində iştirak etmiş Cavabdeh2 17000 manat borcu olmasına görə, dostunun təklifi əsasında sənədləşmə İlhamın adına təminat kimi bağlanılmışdır. Bu halı məhkəmə araşdırmasında Cavabdeh2 ilə ortaq tanışları Namiq və müqavilə üzrə tərəflərin özləri də təsdiq edə bilərlər. Müqavilə bağlanandan bir müddət keçsə də, Namiq Cavabdeh2 olan 17000 manat borcunu ödəməmiş, sonuncu isə torpaq sahəsinə çıxarış aldıqdan sonra iddiaçıya qarşı Xəzər rayon Məhkəməsində torpaq sahəsinin naturada bölünməsi barədə iddia şaldırmışdır. İddiaçı dəfələrlə dostu X4 borcunu bağlamasını, sonuncunun da qeyd olunan torpaq sahəsini iddiaçının adınaa qaytarmasını tələb etsə də, Namiq qeyd olunan borcunu ödəməyə maddi imkanının olmadığını bildirmiş, müxtəlif vədlər vermişdir. Cavabdeh2 da bu tərəfdən özünə çıxarış alandan sonra məhkəmədə iddia qaldırması onu sübut edir ki ,bu şəxslər birləşib torpaq sahəsini əlindən almaq istəyirlər. Bu deyilənləri təsdiq edəcək kifayət qədər sübutları var. Eləcə də cavabdehlərin özləri də yəqin ki bu halı məhkəmə etiraf edərlər. Cavabdeh2 Böyükişi oğlunun nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0.25 ha ərazisi olan 24/47 №-li bağ sahəsi üzərində mülkiyyət hüququ 0.08 hissədə ona, 0.10 hissədə İddiaçı və 0.07 ha hissədə X1 məxsusdur. Cavabdeh həmin torpaq sahəsini 06 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 50000 manat ödəniş etməklə Cavabdeh1 almışdır. İddiaçının iddia ərizəsində qeyd etdikləri mülahizələrdən ibarətdir və naturada bölgü ilə əlaqədar narazılığı olduğu üçün və bununla bağlı Xəzər rayon məhkəməsində olan naturada bölgü ilə bağlı mübahisəni uzatmaq niyyəti ilə hal-hazırki iddianı vermişdir. Belə ki, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cii il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək torpaq sahəsinin naturada bölünməsi qət edilmişdir. İşin hallarındanda göründüyü kimi cavabdeh mübahisəli torpaq sahəsi ilə bağlı notariat kontorunda ödəniş etməklə alqı-satqı müqaviləsi bağladığından, həmçinin mülkiyyət hüquqlarının qeydiyyatı barədə qüvvədə olan çıxarışın mövcudluğu səbəbindən, mülkiyyət hüququnun qanuniliyinə şübhə ilə yanaşıla bilməzdi. Tərəflər arasında bağlanmış əqd (alqı-satqı müqaviləsi) qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış və mülki qanunvericiliyin əqdlərin etibarsızlığı və ya ləğvi ilə bağlı nəzərdə tutulan hər hansı maddi hüquq normasının pozulmasına yol verilməmişdir. Bundan başqa, İddiaçı bu müqavilə bağlandığı andan cavabdehin mülkiyyət hüququnu tanımış və bir ildən artıq müddətdə bunu mübahisələndirməmişdir. Belə ki, əksinə olaraq digər mülkiyyətçini və onu dəfələrlə aldadaraq torpağın naturada bölgüsü ilə könüllü razılıq verəcəyi vədini versə də, könüllü razılıq vermək üçün gəlməmiş, hətta Xəzər rayon məhkəməsinin icraatında olan naturada bölgü ilə bağlı mülki iş üzrə dəfələrlə guya məhkəmə prosesində iştirak edəcəyini bildirərək məhkəmə prosesini təxirə saldırmağa cəhd etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələlərinə baxmayaraq Cavabdeh1, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adları çəkilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Böyükişi oğlunun nümayəndəsi (vəkili) Vəkil etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,25 ha olan 24/47 №-li bağ sahəsi İddiaçı (0,1 ha), X3 (0,07 ha), Cavabdeh2 Böyükişi oğlunun (0,08 ha) paylı mülkiyyətlərindədir (daşınmaz əmlakın reyestr nömrəsi **********08, A seriyalı 708404 №-li torpaq sahəsinin plan və ölçüsü). Cavabdeh2 Böyükişi oğlu adıçəkilən 0,08 ha torpaq sahəsini digər cavabdeh CabbarovYaşar Ülvi oğlu mülkiyyətində olan 0,18 ha torpaq sahəsinin bir hissəsi kimi satın almışdır (Bakı şəhəri 15 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviiləsi). Hazırda iddiaçı həmin alqı-satqı müqavilsinin qismən etibarsız hesab edilməsi, müqavilənin onunla bağlanmış hesab edilməsi, müqavilədən yaranan hüquqi nəticələrin ləğv edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Göründüyü kimi, Cavabdeh2 Böyükişi oğlu ilə digər cavabdeh CabbarovYaşar Ülvi oğlu arasında azad şəkildə iki tərəflli müqavilə bağlanmışdır. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə bağlanılmış AN-İ seriyalı ******* №-li müqaviləsinin qismən etibarsız hesab edilməsi, aparılmış hüquqi nəticələrinin ləğv edilməsi barədə iddia qaldırmağa subyektiv hüquq mövcud olmamışdır və iddia həmin hissədə məhz bu əsasdan rədd edilməlidir. Belə ki, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Müqavilənin alıcı qismində iddiaçı ilə bağlanılmış hesab edilməsi barədə tələbinə dair məhkəmə qeyd etməyi istəyir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilə bağlaya və bu müqavilələrin məzmununu müəyyənlənşdirə bilərlər, 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2452/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2452/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver