Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2454/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi ilə, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsinin X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 17 nömrəli Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 17 nömrəli Notariat Ofisinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri 17 nömrəli notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, 27 dekabr 2022-ci il tarixdə Bakı şəhəri 17 nömrəli Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən "xxxx" ASC -nin xeyrinə ondan 4503 manat 58 qəpik tutulması barədə icra qeydi verilmişdir. Həmin icra qeydi qanunsuz və əsassız olduğu ücün ləğv edilməlidir. İcra qeydində yazılanlar həqiqəti əks etdirmir, belə ki onun tərəfindən indiyənədək hər ay 205 (iki yüz beş) manat ödənilməklə cəmi 4*** (dörd min) manat pul ödənilməsinə baxmayaraq bunlar icra qeydində nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 tələbin əsassız olduğunu və rədd olunmasını xahiş etdi. Cavabdeh 17 nömrəli Notariat ofisi məhkəmə iclasının yeri və vaxtı barəsində rəsmi qaydada xəbərdar edilsə də iclasda iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarıdan görünür ki, Bakı şəhəri 17 nömrəli notariat ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2022-ci il tarixdə reyestrdə “8İ-8790” nömrə ilə qeyd edilmiş icra qeydi aparılmışdır. İş materiallarına əlavə olunan 05 yanvar 2021-ci il tarixli CP/44644/78/14 nömrəli kredit sazişinə əsasən, Bank borcalana 36 ay müddətinə qaytarmaq şərtilə illik 27 faiz ödənilməklə 5*** manat məbləğində kredit vermişdir. İş materiallarıda olan xx.xx.2023-cü il tarixli MXD-383/23 nömrəli arayışdan görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, CP/44644/78/14 nömrəli müqaviləyə əsasən "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixə 3625.02 manat əsas, 878.56 manat faiz, 4,49 manat cərimə borcu vardır. Mübahisə predməti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC xx.xx.2023-cü il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının borcun artıq hesablandığını əsas gətirməsi tələbi sırf banka qarşı mübahisədir bunun notariusa və onun icra qeydinə aidiyyatı yoxdur və iddiaçı real tələbini müəyyən edib Banka qarşı iddia verməlidir. Həmçinin ərizədə icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək əsaslı dəlil göstərməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6770 nömrəli 22 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixinə İddiaçı Əlisafa qızının əsas borc üzrə 3585,07 manat və faiz borc üzrə 663,48 manat təşkil edir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (AR NK) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.09.2***-ci il tarixli 156 №-li qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması adlanan 1-ci bölməsinə əsasən:
1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli Qanunun maddəsindən də göründüyü kimi icra qeydi təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu halda tətbiq edildiyindən, məhkəmə iclasında İddiaçı ica qeydi verilən zaman onun icra qeydində göstərilən məbləğlə razı olmadığını və məbləği mübahisələndirdiyindən bu barədə ekspert rəyinin alınması üçün məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6770 nömrəli 22 sentyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən, xx.xx.2022-ci il tarixinə İddiaçı Əlisafa qızının əsas borc üzrə 3585,07 manat və faiz borc üzrə 663,48 manat təşkil etməsi barədə yəni icra qeydində göstərilən məbləğdən az borcu olmuğu müəyyən edilmişdir. Həmçinin mülki işin araşdırılması zamanı, icra qeydi verilən zaman İddiaçı lazımi qaydada məlumatlandırılmamış və bu barədə ona bildirişin catmasını təstiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, 17 nömrəli Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər icra qeydinin əsaslılığı və qanuniliyi barədə məhkəməyə sübutlar təqdim etmədiyindən həmin icra qeydi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
İddia təmin edilsin. Bakı şəhəri 17 nömrəli Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2022ci il tarixdə aparılmış və reyestrdə “8İ-8790” nömrə ilə qeyd edilmiş icra qeydi ləğv edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh Bakı şəhəri 17 nömrəli Notariat Ofisindən tutularaq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ruslan Mirzəliyev