Məhkəmə qərarları › İş №2(008)-2464/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2464/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2464/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia verərək, əsas borc üzrə 6787,28 manat, faiz borcu 1911,27 manat olmaqla, cəmi 8698,55 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın cavabdehin mülkiyyətində olan **-GP-*** dövlət qeydiyyat nişanlı, “GREAT WALL VOLEEX C30” markalı minik avtomobilinə (buraxılış ili 2013, ban - LGWEE2K55DE674995, rəngi - Qara metal) yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytırılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə əksik qalan borc məbləğinin cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında 14.01.2014-cü il tarixdə, 673 G saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19% tətbiq edilməklə, 48 ay müddətinə 10835 (on min səkkiz yüz otuz beş) manat məbləğində kredit verilmişdir. 18.03.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-GP-*** dövlət qeydiyyat nişanlı, “GREAT WALL VOLEEX C30” markalı minik avtomobili (buraxılış ili 2013, ban - LGWEE2K55DE674995, rəngi - qara metal) 14.01.2014-cü il tarixdə, 673 G saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını təhqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası MM-nin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statusu qurum («X5 Edilməsi Agentliyi» MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.11.2013-cü 345/13 saylı sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər S-AVK-440 saylı, 18.08.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 14.01.2014-cü il tarixdə, 673 G saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19% tətbiq edilməklə, 48 ay müddətinə 10835 (on min səkkiz yüz otuz beş) manat məbləğində kredit verilmişdir. 18.03.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, cavabdeh ayrılmış kredit məbləğini allmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-GP-*** dövlət qeydiyyat nişanlı, “GREAT WALL VOLEEX C30” markalı minik avtomobili (buraxılış ili 2013, ban - LGWEE2K55DE674995, rəngi qara metal) 14.01.2014-cü il tarixdə, 673 G saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X4 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 14.01.2014-cü il tarixli, AA seriyalı, 116384 N°-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Maliyyə arayışına əsasən cavabdehin banka hazırda olan əsas borc üzrə 6787,28 manat, faiz borcu 1911,27 manat olmaqla, cəmi 8698,55 manat məbləği təşkil edir. Hesabdan Çıxarışdan borc məbləğinin ödənilməsi görünmür. Məhkəmə tərəfindən avtomaşının likvid qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici təyin edilmiş, lakin avtomobil baxışa təqdim edilmədiyindən qiymətləqdirmə həyata keçirilməmişdir. Hazırda iddiaçı borcun ödənilməsini və tutmanın avtomobilə yönəlməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 309.1.-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə eyni zamanda tutmanın ipoteka predmetinə yönəldilməsini də qanuni və əsaslı hesab edir. Belə ki, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- «İpoteka haqqında» Qanunun) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh ilə bank arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. "İpoteka haqqında" Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 6787,28 manat, faiz borcu 1911,27 manat olmaqla, cəmi 8698,55 manat məbləğində kredit borcu, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun, tutma cavabdehin mülkiyyətində olan **-GP-*** dövlət qeydiyyat nişanlı, “GREAT WALL VOLEEX C30” markalı minik avtomobilinə (buraxılış ili 2013, ban - LGWEE2K55DE674995, rəngi - Qara metal) yönəldilərək açıq hərracda satılsın, satışdan əldə edilən vəsait iddiaçının hesabına ödənilsin, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi cavabdehə qaytırılsın, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə əksik qalan borc məbləği cavabdehdən tutulub iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar