Məhkəmə qərarları › İş №2(008)-2484/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2484/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2484/2021 16.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8600 manat məbləğində pulun və ödənilmiş 31 manat dövlət rüsumunun əvəzinin alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tikinti işləri ilə məşğul olan ustalar kimi tanımışdır. 2020-ci ilin sentyabr ayından oktyabr ayınadək olan müddət ərzində hissə-hissə olmaqla həmin şəxslərə ümumilikdə 8100 manat məbləğində pul vermişdir. Cavabdehlər həmin pulun müqabilində onun Siyəzən rayonunda yerləşən evinin təmir və tikinti işlərini görməyi öhdələrinə götürmüşlər. Aralarında olan razılığa əsasən, hissə-hissə olmaqla cavabdehlərə 8600 manat vermiş, lakin cavabdehlər həmin pulu öz şəxsi məqsədləri üçün istifadə edərək, öhdələrinə götürdükləri təmir və tikinti işlərini yerinə yetirməmiş, pulu geri qaytarmağı tələb etdikdə isə müxtəlif bəhanələrlə tikinti işlərini başa çatdırmaqdan və pulu qaytarmaqdan imtina etmişlər. O, cavabdehlərin onu aldadadaq 8600 manat məbləğində pulunu ələ keçirmələri barədə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə müraciət etmiş, müvafiq polis idarəsinin 25-ci Polis Bölməsində onun şikayət ərizəsi əsasında araşdırma aparılmış və mübahisənin mülki xarakterli olduğu bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehlər hər ikisi ondan 8100 manat məbləğində pul almalarını könüllü olaraq etiraf etmişlər. Lakin onlar aldıqları pulun müqabilində gördükləri işin nəticəsində 8100 manat deyil, 2000-3000 manat manat civarında iş görmüşlər ki, bunun nəticəsində, evi tamamilə yararsız vəziyyətə düşmüşdür. Cavabdehlərin gördükləri işin və evin halhazırkı vəziyyətini təsdiq edən fotoşəkillərdən də cavabdehlərin öhdələrinə götürdükləri işi yerinə yetirməmələri aydın şəkildə görünür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı Siyəzən rayonunda yerləşən evinin təmiri məqsədilə, ona və tanışı Cavabdeh2 müxtəlif vaxtlarda ümumilikdə 8100 manat məbləğində pul vermişdir. Həmin pulun bir hissəsini evin təmir-tikinti işlərinə sərf etmiş, qalan hissəsini isə, Cavabdeh2 özünə götürmüşdür. Məhz bu hərəkətinə görə, Cavabdeh2 ilə münasibətlərinə son qoymuş, hal-hazırda onunla heç bir əlaqəsi yoxdur. Bununla belə, evin təmir-tikinti işlərinin çox hissəsi görülmüş, bunu təsdiq edən fotoşəkilləri mövcuddur. Təmirin yarımçıq qalan hissəni tamamlaması üçün iddiaçıdan yalnız materiallar almasını istəsə də, zəhmət haqqı tələb etmədiyini desə də, iddiaçı həmin təkliflə razılaşmamışdır. Keçirilmiş ekspertiza rəyi ilə də razı deyil. Belə ki, həmin ekspert rəyində, iddiaçıya məxsus fərdi yaşayış evində aparılmış təmir-tikinti işlərinin ümumi dəyəri az göstərilmiş, əslində təmirtikinti işlərinə daha çox pul xərclənmişdir. O, qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nizami RPİ-nin 25-ci PŞ-nə Cavabdeh1 tərəfindən verilmiş izahatda bildirilir ki, birlikdə işlədiyi Vüqar adlı şəxs ona zəng edərək Siyəzən rayonunda iş təklif etmişdir. O, Vüqarla birlikdə Mahirə ilə görüşmüşdür. Mahirədən avans olaraq 200 manat pul götürmüşlər. Təmir işinə başladıqdan sonra işlədikləri son günə qədər onlar Mahirədən 8100 manat pul almışlar. Lakin işlədikləri işin əl haqqını bugünə kimi ala bilməmişlər. Onun verdiyi 8100 manat pulu isə ancaq təmir materiallarına xərcləmişlər. İş materiallarında olan Nizami RPİ-nin 25-ci PŞ-nə Cavabdeh2 tərəfindən verilmiş izahatda bildirilir ki, birlikdə işlədiyi Pərviz adlı şəxslə Siyəzən rayonunda iş götürmüşdür. O, Pərvizlə birlikdə Mahirə ilə görüşmüşdür. Mahirədən avans olaraq 200 manat pul götürmüşlər. Təmir işinə başladıqdan sonra işlədikləri son günə qədər onlar Mahirədən 8100 manat pul almışlar. Lakin işlədikləri işin əl haqqını bugünə kimi ala bilməmişlər. Onun verdiyi 8100 manat pulu isə ancaq təmir materiallarına xərcləmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertiza Mərkəzinin məhkəmə-tikinti ekspertizasının 05.08.2021-ci il tarixli, 10/2242 saylı rəyinin nəticə hissəsindən görünür ki, Siyəzən rayonu, Gil-gilçay dəmir yolu stansiyası ərazisində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinə baxış zamanı tikilinin ikinci mərtəbəsində təmir-tikinti işlərin aparıldığı müəyyən olunmuşdur. Belə ki, tikilinin 2-ci mərtəbəsində, ölçüləri 1.20m x 1.85m olan, mişar daşından sanitar qovşaq tikilmiş, divarlarına suvaq qatı çəkilmiş və şpaklyovka ilə hamarlanmış, dam hissəsinə taxta atmalar atılmış, mərtəbəarası hissədə taxta atmalar atılmış və müəyyən hissəsinə döşəmə taxtası düzülmüşdür. Siyəzən rayonu, Gil-gilçay dəmir yolu stansiyası ərazisində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 4647.00 manat məbləğində müəyyən olunur (smeta tərtib edilib). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçı Siyəzən rayonunda yerləşən evinin təmir-tikinti işlərini görmələri məqsədilə, cavabdehlərə 2020-ci ilin sentyabr ayından oktyabr ayınadək hissə-hissə olmaqla ümumilikdə 8100 manat məbləğində pul vermişdir. Lakin həmin ünvanda təmir-tikinti işləri sonadək yerinə yetirilməyərək, yarımçıq qalmışdır. İddiaçının işlərin tamamlanması, əks təqdirdə qalan pulunun ona geri qaytarılması barədə tələbini yerinə yetirmədiklərindən, iddiaçı cavabdehlərdən polis bölməsinə ərizə ilə müraciət etmişdir. Polis bölməsinə verdikləri izahatlarında hər iki cavabdeh iddiaçıdan 8100 manat məbləğində pul vəsiti aldıqlarını etiraf etmişlər. Məhkəmə-tikinti ekspertizasının rəyi ilə iddiaçıya məxsus fərdi yaşayış evində aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 4647 manat məbləğində olduğu müəyyən olunur. Belə olan halda, məhkəmə hesab edir ki, 8100 manat pul vəsaitindən təmir-tikinti işlərinə sərf edilmiş 4647 manat çıxılmaqla, qalan 3453 manat pul iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı 8600 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq, ona verilməsini xahiş etsə də, cavabdehlərə məhz 8600 manat məbləğində pul verməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3453 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi cavabdehlərə aid edilməli və cavabdehlərdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3453 (üç min dörd yüz əlli üç) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi alınaraq, İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehlərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsi kodu 3, Dövlət xəzinədarlığı Agentliyi, AZ34CTRE******************** hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar