Məhkəmə qərarları › İş №2(008)-2486/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2486/2021

15.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2486/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Şirinova Aygün Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Musa Bayramov küçəsində yerləşən 17 saylı evin 2 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, o, alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Musa Bayramov küçəsində yerləşən 17 saylı evin 2 saylı mənzilini almışdır. Digər cavabdeh X4 Cavabdeh qızıdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan da göründüyü kimi, o, qeyd olunan mənzilin mülkiyyətçisidir. Cavabdehlər həmin mənzildə formal olaraq qeydiyyada qalsalar da, orada yaşamırlar və heç bir əşyaları yoxdur. Mövcud hal onun mülkiyyət hüququnu məhdudlaşdırmaqla, sərbəst şəkildə ev barəsində sərəncam verməsinə mane olur. İddiaçı qeyd etdiklərinə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh və X3 ünvanlanmış məhkəmə bildirişi onların məlum olan axırıncı yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04.03.2020-ci il tarixli, AN-İ№ ******* saylı Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh (etibarnamə üzrə nümayəndəsi X4) Bakı şəhəri, Sabunçu rayonu, Zabrat- 1 qəsəbəsi, R.Axundov küçəsində yerləşən 17 saylı evin 2 saylı mənzili ünvanında yerləşən, ümumi sahəsi 38.7 kv.m, yaşayış sahəsi 30.8 kv.m olan ikiotaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 1 otağı (14.5 kv.m) alıcı İddiaçı 23.500 manata satmaqla, onun mülkiyyətinə vermişdir. Satıcı həmin müqavilənin 8-ci bəndinə əsasən, alıcıya üçüncü şəxslərin hüquqlarından azad əmlakı verməyi, müqavilənin 13-cü bəndinə əsasən isə, 04.05.2020-ci il tarixədək həmin daşınmaz əmlakdan qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Musa Bayramov küçəsində yerləşən 17 saylı evin 2 saylı mənzili paylı mülkiyyət hüququ üzrə X1 və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hüququnun qeydiyyat nömrəsi **********, qeydə alındığı tarix 10.04.2020-ci ildir (Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında qeyd olunan çıxarışın həqiqiliyi yoxlanılmışdır). İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 73 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli, 72 saylı arayışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.Bayramov küçəsində yerləşən 17 saylı birmərtəbəli evin 1-ci mərtəbəsində 14.8 kv.m yaşayış sahəsi olan birotaqlı 2 saylı mənzilin sahibi İddiaçıdur. 1976-cı il təvəllüdlü Cavabdeh və 2001-ci il təvəllüdlü X4 qeyd olunan mənzilin köhnə sakinləridir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 73 saylı Mənzil-Kommunal İstismar Sahəsinə ünvanlanmış məktuba cavab olaraq bildirilmişdir ki, Cavabdeh və X4 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.Bayramov küçəsində yerləşən 17 saylı evin 2 saylı mənzilinində yaşamadıqlarından, məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Musa Bayramov küçəsində yerləşən 17 saylı evin 2 saylı mənzilinə paylı mülkiyyət hüququ iddiaçıya məxsusdur və cavabdehlərin həmin mənzildə qeydiyyatları formal xarakter daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlərin qeyd olunan mənzildə qeydiyyatda qalması iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququnu pozduğundan, cavabdehlər Cavabdeh və X2 İddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Musa Bayramov küçəsində yerləşən 17 saylı evin 2 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X2 İddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Musa Bayramov küçəsində yerləşən 17 saylı evin 2 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh və X2 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Musa Bayramov küçəsində yerləşən 17 saylı evin 2 saylı mənzilində olan qeydiyyatlarının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar