Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2499/2021 24.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı X4, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 92.009,50 manat məbləğində pulun alınaraq, ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X9 iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin məhkəmə prosesi gedişində borcundan 1500 manat ödəniş etdiyini bildirmiş və cavabdehdən 90.509,50 manat məbləğində pulun alınaraq, ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, ’‘Binə” ticarət mərkəzində ticarətlə məşğuldur. Çin Xalq Respublikasından gətirdiyi parça məhsullarının topdan və pərakəndə satışını həyata keçirir. Cavabdeh ilə uzun müddətdir ki, tanışlığı yaranmışdır. Təxminən 2018-ci ilin əvvəllərindən cavabdehə nisyə mal verməyə başlamışdır. Bir müddət qarşılıqlı şəkildə işlədikdən sonra nisyə malın məbləği artaraq 235.000 manata çatmışdır. Bundan sonra Cavabdeh borcu qaytarmaqda gecikmələr etməyə başlamış, bir müddətdən sonra isə ümumiyyətlə pulu verməmişdir. Onun təkidlərindən sonra cavabdeh özünə məxsus olan mənzili borc əvəzinə ona vermişdir. Qısa müddətdən sonra həmin mənzili 70000 manata cavabdehin gətirdiyi bir şəxsə satmışdır. Bu müddət ərzində Cavabdeh tərəfindən ona gecikmələrlə müəyyən ödənişlər edilmişdir. Hazırda cavabdehin ona 92.009,50 manat borcu olsa da pulu ödəməkdən müxtəlif yollarla yayınır. Cavabdehlə borcun qaytarılmasına dair etdikləri mübahisə zamanı, sonuncu Daxili İşlər Nazirliyinin 102 Xidmətinə müraciət edərək, ondan şikayət etdiyi üçün hər ikisi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət edilmişlər. Cavabdeh həmin bölmədə veridiyi izahatında ona olan borcunu təsdiq etmişdir. Bundan başqa cavabdehin ona olan borcunu təsdiq edəcək kifayət qədər şahidləri vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı X9 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, cavabdeh borcundan hissə-hissə ödənişlər etmiş, borcun bir hissəsini parçalardan qaytarmış, qaytarılanların hamısını cavabdehin borcundan silmişdir. Cavabdeh fevral ayının 10-da ona ödəniş etməli olduğundan, həmin gün cavabdehin mağazasına borcunu almaq üçün getmiş, lakin cavabdeh mallarını aparıb, mağazanı isə bağlayıb getmişdir. Daha sonra o, cavabdehi Babək prospektində tutmuş, sonuncu oradan uzaqlaşdığından, onu Günəşli qəsəbəsində tutmuşdur, 4-5 saat söhbət etmişlər, mallarını satıb pulunu qaytarmaması ilə bağlı aralarında mübahisələr olmuşdur. Həmin mübahisə əsasında cavabdeh ondan Daxili İşlər Nazirliyinin 102 Xidmətinə şikayət etmişdir. Hər ikisi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə getsələr də, cavabdeh sonradan şikayətini geri götürmüş, həmçinin öz izahatında ona olan borcunu öz xətti ilə yazaraq etiraf etmişdir. Həmin hadisədən sonra cavabdeh ona 24.000 manatlıq malını geri qaytarmış, həmçinin 50.000 manatı evin satışından əldə olunmuş puldan qaytarmışdır. Cavabdehin verdiyi 5414 manatlıq malı da borcundan çıxmışdır. Cavabdeh həmçinin 2500 manat, 1500 manat məbləğində pulu ayrı-ayrı vaxtlarda ödəmişdir. Cavabdeh evin satışından ona 50.000 manat ödəniş etsə də, onun borcundan 70.000 manat silmişdir. Belə ki, həmin evi o, 115.000 manata almış, həmin puldan cavabdehə 45.000 manat vermiş, daha sonra isə onun yaxın qohumuna həmin evi 95.000 manata satmışdır. Həmin dövrdə baş verən pandemiya ilə əlaqədar vəziyyəti nəzərə alaraq cavabdehin borcudan 20.000 manatdan artıq pul silmişdir. O, cavabdehi özünə yaxın bildiyindən, o qədər dəyəri olan parça məhsullarını ona nisyə vermişdir. O, cavabdehi xaricə dəvət etmişdir ki, parçanın növünü və modellərini cavabdeh özü seçsin. Xaricdə cavabdehlə eyni otaqda qalmışlar. Cavabdehlə bu dərəcədə yaxşı münasibətləri olduğu halda, cavabdeh ona yalan vədlər verdiyindən, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Cavabdeh bilərəkdən məhkəmə iclaslarına gəlmir, çünki borclu olduğunu özü yaxşı bilir. İddiaçı X9 məhkəməyə təqdim etdiyi yazılı izahatında həmçinin bildirmişdir ki, cavabdehə verilən mallar və onların dəyəri mağazada mühasibatlıq kitablarına işlənmişdir. Belə ki, gündəlik mağazada satılan və borc verilən mallar həmin kitablara işlənir və günün sonunda yekun rəqəmlər mühasibə ötürülür. Üç kitabdan ibarət olan həmin sənədlərə əsasən, cavabdehə verilən bütün mallar göstərilmişdir. Cavabdehə verilən borc məbləğlərinə dair qaimə-fakturalar da kitablarda qeyd edilən səhifələrdəki məlumatlarla uyğunluq təşkil edir. Həmin kitabda cavabdehin yeni borcu barədə açılmış səhifədə sonra qalıq borcu 92009.50 manat olaraq göstərilmişdir. Kitabda qeyd edilən borc məbləğləri aşağıdakı kimidir: 24054 manat + 652 manat=24706 manat + 310 manat=25016 manat + 190116 manat=215132 manat - 1433 manat=213699 manat + 892.50 manat=214591.50 manat - 26933 manat=187658.50 manat + 8311 manat=195969.50 manat - 8500 manat=187469.50 manat - 20960 manat=166509.50 manat - 2000 manat=164509.50 manat - 2500 manat=162009.50 manat - 70000 manat=92009.50. Beləliklə, kitabda işlənmiş borc məbləğləri və ödənişlər nəzərə alınmaqla, cavabdehin ona olan yekun borcu 92009.50 manat olması öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh daha əvvəldən tanışdırlar. Aralarında ticarət əlaqələri mövcud olmuşdur. Cavabdeh iddiaçıdan nisyə parça mallar götürdükdən sonra ödənişləri yubatmışdır. Bununla bağlı aralarında mübahisələr yaranmışdır. Həmin mübahisə böyümüş, cavabdeh Daxili İşlər Nazirliyinin 102 Xidmətinə şikayət etmişdir. Şikayət araşdırılan zaman cavabdeh öz izahatında mübahisəyə səbəb olan borc məsələsini qeyd etmişdir. Bu söz-söhbətdən sonra cavabdeh iddiaçıya müəyyən ödənişlər etmişdir. Hətta cavabdeh iddiaçıya təklif etmişdir ki, ona məxsus olan mənzili iddiaçının xalası oğluna satsın, satışdan əldə olunan puldan 50.000 manat iddiaçının borcundan silinsin, 45.000 manat pul isə cavabdehin özünə verilsin. Mənzilin satışından sonra 6 ay müddətində borc bağlanmasa, iddiaçı mənzili satışa çıxarmalı idi. 6 ayın tamamında isə cavabdeh öz qohumunu gətirmişdir ki, 95.000 manata həmin mənzil ona satılsın. İddiaçı 20.000 manat ziyanına həmin mənzili cavabdehə satmışdır. Bundan əlavə, cavabdeh mallardan geri qaytarmalar və müəyyən ödənişlər etmişdir. Daha sonra isə cavabdeh ümumiyyətlə ödəniş etməkdən imtina etmişdir. Buna görə də, iddiaçı məhkəməyə hazırki iddia tələbi ilə bağlı müraciət etməyə məcbur olmuşdur. O, qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, cavabdehin ayrıca tikiş sexi olmuş, iddiaçıdan parça götürüb, öz sexində tikdikdən sonra həm öz mağazasında, həm də başqa mağazalarda həmin malların satışını təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X7 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassız və sübutsuzdur. Tərəflər arasında heç bir yazılı müqavilə bağlanmamışdır. Təqdim olunmuş sənədlər həmin borcun mövcudluğunu təsdiq etmir. Cavabdeh geyimlərin satışı ilə, iddiaçı isə, xarici ölkədən parça gətirməklə məğuldur. Bu səbəbdən aralarında ticarət əlaqələri olmuşdur. İddiaçı özü cavabdehdən xahiş etmişdir ki, parçanın növünü və modelini seçmək üçün onunla parça gətirəcəkləri xarici ölkəyə getsin. Çünki cavabdeh hansı fəsildə, hansı rəngdə və hansı modeldə parçanın satışa münasib olduğunu daha yaxşı bilir. Cavabdeh bu məqsədlə iddiaçı ilə birlikdə xarici ölkəyə getmiş, parçaları seçmiş və qayıtmışdır. İddiaçı həmin parçaları ən gec avqust ayının 10-dək çatdırmalı olduğu halda, həmin mallar 25 oktyabrda cavabdehə verilmişdir. Həmin vaxt isə həmin parçaların satışının vaxtı keçmiş və bu hal cavabdehin müflis olmasına səbəb olmuşdur. Cavabdeh həmin malları qəbul etmək istəmir. Lakin iddiaçı narazılıq edərək bildirir ki, həmin malları cavabdehə görə gedib alıb gətirmişdir. Cavabdeh isə məcbur qalaraq həmin malları qəbul etmişdir. Bir müddət keçdikdən sonra, həmin parçaların bir hissəsini satmış, lakin daha sonra həmin parçaların satışının qeyri-mümkün olduğunu görmüşdür. Yenidən həmin malların bir hissəsini iddiçıya qaytarmış, həmçinin qalan borcundan da ödəmələr etmişdir. Lakin iddiaçı cavabdehin ona borcu qaldığını iddia etdiyindən, tərəflər aralarında mübahisə yaranmışdır. Daha sonra iddiaçının özünün ticarətlə bağlı qeydlər kitabında apardığı qeydiyyatlardan cavabdehin xəbəri olmamışdır. İddiaçı iddia tələbində cavabdehin necə yarandığını bilmədiyi borc məbləğinini ondan tələb edir. O, qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, o, cavabdehin hüquqlarını müdafiə etdiyi və onu təmsil etdiyi üçün cavabdeh məhkəmə iclaslarına gəlmir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, onların izahat və ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: Məhkəmə iclasında ifadə verən şahid X5 bildirmişdir ki, o, həmin iddiaçını, həm cavabdehi ticarət əlaqələri zamanı tanımışdır. Hazırki iş üzrə iddiaçı Elgün Piriyevin mağazasında 15 ildir ki, işləyir. İş üzrə Cavabdeh isə mağazaya gedib-gəlib mal götürdüyündən tanıyır. Belə ki, cavabdeh xeyli zamandır ki, onların mağazasından mal götürmüşdür. Cavabdehə hər zaman hörməti olmuş, onu daim hörmət ilə qarşılamış, hörmət ilə yola salmışdır. Cavabdehin mağazadan sonuncu dəfə 230.000 manata yaxın mal götüdüyündən xəbəri var. Həmin mallar hər dəfə mağazadan çıxarılarkən, çıxarılan malların məbləği mağazanın ticarəti barədə qeydiyyat kitabında qeyd olunmuşdur. Cavabdeh həmin borcdan həm ödənişlər etmiş, həm də mallardan qaytarmışdır. Hazırda cavabdehin iddiaçıya təxminən 92.000 manata yaxın borcu qalmışdır. Məhkəmə iclasında ifadə verən şahid X10 bildirmişdir ki, həm iddiaçını, həm də cavabdehi tanıyır. 4 ildir ki, iddiaçı Elgün Piriyevin yanında işləyir. Cavabdeh də həmin mağazadan mal götürdüyündən tanıyır. Cavabdeh tez-tez iddiaçıya məxsus mağazadan mal götürmüşdür. O, özü həmin malların yüklənməsində iştirak etmişdir. Cavabdehin mağazadan nə qədər mal götürüb qaytarması barədə Cəmaləddin Nuriyev kitabda qeydiyyat aparmışdır. O, mağazada olan söz-söhbətlərdən, kitabda olan qeydiyyatlardan bilir ki, tərəflər arasında borc mübahisəsi var. Həmin kitaba əsasən ona məlumudr ki, cavabdehin təxminən 90.000 manat civarında iddiaçıya borcu vardır. Məhkəmə iclasında ifadə verən şahid X13 bildirdirmişdir ki, həm iddiaçını, həm də cavabdehi daha əvvəldən tanıyır. O, özü ali təhsilli hüquqşünas olmasına baxmayaq, ticarət işi ilə məşğuldur. Əvvəllər “Binə” ticarət mərkəzində işləmişdir. İddiaçı Elgün Piriyev onun həm xalası oğlu, həm də bacanağıdır. Cavabdehi ticarət mərkəzində əvvəllər görsə də, yaxından tanışlığı iddiaçıya məxsus “Filiz moda” mağazasında olmuşdur. Cavabdeh iddiaçının mağazasına tez-tez gəlib-getmişdir. İddiaçı və cavabdeh əvvəllər çox mehriban olmuşlar. Tərəflərin arasında olan borc məsələsindən məlumatı vardır. Tərəflər arasında olan razılaşmaya əsasən, Cavabdeh məxsus mənzili satışa çıxarmışlar. O, da həmin mənzilə gedib baxmışdır. Başqa alıcılara da göstərmək üçün həmin mənzilin şəkillərini çəkmişdir. Cavabdeh mənzili 115.000 manata satışa qoymuşdur. O da 95.000 manat ödəyib həmin evi almışdır. Rəsmi qaydada aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh həmin puldan iddiaçıya 50.000 manat vermiş, 45.000 manatını isə özünə götürmüşdür. Həmin alqı-satqıdan sonra cavabdeh ona bildirmişdir ki, 1 aydan sonra həmin mənzili yenidən özü 115.000 manata alacaq, həmin puldan da yenidən 20.000 manat Elgünə, 95.000 manatı isə ona verəcək. Lakin sonra Azər mənzili satmaq üçün yenidən öz tanıdığı şəxsi gətirmiş, həmin mənzili elə aldığı qiymətə də, yəni 95.000 manata ona satmışdır. İş materiallarında olan Cavabdeh Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə ünvanladığı 11.02.2020-ci il tarixli ərizədən görünür ki, 11.02.2020-ci il tarixdə Elgün Piriyevlə aralarında olan borc razılaşmasının pozulması səbəbindən, Elgün Piriyev onu ölümlə hədələdiyindən, Daxili İşlər Nazirliyinin 102 Xidmətinə müraciət etmiş, lakin aralarında olan mübahisə həll edildiyindən, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən, araşdırmanın dayandırılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə ünvanladığı ərizədən görünür ki, 11.02.2020-ci il tarixdə “Binə” ticarət mərkəzində işlətdiyi obyektdə tanış olduğu Elgün Piriyevlə aralarında bir neçə dəfə parça alqı-satqısı olmuşdur. Sonuncu dəfə 200.000 manat dəyərində parça aldıqdan sonra Elgünlə bir neçə müddət borcu hissə-hissə ödəmək şərtilə alış-verişlərini davam etdirəcəkmişlər. Məsələnin həll olunması məqsədilə, səhər saatlarında Babək prospektində görüşmüşlər. Heç bir razılığa gələ bilmədiklərinə görə, yenidən axşam saat 16-17 radələrində Günəşli qəsəbəsində görüşmək qərarına gəlmişlər. Avtomobildə danışıqları heç bir nəticə vermədiyindən, daha bir neçə nəfər danışıqlara müdaxilə üçün gəlmişdir. Danışığı ertəsi günə təxirə salmaq barədə təkidlərinə baxmayaraq, Elgün və qardaşı buna razılaşmamış və israrla söyüşlərlə, təhqiramiz sözlərlə 3-4 saat ərzində onun avtomobilini başqa iki avtomobilin əhatəsində saxlamaqla, heç yerə getməyə imkan verməmişlər. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin 12.02.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək, borclu olduğu Xalid adlı şəxin onu öldürməklə hədələməsi barədə məlumat vermişdir. Material üzrə ərizəsi alınmış Cavabdeh göstərmişdir ki, 11.02.2020-ci il tarixdə təxminən bir neçə ay öncə şifahi qaydada aralarında olan ticarət münasibətindən yaranmış ödənişə dair razılaşma pozulduğu üçün borclu olduğu Xalid adlı şəxsin onun pulu verməyəcəyi təqdirdə ölümlə hədələdiyini desə də, bir qədər sonra aralarında yaranmış sözlə mübahisə öz həllini tapmış, bu səbəbdən artıq heç bir şikayət və tələbinin olmadığını, aparılan araşdırmanın dayandırılmasını xahiş etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş AN-İ ******* saylı, 13.03.2020-ci il tarixli Daşımaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində yerləşən 22 saylı evin 6 saylı mənzilini 95.000 manata X2. İş materiallarına əlavə edilmiş AN-İ ******* saylı, 18.04.2020-ci il tarixli Daşımaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsində yerləşən 22 saylı evin 6 saylı mənzilini 95.000 manata X1. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus mağazanın ticarəti barədə qeydiyyat kitabının müvafiq səhifəsində cavabdehin ona olan borc məbləğləri mağazanın mühasibatlıq işləri ilə məşğul olan X5 tərəfindən “Azər Oğuz təzə borcu” qeydi ilə aşağıdakı kimi əks olunmuşdur: 24054 manat + 652 manat=24706 manat + 310 manat=25016 manat + 190116 manat=215132 manat - 1433 manat=213699 manat + 892.50 manat=214591.50 manat - 26933 manat=187658.50 manat + 8311 manat=195969.50 manat - 8500 manat=187469.50 manat - 20960 manat=166509.50 manat-2000 manat=164509.50 manat - 2500 manat=162009.50 manat - 70000 manat=92009.50. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında ticarət münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı xaricdən alıb gətirdiyi parçaların satışını həyata keçirmiş, cavabdeh isə, tərəflərin şifahi razılaşmasına əsasən, iddiaçıdan parçaları götürüb öz tikiş sexində hazır paltar formasına gətirdikdən sonra həmin malların satışını təşkil etmiş, mallar satıldıqdan sonra iddiaçının pulunu qaytarmışdır. Bir müddət bu qaydada işləsələr də, sonradan cavabdehin iddiaçıdan götürdüyü nisyə malın məbləği artmışdır. Cavabdeh həmin pulu könüllü olaraq qaytarmadığından, tərəflər aralarında münaqişə yaranmışdır. Cavabdehin Daxili İşlər Nazirliyinin 102 Xidmətinə müraciətindən sonra onun şikayəti əsasında araşdırma aparılmış, cavabdeh polis bölməsində yazdığı 11.02.2020-ci il tarixli ərizəsində sonuncu dəfə Elgün Piriyevdən 200.000 manat dəyərində parça götürdüyünü etiraf edərək, borcu hissə-hissə ödəmək şərtilə alış-verişlərini davam etdirəcəklərini bildirmişdir. Bu hadisədən sonra cavabdeh həm iddiaçıdan götürdüyü parça məhsullarından qaytarmaqla, həm də nağd formada ödənişlər etməklə, iddiaçıya olan borcunun bir hissəsini qaytarmışdır. Bundan başqa, borcun qalan hissəsinin ödənilməsi məqsədilə, cavabdehə məxsus mənzilə münasibətdə iki dəfə formal alqı-satqı həyata keçirilmiş, həmin alqı-satqı nəticəsində, cavabdeh iddiaçıya 50.000 manat qaytarmışdır. Həmçinin hazırki mülki iş üzrə məhkəmə prosesi gedişində cavabdeh borcundan 1500 manat ödəniş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili cavabdehin iddiaçıya borcu olmadığını bildirsə də, məhkəmə bununla bağlı qeyd edir ki, məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarının heç birində özü şəxsən iştirak etməmiş, iddiaçıya iddia tələbində qeyd olunan məbləğdə və ya ümumiyyətlə borcu olmaması barədə əsaslı dəlillərini nə şifahi formada məhkəməyə bildirmiş, nə də məhkəməyə bu barədə digər mötəbər sübut təqdim edə bilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə, məhkəməyə işin faktiki halları, iddia tələbində qeyd olunan borcun məbləği və necə yaranması barədə ətraflı izahat vermiş və onun izahatını təkzib edən hər hansı hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə uyğun olaraq, iddiaçının izahatını mötəbər sübur kimi qəbul edir. Şahid ifadələri barədə məhkəmə qeyd edir ki, dindirilmiş şahidlər uzun müddətdir ki, iddiaçıya məxus mağazada çalışdıqlarından, onlar iddiaçı və cavabdeh arasında olan ticarət münasibətləri, həmçinin borc məsələləri barəsində yaxından məlumatı olan şəxslərdir. Onların ifadələrini şübhə altına salacaq hər hansı hal aşkar edilməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442-ci maddə). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1-ci maddə). Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (MPM-in 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan, tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 90.509,50 manat məbləğində pul alınaraq, iddiaçı X6 verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli, ondan alınaraq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 119, 216-220, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 90.509,50 (doxsan min beş yüz doqquz manat əlli qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı X6 verilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2499/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2499/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver