Məhkəmə qərarları › İş №2(008)-2500/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2500/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2500/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi Abdullayev Fərid Kazım oğlunun iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı sahibliyində olan ünvan 1 ünvanda yerləşən 12 nömrəli yataqxanada olan mənzilin 17800966M157312 nömrəli sayğaca aid olan 1513 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 12 nömrəli yataqxanada ailə üzvləri ilə birlikdə yaşayır. "xxxx" Açıq Səhmdar Cəmiyyətin əməkdaşları yaşadığı mənzilə yaxınlaşaraq protokol tərtib etmiş və onlara məxsus 17800966M157312 nömrəli sayğacın "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1513 manat borcun olunduğunu qeyd etmişlər. Bildirir ki, işıqdan istifadə edərkən heç vaxt məcburi köçkün limitindən kənara çıxmamış və buna görədə də 1513 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ailə üzvləri ilə bilikdə ünvan 1 ünvanında yerləşən 12 nömrəli yataqxanada məcburi köçkün kimi məskunlaşdıqlarını, xx.xx.2016-cı il tarixində 2.197 manat borc yazıldığını, bu barədə "xxxx" ASC-yə yaxınlaşan zaman səhvlik olduğu, borcun silinəcəyi bildirilərək, orada sayğac olmadığını, sonradan sayğacın qoyulmasını tələb etdiyini, ödənişlərinin də mövcud olduğunu, 1 otaqlı yataqxanada 1.513 manat borcun olmasının əsassız olduğunu tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" İstehsalat Birliyinin nümayəndəsi X1 iddiaçının məcburi köçkün limitindən artıq istehlak edilmiş borc ödənişləri ilə bağlı olduğunu, həmin məbləğin tələb olunmayan borclar qrafasına daxil edildiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək, toplanmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Tərəflər arasında yaranmış mübahisəyə elektrik enerjisindən istifadə qaydaları müddəaları tətbiq edilməlidir. İş materiallarında olan **********20031 abunə kodu olan abunə haqqında məlumatdan görünür ki, abonent İddiaçı 1516,21 manat borcu mövcuddur. İş materiallarından görünür ki, "xxxx" İB 13-13/2-2/18-M-16047-5/2024 nömrəli xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda İddiaçı qeyd edilən ünvana aid **********20031 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil edilmiş və xx.xx.2024-cü il tarixinədək yaşayış sahəsində istehlak edilmiş, dəyəri ödənilməmiş elektrik enerjisinə görə ödənişi tələb olunan 1507,05 manat borcun olduğu müəyyən edilmişdir. Mövcud qanunvericilikdə elektrik enerjisinə görə hər hansı güzəşt nəzərdə tutulmadığından, yaranmış borcun silinməsi mümkün olmadığı və ödənilməsinin zəruri sayıldığı bildirilmişdir. İş materiallarından görünür ki, "xxxx" İB 13-13/2-2/18-M-1648-5/2025 nömrəli xx.xx.2025ci il tarixli sorğuya cavab məktubunda İddiaçı **********20031 nömrəli kod üzrə fərdi yaşayış evinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, məcburi köçkün limitindən artıq istehlak edilmiş 2197,00 manat borc xx.xx.2016-cı il tarixində ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Qeyd olunan borcların ödənişi yalnız Abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındaki hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydanın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 7.13-cü bəndinə müvafiq olaraq, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.2-ci bəndin görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə müvafiq olaraq, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.16-cı bəndinə görə, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni "xxxx" ASC-nin üzərinə düşür ki, hazırki işdə ASC tərəfindən məhkəməyə həmin borcun yaranma səbəbləri barədə heç bir sübut təqdim edilməmişdir. Lakin cavabdeh iddiaçının elektrik enerjisindən qeyri-qanuni istifadə etməsini, yəni elektrik enerjisinin talanmasını sübuta yetirmədən yuxarıda qeyd edilən məbləğində zərərin ödənilməsini iddiaçıdan tələb etmişdir. Nəzərə alınsa ki, iddiaçının elektrik enerjisindən qeyri-qanuni istifadə etməsini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən etiraz ərizəsi ilə, həmçinin məhkəmə iclasları zamanı məhkəməyə təqdim edilməmişdir. Beləliklə, elektrik enerjisi sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlı-vaxtında baxış keçirilməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımı qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının istifadəsində olan ərzaq mağazasında öz vəsaiti hesabına sayğacı quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq elektrik enerjisi sərfiyyatına görə borc hesablamışdır. Bundan başqa, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə elektrik enerjisi paylayıcısı tərtib etmiş olduğu aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hal-hazırda **********20031 abunə kodu üzrə hesablanmış 1513 manat borcun yaranma əsaslarına dair müvafiq sənədlərin olmamasını, abunənin təqsirli hərəkətlərinə dair sübutların olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, **********20031 abunə kodu üzrə hesablanmış 1513 (bir min beş yüz on üç) manat borc silinməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********20031 abunə kodu üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1513 (bir min beş yüz on üç) manat məbləğində borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar