Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2530/2023 20.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərsu ASC-nin əməkdaşları tərəfindən ünvan 1-də sudan istifadəyə görə yazılmış 187 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1-i xx.xx.2022-ci il tarixdə almışdır. İddiaçıya bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rereyestri Publik Hüquqi Şəxsi tərəfindən qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarış verilmişdir. İddiaçı həmin mənzili alandan sonra həmin mənzildə yaşamamışdır. Hal-hazırda da həmin mənzildə təmir işləri gedir. Həmin mənzildə olan su sayğacı abonent Məmmədova Sərmayə xanımın adınadır. İddiaçı həmin abonent hesabını öz adına salmaq üçün 2022-ci ilin sentyabr ayında ASAN Kommunal xidmətə müraciət etmişdir. Orada ona bildirildi ki, ünvan 1 ünvanına aid su sayğacının plombu qırıldığına görə həmin abonent hesabının iddiaçının adına keçirilməsi mümkün deyil. Bunun üçün ilk olaraq plomb bərpa edilməlidir. Bu hadisədən sonra təqribən oktyabr ayında iddiaçı sistemə baxan zaman gördü ki, ünvan 1-də sudan istifadəyə görə 187 manat borc yazılıb. İddiaçı sudan istifadə etmədiyi halda 187 manat borcun hansı səbəbdən yazılmasını aydınlaşdırmaq üçün Cavabdeh ASC-nin Sabunçu Rayon Sukanal İdarəsinə müraciət etmiş, orada ona bildirilmişdir ki, sözgüdən mənzilin su sayğacı oxunmadığına görə bir illik su sərfiyyatına uyğun hesablama aparılaraq, aylıq orta sərfiyyat müəyyən edilib və 187 manat sudan istifadəyə görə borc yazılıb. İddiaçı Cavabdeh ASC-nin Sabunçu Rayon Sukanal İdarəsinin əməkdaşına bildirdi ki, o həmin mənzili alan gündən həmin mənzildə yaşayış olmayıb. Mənzili alan zaman da yoxlatdırmışdı, su puluna görə cəmi 5 manat borc var idi. O, da həmin borcu 2022-ci ilin sentyabr ayında ödəmişdir. Cavabdeh ASC-nin Sabunçu Rayon Sukanal İdarəsinin əməkdaşı iddiaçıya bildirdi ki, sayğac oxunmadığına görə həmin sayğaca müdaxilə edilib. İddiaçı da ona bildirdi ki, sayğac iddiaçının mənzilində deyil, binanın blokunda yerləşir. Ona istənilən şəxs müdaxilə edə bilər. Sayğacın işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı məsuliyyət daşımır. Sayğacın işlək vəziyyətdə olmasına görə Cavabdeh ASC məsuliyyət daşıyır və nəzarət etməlidir. Bundan sonra iddiaçı sayğacın yoxlanılması üçün müraciət etmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, bina 1, mənzil 61-də olan su sayğacı yenisi ilə əvəz edilmiş və bu barədə akt tərtib edilmişdir. Həmçinin aktda plombun yerində olması qeyd edilmiş, çıxarılan sayğac isə yoxlanış üçün laboratoriyaya göndərilmişdir. Cavabdeh ASC Nəzarət ölçü Cihazları İdarəsi Suölçən X1 xx.xx.2022-ci il tarixli rəyi ilə sayğacına müdaxilə olunmadığı müəyyən olundu. Bu hadisədən sonra iddiaçı yazılmış borcun silinməsi barədə Cavabdeh ASC-nin Sabunçu Rayon Sukanal İdarəsininə müraciət etsə də, lakin onlar borcu silməkdən imtina etdilər. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ünvanlayaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Sabunçu Rayon Məhkəməsinə müraciət edərək əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasən, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. İddiaçı 187 (bir yüz səksən yeddi) manat məbləğində borcun hesablanmasının əsassız olduğunu iddia edir. Bununla əlaqədar, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, bina 1, mənzil 61 ünvanında yerləşən mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları’’na əsasən aparılmışdır. "Azərsu” ASC ilə 01,07.2006-cı il tarixdə bağlanmış müqaviləyə (müqavilə: ********) əsasən Sərmayə Məmmədoya su və tullantı sularının axıdılması xidmətləri göstərilir (abonent kodu: **********610). Abonentin istifadə etdiyi su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin dəyəri sayğac quraşdırılanadək ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmiş, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana CSS-20 markalı, 17125491 nömrəli sayğac 02.11 2018-ci il tarixdə quraşdırılmışdır. İddiaçının ünvanına hesablanmış 187 (bir yüz səksən yeddi) manat borc sayğacın orta sərfiyyatına əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Belə ki, Sərmayə Məmmədovaya məxsus mənzilə oxuyucu tərəfindən xx.xx.2022-ci il tarixində 714 m3 göstərici oxunmuş, yaranmış borc abonent tərəfindən ödənilmişdir. Qeyd edilən tarixdən sonrakı dövrdə abonentə aylıq oxuma zamanı sərfiyyat hesablanmamışdır. xx.xx.2022-ci il tarixində yaranan 11741533 nömrəli iş əmrinə əsasən ünvana baxış keçirilən zaman sayğacın göstəricisinin geriyə yazdığı üçün sərfiyyatın hesablanmadığı müəyyən edilmişdir. Digər kommunal xidmətlərə verilən sorğu əsasında daimi yaşayışın olduğu müəyyən edilmişdir. Əvvəlki tarixlərdə olan iş əmrləri də nəzərdən keçirilərək hessablanmayan sərfiyyat bərpa edilmişdir. Sayğacın geriyə yazması labolotoriya rəyindəndə də açıq formada görünür, sayğacın göstəricisi əvvəlki aylarla müqayisədə geriyə yazmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə sayğacın geri işlədiyinə görə akt tərtib edildiyini, köhnə mülkiyyətçi tərəfindən su xəttinə qoşulma edildiyini, bu səbəbdən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 1, 61 saylı mənzil İddiaçı adına xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmişdir. -Azərsu ASC Nəzarət Ölçü cihazları idarəsi “Suölçən cihazların kalibrləmə Labarotoriyası tərəfindən verilmiş 13971/0228131 saylı, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Azərsu ASC-yə məxsus olan plombun nömrəsi E269724 olan suölçən cihaz istismara yararsızdır. -14 sayğaclı abonentin yoxlanılması barədə xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, sayğacın son göstəricisi 680 m3-dir. -14 sayğaclı abonentin yoxlanılması barədə xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, sayğacın son göstəricisi 621 m3-dir. -xx.xx.2023-cü il tarixli abonent kartından görünür ki, İddiaçı suyun istifadəsinə görə 178,25 manat məbləğində borcu mövcuddur. -xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 1, 61 saylı mənzildə yerləşən Sərmayə Məmmədovaya məxsus sayğac göstəricisinin geriyə dəyişdiyi aşkar olunmuş, dəymiş ziyanın həcmi 187 m3 hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.1-ci maddəsinə əsasən balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək STKM-in vəzifəsidir. Həmin qanunun 4.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna əsasən hesablanır. Bundan başqa “Sudan istifadə” qaydalarının 2.1.5-ci maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. Həmin qaydaların 7.2-ci maddəsinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindən göründüyü kimi, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 1, 61 saylı mənzilə cavabdeh tərəfindən sayğac quraşdırılmış, həmin sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyət isə qanunla cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh ASC-nin nümayəndəsinin məhkəmə iclasında izahatı və abonentin saldosundan müəyyən olunmuşdur ki, iddiaçıya hesablanmış borc akt tərtib edilərək yaranmışdır. Lakin akt sayğacın geriyə işləməsi səbəbindən yazılmışdır ki, iş materiallarında olan rəydən də görünür ki, sayğaca müdaxilə olunmayıb, yəni kənar xətt yoxdur. Sayğac istifadəyə yararsızdır. Beləliklə, məhkəmə hesab edir ki, sözügedən akt öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək cavabdehin üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək, akt üzrə hesablanmış 187 manat borc məbləği silinməlidir. Belə ki, sözügedən aktda sayğaca müdaxilə olunmaması qeyd olunsa da, borcun hansı səbəblə yarandığı göstərilmir. Belə olan halda məhkəmə “sayğacın geriyə yazması” barədə qeydi məhkəmə elə sayğacda olan qüsur kimi qəbul edir. Çünki akt tərtib olunarkən orada abonentin üzərinə hər hası səbəbdən borc hesablanması açıq şəkildə ifadə olunmalıdır ki, dəymiş ziyana görə kimin məsuliyyət daşıdığını da müəyyən etmək mümkün olsun. Cavabdeh ASC-nin əmakdaşlarının akt tərtib olunarkən bu məlumatı dəqiqləşdirməkdən yayınmağını isə məhkəmə məsuliyyətin əsassız şəkildə abonentin üzərinə qoyması kimi qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yazılmış 187 (yüz səksən yeddi) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakışəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-2530/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2530/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver