Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2556/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Hüseynova Elnarə Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 oktyabr 2017-ci il tarixdə vəfat etmiş mərhum atası X2 adına olan qaz sayğacına (abunə kodu: **********00000) Cavabdeh tərəfindən saxta akt əsasında 06 aprel 2020-ci il tarixdə tərtib olunmuş əsassız və qanunsuz olaraq hesablanmış 7160.40 (yeddi min yüz altmış manat qırx qəpik) manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Azərbaycan qadını küçəsi 3 saylı evin 3/1 pay hissəsi ilə 05 sentyabr 2022-ci il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarışla onun mülkiyyətindədir. Evin 3/2 hissəsi 01 iyun 2016-cı il tarixli çıxarışla digər bir payçının mülkiyyətindədir. Yuxarıda göstərilən ev mərhum atası X3 məxsus olmuş, atası həmin evdə tək yaşamışdır. Atası 20 oktyabr 2017ci il tarixdə vəfat etmişdir. Atası rəhmətə gedəndən sonra həmin bağ evində kimsə yaşamamış, hətta ev uzun zaman istifadə olunmadığından qonşular onlara xəbər göndərmişlər ki, ev bərbad bir hala düşmüş, qapı-pəncərələr sökülərək oğurlanmış, evdə uzun zamandır ki, evsiz-eşiksiz insanlar gecələyirlər. Maddi imkanları olmadığından evə baxa bilməmişlər. Bu yaxınlarda evə baxış keçirmişlər, dilənçiləri oradan uzaqlaşdırmışlar, qapı-pəncərələri bərpa etmişlər və evə çıxarış əldə etmişdir. Təxminən bir ay əvvəl Bilgəh qəsəbə nümayəndəliyindən ona bildirmişlər ki, ona məxsus evin Cavabdeh İB-nin Sabunçu rayon şöbəsinə 7160 manat borcu var, Cavabdeh İB-nə gedib məsələni dəqiqləşdirsin. Cavabdeh İB-nin Sabunçu rayonu üzrə şöbəsindən bildirmişlər ki, ona məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Azərbaycan qadını küçəsi 3 saylı evin borcu var və borc 7160 manat təşkil edir. Bu yaxınlarda iki ədəd aktı çətinliklə də olsa kənar şəxslərdən əldə etmişdir.Tərtib olunan aktlar qanunsuz, əsassız və saxta aktlardır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli 80 saylı qərarına əsasən qaz paylacısı qazdan istifadə edən istehlakçını bu qərarın 3.1.2-ci bəndinə əsasən istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməlidir. Lakin istehlakçı Məmməd Zodanovun mavi yanacağın istehlakı ilə bağlı Cavabdeh İB-nin Sabunçu rayonu üzrə şöbəsi ilə və digər təşkilat və idarələri ilə müqaviləsi olmamışdır. Təqdim olunan aktların məzmunundan görünür ki, aktlar 2020-ci ilin aprel ayının aktlarıdır, yuxarıda göstərilən qaydaların heç birinə əməl olunmamışdır. Aktlar saxta və əsassızdır ona görə ki, atası 20 oktyabr 2017-ci il tarixdə vəfat etmiş və Bilgəh qəbristanlığında el adət-ənənəsi ilə dəfn olunmuşdur. Aktı tərtib edənlərin məharətinə heyrandır, qəbristanlıqda atasını hansı yolla tapıblarsa hətta aktın surətini ona təqdim ediblər, o da imtina edib (aktın tərtib olunma yeri də qeyd olunmadığından bir daha aktın saxta olunmasına əsas verir). Aktda qeyd olunur ki, evdə dəmir soba və iki digər cihazlar vardır, evdə yalnız 4 göz dedikləri bir ədəd qaz peçi olub, aktda qeyd olunan iki cihaz isə ümumiyyətlə olmayıb, evin heç hamamı yoxdur. Daha sonra tərtib olunan ikinci saxta və qanunsuz aktın məzmunundan görünür ki, aktın harada tərtib olunduğu yer bəlli deyil, akt nömrəsizdir, rəhmətə getmiş atası aktı imzalayıb!!!. Aktın yuxarı sağ hissəsində Cavabdeh qeyd edilmişdir, belə çıxır ki, saxta aktı tərtib edib imzalayan Məmmədzadə Azər, Camalov Afiq, Əliyev Üivü mərhum atasının məzarını qəbristanlıqda tapıb mərhum atası ilə razılaşaraq onu Cavabdeh İB-nə dəvət edib aktı imzalatmışlar. Sabunçu rayon Bilgəh qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin göndərmiş olduğu akt və arayışdan aydın olur ki, Bilgəh qəsəbəsi Azərbaycan qadını küçəsi 3 saylı evdə 20 oktyabr 2017-ci il tarixdən (M.Zodanov rəhmətə getdikdən sonra) hal-hazıra kimi heç kim yaşamamışdır. Lakin 2020-ci il tarixdə saxta akt əsasında mərhum atasından tələb olunan və qanunsuz yazılan 7160.40 manat pulu üç il sonra tələb etməyə başlamışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini etiraf etmədi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 910059 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Sabunçu RİHB-nın Bilgəh qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X1 qəsəbəsi Azərbaycan qadını küçəsi 3 nömrəli evdə yaşamış, xx.xx.2017-ci ildə vəfat etmişdir. Qonşuların aktına əsasən xx.xx.2017-ci il tarixdən hal-hazıra kimi həmin ünvanda heç kim yaşamır. - X7, X4 və X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, mərhum X3 məxsus olmuş Azərbaycan qadını küçəsi 3 nömrəli evdə xx.xx.2017-ci il tarixdən hal-hazıra kimi heç kim yaşamır. - "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin elektron abonent bazasında ünvan 1 ünvanının su təchizatı xidmətindən istifadəyə görə hesabatının aparılması üçün xx.xx.2022-ci il tarixdə 46312783 nömrəli müqavilə bağlanaraq İddiaçı adına **********000 saylı abonent kodu açılmış və su xətti üzərində quraşdırılmış 22120208 nömrəli mexaniki tipli su sayğacının göstəricisinə əsasən hesabat aparılır. X2 adına "xxxx" ASC-nin elektron abonent bazasında abonent kodu və borc məbləği aşkar olunmadı. - təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, X2 evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etdiyi göstərilmişdir. - təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, X2 evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin mənzildə sayğacdan kənar təbii qazdan istifadə etdiyi göstərilmişdir. - təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, X2 evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etdiyi göstərilmişdir. - abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə 7160.40 manat məbləğində borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Azərbaycan qadını küçəsi 3 nömrəli fərdi yaşayış evində iddiaçının mərhum atası X6 yaşamış, sonuncu xx.xx.2017-ci il tarixdə ölmüşdür. Həmin vaxtdan halhazıradək qeyd olunan fərdi yaşayış evində heç kim yaşamır. Cavabdeh tərəfindən X2 adına təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar sonuncunun vəfatından sonra, yəni 2020-ci ilin yanvar, fevral və aprel aylarında tərtib edilmişdir ki, məhkəmə həmin aktları qanunsuz hesab edir. Bundan başqa, abonent saldosuna əsasən X2 vəfatından sonra sonuncunun abonent koduna 2018-2019-cu illərdə aktlar üzrə borc hesablandığı görünsə də, həmin borcun hesablanmasına dair aktlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə, cavabdeh X2 vəfatından sonra Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Azərbaycan qadını küçəsi 3 nömrəli fərdi yaşayış evində yaşayış olub-olmaması, olmuşdursa, həmin ünvanda iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsi, hesablanmış borcun iddiaçının təqsiri ucbatından yaranması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən **********00000 saylı abunə koduna hesablanmış 7160.4 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 91.60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən **********00000 saylı abunə koduna hesablanmış 7160.4 manat məbləğində borc silinsin. Cavabdehndən 91.60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-2556/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2556/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver