Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-257/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsindən irəli gələn öhdəliyin yerinə yetirilməməsinə görə cavabdehə mənzilin təmiri üçün ödənilmiş 15.761 (on beş min yeddi yüz altmış bir) manat, mənzilin təmiri dövründə kirayədə qaldığı 4 aya görə hər ay 500 (beş yüz) manat olmaqla 2000 (iki min) manat, məhkəmə xərclərinə görə ödənilmiş 148 (yüz qırx səkkiz) manat dövlət rüsumu, vəkil xidməti üçün ödənilmiş 1500 (min beş yüz) manat, ümumilikdə 19409 (on doqquz min dörd yüz doqquz) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, Cavabdeh MMC-nə ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 65 kv.m olan 78 saylı mənzilin təmirinə görə 15.760 (on beş min yeddi yüz altmış) manat pul ödəmişdir. Sözügedən mənzil təmirə başlanıldığı gündən 75 gün müddətinə təhvil verilməli idi. Lakin mənzilin müqavilədə göstərilən tarixdə təhvil verilməsi bir tərəfə, heç təmiri belə demək olar ki, aparılmamışdır. Buna baxmayaraq, o, müqavilə üzrə göstərilən məbləği tam olaraq ödəmişdir. Sözügedən mənzilin təmiri gecikdiyindən 4 ay, hər ay 500 (beş yüz) manat ödəməklə kirayədə qalaraq 2000 (iki min) manat zərərə düşmüşdür. xx.xx.2020-ci il müqavilənin 3.1-ci bəndinə əsasən podratçı iş(lər) bu Müqavilə, 1 saylı Əlavə ilə müəyyənləşdirilmiş şərtlərlə qüsursuz şəkildə həyata keçirir və razılaşdırılmış müddətdə sifarişçiyə təhvil verir. Müqavilənin 3.2-ci bəndinə əsasən icra olunmuş iş(lər)də qüsur, nöqsan və ya çatışmazlıqlar aşkar olunarsa, sifarişçi podratçıdan yaranmış qüsur, nöqsan və ya çatışmazlıqların aradan qaldırılmasını tələb edə bilər. Müqavilənin 3.3-cü bəndinə əsasən podratçının hərəkət və ya hərəkətsizliyinin nəticəsi olaraq sifarişçi tərəfindən bu müqaviləyə vaxtından əvvəl xitam verilərsə, tərəflər müvafiq təhvil sənədi əsasında qarşılıqlı hesablaşmalar aparır və görülməmiş işlər üçün əvvəlcədən ödənilmiş pul vəsaiti olarsa, həmin pul vəsaiti tam həcmdə podratçı tərəfindən sifarişçiyə geri qaytarılır. xx.xx.2020-ci il podrat müqaviləsinə əsasən cavabdeh müqavilə üzrə göstərilən, yəni 15.761 (on beş min yeddi yüz altmış bir) manat məbləği ondan 4 dəfəyə nağd şəkildə almışdır. Həmin məbləği nağd şəkildə alması onunla cavabdeh arasındakı “whatsapp” yazışmalarında öz əksini tapmışdır. O, dəfələrlə cavabdehdən mənzilin təmirinin nə vəziyyətdə olduğunu, təmirin gecikmə səbəbləri barədə məlumat almaq istəsə də, cavabdeh telefon zənglərinə cavab verməmiş, onu xəbərsiz buraxmışdır. Təmirin gecikməsi onun kirayə qalmasına səbəb olmuş və 4 ay öz büdcəsindən hər ay 500 (beş yüz) manat olmaqla, 2000 (iki min) manat pul ödəyərək kirayə haqqı vermişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə İddiaçı izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı 17.760 (on yeddi min yeddi yüz altmış) manat məbləğində pul vəsaitinin 10 (on) gün müddətində ödənilməsi təmin edilmədiyi təqdirdə, məhkəməyə müraciət edəcəyi barədə Cavabdeh MMC-ni xəbərdar etmişdir. -xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 148 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Cavabdeh MMC (bundan sonra podratçı) ilə İddiaçı (bundan sonra sifarişçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli podrat müqaviləsindən görünür ki, podratçı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində (bundan sonra - 1 saylı Əlavə) qeyd olunan təmir-tikinti işlərini yerinə yetirməyi (bundan sonra - İş(lər)), sifarişçi isə iş(lər)in bu Müqavilə ilə razılaşdırılmış dəyərini (ümumi məbləğini) ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqavilənin ümumi məbləği bütün vergilər daxil olmaqla 15.760 (on beş min yeddi yüz altmış manat) Azərbaycan manatı (AZN) təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən podratçı işə başlamaq üçün sifarişçi ümumi məbləğin 43% yəni 6777 (altı min yeddi yüz yetmiş yeddi manat) Azərbaycan manatı (AZN), tikinti (bölgü, hörgü), tavan,elektrik və su xətlərinin çəkilişi və suvaq işləri bitdikən sonra ümumi məbləğin 30% yəni 4728 (dörd min yeddi yüz iyirmi səkkiz manat) Azərbaycan manatı (AZN), üzlənmə (boyama, divar kağızı, kafel, metlax və s), elektirik açarlarının və yuvalarının qurulması, sanitar qovşağının tam hazırlanması bitdikən sonra ümumi məbləğin 17% yəni 2680 (iki min altı yüz səksən manat) Azərbaycan manatı (AZN), döşəmə və qapı quraşdırılmasından sonra isə ümumi məbləğin 10% yəni 1576 Azərbaycan manatı (AZN) ödəməlidir. Müqavilənin 3.3-cü bəndinə əsasən podratçının hərəkət və ya hərəkətsizliyinin nəticəsi olaraq sifarişçi tərəfindən bu Müqaviləyə vaxtından əvvəl xitam verilərsə, tərəflər müvafiq təhvil sənədi əsasında qarşılıqlı hesablaşmalar aparır və görülməmiş işlər üçün əvvəlcədən ödənilmiş pul vəsaiti olarsa, həmin pul vəsaiti tam həcmdə podratçı tərəfindən sifarişçiyə geri qaytarılır. -xx.xx.2021-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün Kürdəmir rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə Qubad qızına 1500 manat məbləğində pul vəsaiti ödənilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə 10/3282 nömrəli xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, baxış zamanı tədqiqat obyekti ilkin vəziyyətdə saxlanılmadığından, qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə müqavilə öhdəliklərinin lazımı qaydada icra edilməməsi və bunun nəticəsində ona ziyan dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan ziyanın nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Bundan başqa, məhkəmə-tikinti texniki ekspertizasının təyin edilməsi barədə qərardadın icrası zamanı ekspert tərəfindən tədqiqat obyektinə baxış keçirilmiş, lakin obyekt ilkin vəziyyətdə saxlanılmadığından, qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMCnə qarşı “öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-257/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-257/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver