Məhkəmə qərarları › İş №2(008)-2585/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2585/2024

15.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2585/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X7, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunazidd hərəkətin qadağan edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunazidd hərəkətin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, babası İddiaçı Cavad oğlundan vərəsəliklə atası X1 miras qalmış, vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən 3 saylı evin 1/3 hissəsinin layihəsinin çıxarılması üçün cavabdehlərin və digər şəxslərin maneəçilik törətmələrinin qadağan edilməsi barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçı Sadıqov X3 rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi döngə 5, ev 3-də qeydiyyatda olmaqla, orada yaşayır. Həmin fərdi yaşayış evi 1962-ci ildə vəfat etmiş babası İddiaçı Cavad oğluna məxsus olmuşdur. Babasının vəfatından sonra miras əmisi İbrahim və X9lar arasında faktiki bölünmüşdür. Atasının və əmisinin övladları sözügedən miras əmlakdan hazırkı vaxtadək istifadə edirlər. Vərəsəlik şəhadətnaməsinə görə babasından qalmış mirasın 2/3 hissəsi açıq qalmışdır. X9 öz adına çıxarış almışdır. Həmin əmlakın atasına düşən hissəsini öz adına rəsmiləşdirmək (çıxarış almaq) üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin əmisi qızları Cavabdeh1 və Cavabdeh2 çıxarış verilməsi üçün müvafiq qurumun əməkdaşlarının miras əmlaka texniki baxış keçirmələrinə, sxem-planının çıxarılması məqsədilə yerində ölçü işlərinin aparılmasına mane yaradırlar. Ona görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, nümayəndə və vəkil cavabdehlər və digər şəxslər tərəfindən maneənin yaradılmasını onlara qadağan edən qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı Zəkəriyyə oğlu vərəsəlik şəhadətnaməsinə görə babasından miras qalan ünvan 2 ünvanında yerləşən əmlakın özünə aid hissəsi ilə bağlı texniki baxış keçirməsinə, sxemplanının çıxarılması məqsədilə yerində ölçü işlərinin aparılmasını istəyə bilər, lakin miras əmlakdan ona aid hissədə hər hansı texniki baxış keçirmələrinə, sxem-planının çıxarılması məqsədilə yerində ölçü işlərinin aparılmasına icazə verməyəcəkdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: -Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport və kartoçkadan görünür ki, ünvan 1 ünvanında yerləşən 3 saylı ev İddiaçı Cavad oğluna ayrılmışdır. - Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin xx.xx.2023-cü il tarixdə arxivdə saxlanılan nüsxəsi ilə eyniliyi təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə ölmüş İddiaçı Cavad oğlundan ünvan 3 ünvanında yerləşən 3 saylı evin 1/3 hissəsi oğlu X2 miras qalmış, 2/3 hissə isə açıq qalmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, sözügedən fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Ona görə də, İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 3 saylı ev iddiaçının babası İddiaçı Cavad oğluna ayrılmış, sonuncu, xx.xx.1962-ci il tarixdə vəfat etmiş, həmin evin 1/3 hissəsi iddiaçının atası X4 tərəfindən miras əmlak kimi qəbul edilmiş, qalan 2/3 hissə isə açıq qalmışdır. İddiaçı isə atasından miras qalmış və onun tərəfindən faktiki qəbul edilmiş miras əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2023-cü il tarixli müraciət etsə də, həmin müraciətin icrası fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması səbəbindən mümkün olmamışdır. Hazırda iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər və digər şəxslər tərəfindən göstərilən maneənin aradan qaldırılmasını və bunun onlara qadağan edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-152.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 3 saylı evin 1/3 hissəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı zəruri olan bütün hüquqi hərəkətlərin icrasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneə törədilməsi onlara qadağan edilməlidir. İddia tələbinin iddiaçının babası İddiaçı Cavad oğlundan vərəsəliklə atası X1 miras qalmış, vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən 3 saylı evin 1/3 hissəsinin layihəsinin çıxarılması üçün digər şəxslərə maneəçilik törətmələrinin qadağan edilməsi hissəsində məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki, miras əmlaka dair layihənin çıxarılması üçün maneçilik törətmələrinin qadağan edilməsi tələb olunan digər şəxslərin dairəsini aydınlaşdırmaq, onları cavabdeh kimi işə cəlb etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərə aid edilməklə, onlardan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ünvan 3 ünvanında yerləşən 3 saylı evin 1/3 hissəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı zəruri olan bütün hüquqi hərəkətlərin icrasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneçilik törədilməsi cavabdehlərə qadağan edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu müştərək qaydada cavabdehlərə aid edilməklə, onlardan İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar