Məhkəmə qərarları › İş №2(008)-261/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-261/2025

09.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-261/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mehtiyev Əli Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Kürdəxanı Bələdiyəsi tərəfindən icarəsinə verilmiş Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Bağlar massvində yerləşən 1200 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Bələdiyəsinin xx.xx.2006-cı il tarixli, 809 T nömrəli torpaq icarə müqaviləsinə əsasən Kürdəxanı bağlar massivnidə 1200 kv.m torpaq sahəsi ona və qardaşı X1 Kürdəxanı Bələdiyyəsinin eyni tarixli, 810 T nömrəli icarə müqaviləsi ilə 1200 kv.m torpaq sahələri ayrılmışdır. Onlar həmin torpaq sahələrindən istifadə edərək orada müxtəlif növ ağaclar əkmiş, tikinti işləri görmək üçün daş tökmüş, ora traktorla beton plitələr alıb aparmışlar ki, gələcəkdə həmin ərazidə tikinti işləri aparsınlar. Vaxtı-vaxtında torpağın əmlak vergisini ödəmişlər. 2023-cü ilin yaz aylarında torpaq sahəsinə nəzarət etmək üçün gedəndə orada hər şey qaydasında olmuş, xx.xx.2024-cü ildə saat 10:00 radələrində yenidən həmin torpaq sahəsinə gedib baxanda görmüşlər ki, torpaş sahələri təxminən 2 metr hündürlüyündə mişar daşı ilə hasara alınmış və 2 ədəd darvarza qapısı qoyulmuşdur. Bu barədə Kürdəxanı Bələdiyəsinə müraciət etmiş, müraciətlərinə cavab olaraq baş verənlərdən Bələdiyyənin xəbəri olmadığını bildirmişlər. Daha sonra Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə ərizə ilə şikayət etmiş, torpaq sahəsinin zəbt edilməsi ilə bağlı araşdırma aparılmış və Sabunçu RPİnin 15-ci Polis Bölməsinin təhqiqatçısı F.Bədəlovun qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı cavabdehlərin torpaq sahələrinə dair heç bir sənədələri olmadığı, torpaq sahələrini açıq-aşkar zəbt etmələri məlum olmuşdur. Polisin araşdırmasının nəticəsi olaraq ona bu işin mülki xarakterli olduğu, göstərilən hallarla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etməyi qərara almışdır. II. Tərəflərin izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. III. İşin faktiki halları İş materiallarında "əsli ilə düzdür" olan xx.xx.2006-cı il tarixli 809 T nömrəli Bakı Şəhər Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsinin "Torpağın icarəyə verilməsinə dair qərar"ın surətindən görünür ki, Kürdəxanı qəsəbəsi bağ torpaq sahəsinin Şimal-Qərbdə yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaş İddiaçı icarəsinə verilməsi, Kürdəxanı Bələdiyyəsi ilə İddiaçı arasında icarə müqaviləsinin bağlanması qərara alınmışdır. İş materiallarında "əsli ilə düzdür" olan xx.xx.2006-cı il tarixli 809 T nömrəli "Torpaq icarəsi müqaviləsi"nin surətindən görünür ki, Kürdəxanı Bələdiyyəsi xx.xx.2006-cı il tarixli 09 nömrəli protokol əsasında yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini İddiaçı icarəsinə verməyi, İddiaçı isə onu qəbul etməyi öhdəsinə götürür. İş materiallarında olan Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı, polis polkovnikleytenantı Faiq Bədəlovun xx.xx.2024-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar"dan görünür ki, cinayət işinin başlanması üçün əsas olmadığından İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-16959/2025 nömrəli, mütəxəssis rəyi aşağıdakı kimi verilmişdir: Torpaq sahəsi sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 1390.0 kv.m təşkil edir (sahə iki hissəyə ayrılıb). Torpaq sahəsi üzərində köməkçi tikili mövcuddur. Sahəyə iddiaçı ilə hasarın xaricindən vizual olaraq baxış keçirildi. Mövcud hasar xaricindən göstərilən torpaq sahəsinin koordinatları rəyə əlavə olunur. Göstərilən torpaq sahəsi iddiaçının istifadəsində deyil. Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim olunmuş cizgidə dəqiq istinad, istinad məsafələri qeyd olunmadığından, perimetrik ölçü və konfiqurasiyada fərq olduğundan sənədin gösterilən sahəyə aid olub-olmamasının müəyyənləşdirmək mümkün olmamışdır. Sahə Dövlət mülkiyyəti torpağıdır. Sahədəki tikilinin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 10/4108 nömrəli, ekspert rəyi aşağıdakı kimi verilmişdir: Torpaq sahəsi sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 1390.0 kv.m təşkil edir (sahə iki hissəyə ayrılıb). Torpaq sahəsi üzərində köməkçi tikili mövcuddur. Sahəyə iddiaçı ilə hasarın xaricindən vizual olaraq baxış keçirildi. Mövcud hasar xaricindən göstərilən torpaq sahəsinin koordinatları rəyə əlavə olunur. Göstərilən torpaq sahəsi iddiaçının istifadəsində deyil. Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim olunmuş cizgidə dəqiq istinad, istinad məsafələri qeyd olunmadığından, perimetrik ölçü və konfiqurasiyada fərq olduğundan sənədin gösterilən sahəyə aid olub-olmamasının müəyyənləşdirmək mümkün olmamışdır. Sahə Dövlət mülkiyyəti torpağıdır. Sahədəki tikilinin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. IV. Tətbiq edilən hüquq və məhkəmənin mövqei Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi torpaq sahəsi üzərində mülkiyyət və onun növlərini müəyyən edir. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi Krüdəxanı Bələdiyəsi ilə bağlanmış icarə müqaviləsinə əsasən xx.xx.2006-cı ildən 10 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Bu müddətin sonunda, yəni 2016-cı il tarixdən sonra onunla müqavilənin qüvvəsi uzadılmamış, iddiaçının həmin torpaq hər hansı hüququ təsdiq edən sənəd məhkəməyə təqdim etməmişdir. Başqa sözlə, İddiaçı adına həmin torpaq sahəsi ilə bağlı sahiblik və ya istifadəsində olmasını təstiq edən sərəncam, mülkiyyət hüququnu təstiq edən heç bir sənəd təqdim edilməmişdir. Eyni zamanda mütəxəssisin və ekspertin rəylərindən görünür ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Göründüyü kimi mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olduğundan həmin sahənin zəbt olunması və ya boşaldılaraq geri qaytarılması barədə tələblə məhkəməyə müraciət etməyə İddiaçı subyektiv hüququ yoxdur. Çünki, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsinə dair sənəd təqdim etməmişdir. İddiaçı yalnız torpaq sahəsinin məhz ona ayrıldığını və ya sahə ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından, irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı tələb irəli sürən zaman iddia tələbini onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsi Bələdiyyə tərəfindən ona icarəyə verilmiş, onun icarəsindədir və torpaq sahəsi ona məxsusdur. İş materiallarından ümumiyyətlə torpağın bələdiyyə torpaqlarına aid olmadığı, dövlət mülkiyyətində olması müəyyən edildiyindən, bələdiyyənin həmin əraziyə icarə müqaviləsi bağlaması istisna olunur və İddiaçı bələdiyyə tərəfindən torpaq sahəsinin dair verilmiş çizgi, həmin torpaq sahəsi ilə üst-üstə düşmür. Bütün bu göstərilənlər bir daha göstərir ki, İddiaçı göstərilən torpaq sahəsi ilə bağlı iddia irəli sürməsi üçün subyektiv hüquqa malik deyildir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. V. Nəticə: Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərclər iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar