Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2639/2023 18.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Əminə Pünhan qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı elektron sayğacın quraşdırılması və dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı elektron sayğacın quraşdırılması və dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək ona məxsus olan fermer təsərrüfatına yəni elektron sayğacın quraşdırılması və ona dəymiş olan 1500 manat zərərin "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, fermer təsərrüfatı ilə məşğuldur. Ona görə də fəaliyyətinə uyğun olaraq qeyri-əhali işıq sayğacı quraşdırılmış. Həmin sayğacda kartla işləyir. Digər obonentlərdə kartla işləyən sayğac yoxdur və ancaq onun təsərrüfatında qoyulmuşdur. Ona məxsus olan kartla işləyən sayğacın işləmə prinsipi çətindir və tez-tez koda düşür. Bu isə onu get-gelə təsərrüfatında problemlər yaradır. O, elektrik enerjisinin dəyərini köçürmə yolu ilə ödəyir. Sayğacdan kartla istifadə etmək onun işinə demək olar ki, maneçilik törədir. Dəfələrlə Azərişıq ASC-yə rəsmi və şifahi şəkildə bildirsə də onun təsərrüfatında olan kart sayğacını elektorn sayğacla əvəz etmirlər. Təsərrüfatın inkişafına maneçilik törədirlər. Artıq 4 aydır ki, sayğac xarab olmuşdur və kartı sayğac qəbul etmir. Azərişıq ASC-nin işçiləri 29 oktyabr 2022-ci il tarixdə gələrək sayğaca baxış keçirtmişlər və 043528 nömrəli AKT tərtib edilmişdir. Aktda kartı sayğacın qəbul etmədiyi və sayğacın yenidən quraşdırılması qeyd edilmişdir. Lakin bu günə kimi yeni sayğacı quraşdırılması qeyd edilmişdir. Lakin bu günə kimi heç bir tədbir görülmür. Nəticəsində ona maddi ziyan dəymişdir. Məcburiyyət qarşısında qalaraq, əhali sayğacından fərdi yaşayış evinin sayğacından fermer təsərrüfatına işığı birləşdirmişdir. Əhali sayğacında limit olduğu üçün limiti keçdiyinə görə artıq ödəniş etmişdir. Fermer təsərrüfatı üçün nəzərdə tutulan işıq pulu fərdi obonentlər üçün nəzərdə tutulan məbləğdən aşağıdır. Hesab edir ki, xarab sayğacı elektron sayğacla əvəz etməlidirlər. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə idddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin elektron sayğacın quraşdırılması hissəsinə dair iddia ərizəsi üzrə mübahisənin ümumi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edildiyindən mülki işə həmin hissədə xitam verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 16.3-cü bəndinə əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia tələbinin bir hissəsini əhatə edən iddia tələbinin elektron sayğacın quraşdırılması hissəsi tələbinə dair məhkəmə aidiyyat qaydaları pozulmuşdur. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati xarakterli və inzibati məhkəmələrin yuristiksiyasına aid olduğundan iddia tələbinin elektron sayğacın quraşdırılması tələbinə dair mülki işin icraatına xitam verilməli, iddiaçı həmin iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.4-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 191, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı elektron sayğacın quraşdırılması və dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya hazırki tələblə bağlı inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi formasında müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-2639/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2639/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver