Məhkəmə qərarları › İş №2(008)-2639/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2639/2024

14.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2639/2024 14.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh4 və Cavabdeh2 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi olmaqla “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi olmaqla “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədhəsən Hacınski küçəsi, məhəllə 4083, 7 nömrəli mənzilindən çıxarılmaları və həmin mənzilin boşaldılaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun illər mənzil növbəsində olmuş, nəhayət Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 30 yanvar 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sovet (indiki Məmmədhəsən Hacınski) küçəsi, məhəllə 4083, 31 nömrəli evin, sahəsi 48,19 kvm olan 4 otaqlı 7 nömrəli mənzilinin ona verilməsi qərara alınmışdır. Göstərilən sərəncam əsasında həmin mənzilə dair 28 fevral 1995-ci il tarixdə onun adına 000649 nömrəli order verilmişdir. Orderə onun adı və daha dörd nəfər (arvadı, 2 oğlu və qızı) ailə üzvlərinin adları daxil edilmişdir. Göstərilən mənzilin və ailə üzvlərinə verilməsi və həmin mənzilə dair adına orderin verilməsi ilə onun və ailə üzvlərinin göstərilən mənzilə köçmək hüquqları yaranmışdır. Sadalanan qanunvericilik aktı nomalarına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sovet (indiki Məmmədhəsən Hacınski) küçəsi, məhəllə 4083, 31 nömrəli evin, sahəsi 48,19 kvm olan 4 otaqlı 7 nömrəli mənzilinin ona verilməsi ilə və həmin mənzilə dair 28 fevral 1995-ci il tarixdə onun adına 000649 nömrəli orderin verilməsi ilə göstərilən mənzil dair hüquq əldə emişlər. Lakin, cavabdchlərin mənzili özbaşına tutmaları nəticəsində uzun müdətdir ki, mənzildən məhrum olmuşlar. Bununla da mənzil hüquqları pozulmuşdur. Həmçinin əlavə məhrumiyyətlərə də məruz qalmışlar. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sovet (indiki Məmmədhəsən Hacınski) küçəsi, məhəllə 4083, 31 nömrəli evin, sahəsi 48,19 kvm olan 4 otaqlı 7 nömrəli mənzilinin qanuni əsaslarla istifadəçisi olduğu halda, bununla da göstərilən mənzilə köçmək mənzilin təbii faydalı xassəsini əldə etməyin hüquqi cəhətdən təmin edilmiş imkanı olduğu halda, cavabdehlərin mənzili özbaşına tutmaları nəticəsində məcbur olaraq başqa ünvanlarda kirayələrdə yaşayaraq kirayə haqqının ödənilməsinə dair yersiz xərclər çəkmişlər. Cavabdehlər əslən Zəngilan rayonundan olmaqla məcburi köçkün olmuşlar. Onlar qanuni əsaslarla onun və ailəsinin istifadəsində olan göstərilən məzili 1995-ci ildən sonra özbaşına zəbt etmişlər. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sovet (indiki Məmmədhəsən Hacınski) küçəsi, məhəllə 4083, 31 nömrəli evin, 7 nömrəli mənzilinə dair mənzil hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009cu il tarixədək qüvvədə olmuş) 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Onun və ailə üzvlərinin hüquqları göstərilən mənzilə dair adıma orderin və beləlikdə göstərilən mənzilə köçməyinə hüquqi imkanın yarandığı zaman qüvvədə olmuş (1995-ci il) qanunların tələbləri pozulmuş və hazırda da pozulmaqda davam edir. Odur ki, göstərilən mənzilə dair hüquqları istər mənzil hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş və istəsə də hazırda qüvvədə olan maddi hüquq normaları ilə təsbit edilmiş hüquqları pozulmaqda davam edir. Bununla da onun və ailə üzvlərinin göstərilən mənzilə köçmək, mənzilin təbii faydalı xassəsini əldə etməyin hüquqi cəhətdən təmin edilmiş imkanından qanunsuz olaraq məhrum edilməyi hazırda da davam edir. Göstərilənlərə əsasən əsasən istər hüququ nizamasalma dairəsinə görə, istərsə də məskunlaşma müddətinə görə cavabdehlər göstərilən qanun qüvvəli normativ aktlara əsasən məskunlaşdıqlan sahədən çıxarılmaları dayandırılmalı olan şəxslər dairəsinə daxil deyillər. Digər tərəfdən, Zəngilan rayonundan olan məcburi köçkünlər üçün yeni yaşayış məntəqəsi inşa edilmişdir. Həmçinin Dövlətin, onun ali Baş Komandanının və ordunun səyi və rəşadəti nəticəsində Zəngilan rayonu və digər işğalda olan rayonları işğaldan azad edilərək, torpaqlarının bütövlüyü təmin edilmişdir. Odur ki, cavabdehlərin istər onun və ailəsinin istifadəsinə verilmiş mənzili tutmaları üçün və istərsə də həmin mənzili zəbt etməkdə davam etmələri üçün faktiki və hüquqi əsasları yoxdur. Göstərilənlərə əsasən, göstərilən mənzilə dair hüququm olduğundan, habelə özünün mənzilə ehtiyacı olduğundan, mənzilini özbaşına tutmuş cavabdehlərin mənzildən çıxarılmaları və bununla da mənzilinin cavabdehlərin qanunsuz sahibliyindən qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, onun tələbi əsasında göstərilən mənzildən çıxarılmalıdırlar. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək mənzilin mülkiyyətçisinin iddiaçı olduğunu, lakin evdən ona işğaldan azad olunmuş Zəngilan rayonundan ev verildikdən sonra çıxacağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək Cavabdeh2 uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər və Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin səlahiyyətli nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə digər cavabdehlərin və üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı, X2, X3 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatdadırlar. Nəsimi Rayon İcra Hakimiyyətinin 000649 nömrəli, xx.xx.1995-ci il tarixli orderinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 48.19 kvadrat metr sahəsi olan mənzil İddiaçı və ailə üzvləri Həsənova X.A, Həsənov X.T, Həsənov R.T, Həsənova M.T olmaqla təhvil verilmişdir. - 23093 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. MPM-nin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 149 saylı Fərmanına əsasən «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X4 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sovet (indiki Məmmədhəsən Hacınski) küçəsi, məhəllə 4083, 31 saylı mənzili İddiaçı adına xx.xx.1995-cı ildə qeydiyyata alınmışdır. Eyni zamanda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Zəngilan rayonundan məcburi köçkün olması və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sovet (indiki Məmmədhəsən Hacınski) küçəsi, məhəllə 4083, 31 saylı mənzili ünvanında müvəqqəti məskunlaşması (zəbt olunmuş mənzil) faktı aşkar edilmişdir. İddiaçı onlardan mənzili tərk etməyi tələb etsə də, hal-hazıradək cavabdehlər mübahisəli mənzildə yaşamaqdadırlar. Məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sovet (indiki Məmmədhəsən Hacınski) küçəsi, məhəllə 4083, 31 saylı mənzilə hər hansı bir hüquqları yaranmayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mülkiyyətçinin razılığı olmadan bu mənzildə yaşamaları X1 mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qeyd olunan mənzildən çıxarılmalarına dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, Cavabdeh2 20 may 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak etmiş və iddianı qəbul edərək, 31 ildən artıq onun evində yaşadığını Zəngilan rayonuna mənzil növbəsi üçün ilk yazılanlardan biri olduğunu, köç başladığı vaxt evi təhvil verəcəyini bildirməklə də iddianı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olanlara əsasən və MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədhəsən Hacınski küçəsi, məhəllə 4083, 7 nömrəli mənzilindən çıxarılsınlar və həmin mənzil boşaldılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar