Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-267/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə və torpaq sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, baxaraq, məhkəmə müəyyən etdi̇ : İddiaçı Cavabdeh qarşı “evə və torpaq sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 75 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi 0,0883 ha torpaq sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 75 saylı fərdi yaşayış evi 1/2 hissədə onun, ½ hissədə isə qardaşı Cavabdeh paylı mülkiyyətindədir. Yaşayış evinin ümumi sahəsi 106.60 kv.m, həyətyanı torpaq sahəsi isə 0.0883 ha sahədən ibarətdir. Yaşayış evinin üzərində mülkiyyət, torpaq sahəsinin üzərində istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavadeh onun qardaşıdır, öz ailəsini də həmin evdə yerləşdirmişdir. Cavabdeh və ailə üzvləri ona paylı mülkiyyətində olan evdə yaşamağa imkan vermirlər. Dəfələrlə demişdir ki, evi və həyatyanı sahəni paylarına uyğun qarşılıqlı razılıqla ayırsınlar ki, o da kirayələrdən canını qurtarıb orada yaşaya, özünə ev tikə bilsin, lakin cavabdeh buna qəti razı olmamışdır. İndiki halda paylı mülkiyyətçi kimi fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə köçürülməyinə ehtiyac yaranmışdır. Cavabdeh öz ailə üzvlərini həmin ünvana yerləşdirməklə orada yaşayır, öz istədiyinə uyğun tikinti işləri aparır, onu isə həmin evdə yaşamağa qoymur. Göstərilənlərə əsasən, iddiaçı iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə proses iştirakçıların izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 184.2-ci maddəsinin mahiyyətinə əsasən, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan və Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 75 saylı fərdi yaşayış evinin ½ hissəsi üzərində xx.xx.2003-cü il tarixdə Cavabdeh, qalan ½ hissəsi üzərində isə xx.xx.2020-ci il tarixdə İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-180/2022 saylı qətnaməsinə əsasən, ünvan 2 ünvanında yerləşən 75 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitin 2 hissəyə bölünməsindən sonra 10.800 manat çıxılmaqla İddiaçı qalan məbləğin Cavabdeh verilməsi, 300 manat ekspertiza xərcinin İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5278/2022 saylı qətnaməsi ilə qismən təmin edilmiş və sözügedən qətnamə mübahisələndirilən – satışdan əldə edilmiş vəsait iki hissəyə bölündükdən sonra 10.800 manat pulun çıxılması hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmamasından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan ünvan 2 ünvanında 0.0883 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 106,6 ha olan 75 saylı fərdi yaşayış evi tərəflərin bərabər paylı mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan evə daxil olmağa cavabdeh tərəfindən maneə yaradılması səbəbindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin tərəflər arasında sözügedən fərdi yaşayış evinin naturada bölünməsi və ya dəyərinin ödənilməsi və ya açıq hərracdan satılması və satış pulunun paylara mütənasib bölünməsi tələbi üzrə məhkəmə çəkişmələri olmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 5278/2022 saylı qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-180/2022 saylı qətnaməsi satışdan əldə edilmiş vəsait iki hissəyə bölündükdən sonra 10.800 manat pulun çıxılması hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin araşdırılmış hallarından göründüyü kimi, mübahisə predmeti olan evin tərəflərin bərabər paylı mülkiyyətində olması və tərəflərin həmin daşınmaz əşya üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması işin mübahisəsiz halıdır. Belə olan halda, ünvan 2 ünvanında yerləşən 75 saylı fərdi yaşayış evi ½ hissədə İddiaçı paylı mülkiyyətində olduğundan və ev naturada bölünmədəyindən onun evə və üzərində yerləşdiyi torpaq sahəsinə köçürülmə barədə iddiası haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin huquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Həmin Məcəllənin 213.1 və 213.2-ci maddələrinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi̇ : İddia tələbi təmin edilsin. İddiaçı, ünvan 2 ünvanında yerləşən 75 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi 0.0883 ha torpaq sahəsinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-267/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-267/2023
03.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver