Məhkəmə qərarları › İş №2(008)-2697/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2697/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2697/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AKT NDM № 017922 saylı aktın etibarsız hesab edilərək ləğv edilməsi və elektrik enerjisi üzrə abonent kodu **********00014 olan, elektrik enerjisinə görə “xxxxxxxx” ASC tərəfindən əsassız hesablanmış 1143 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Xocavənd rayonu Axullu kəndində qeydiyyatda olsa da, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır və həmin ünvan üzrə elektik enerjisi üzrə **********00014 saylı abonent istifadəçisidir. X1yə uyğun olaraq aylıq ödənişləri tam şəkildə ödəyir. Onun hər hansı bir borcu olmamışdır. xx.xx.2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları yaşadığı ünvanda quraşdırılmış Al80805993 nömrəli sayğaca onun iştirakı və xəbəri olmadan baxış keçirmiş, bununla bağlı AKT NDM № 017922 nömrəli akt tərtib edilmişdir. Həmin aktda, qeyd olunur ki, E.E.İ.Q-na uyğun olaraq baxış keçirən zaman məlum oldu ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacı sxeması keçən elektrik yükünü tam qeyd etmir. Alt qapaq möhürü şübhəlidir. Həmin aktda, sayğacın yenisi ilə əvəz edilməsi, çıxarılan sayğacın bütün parametrlərinin laboratoriya şəraitində rəy verilməsi göstərilmişdir. Sözügedən akt əsasında, mübahisəli sayğac yeni 22691234 nömrəli sayğacla əvəz edilmişdir. Bununla bağlı, ******* nömrəli protokol tərtib edilmişdir. Çıxarılan ********* nömrəli sayğac xx xxxxxx 2020-ci il tarixdə dövlət yoxlamasından keçirilmiş və tərtib edilən protokolda qeyd edilir ki, sayğacın 229401 saylı sarı alt qapaq və dövlət möhürləri pozulub. Sayğacın gövdəsinin arxası germetik hissədən açılaraq daxili sxeminə müdaxilə olunub. Sayğac yuxarıda göstərilən xəta faizləri ilə az sərfıyyat hesablanır. Sayğac istismara yararsızdır. İddiaçıya “xxxxxxxx” ASC-nin Sabunçu rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən göndərilən xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda qeyd olunur ki, onun elektrik enerjisinə görə yaranmış borcu 1,143 manat təşkil edir və elektrik enerjisinin xx.xx.2020-ci il tarixdə saat 12:00 dan etibarən dayandırılacaqdır.Hesablanmış həmin borc məbləği ilə razılaşmadığından bununla bağlı cavabdeh təşkilata müraciət edərək əsassız hesablanmış borcun silinməsini tələb etsəm də, heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən hesablanmış borc tamamilə əsassızdır. O, aylıq ödənişləri vaxtlı-vaxtında etmişdir. Bununla bağlı ödəniş qəbzləri də var. Onun tərəfimdən sayğaca hər hansı bir müdaxilə də olunmayıb. Dövlət yoxlaması qərəzli şəkildə aparılmışdır. Yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirilən zaman akt tərtib edilib imzalanarkən “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən qanun pozuntusuna yol verilmiş və həmin pozuntular aktın etibarsız hesab edilməsi üçün əsasdır. Belə ki, tərtib edilmiş akta görə, ona məxsus yaşayış evinə sayğacfərdi yaşayış evinə məxsus elektrik sayğacı sxeması keçən elektrik yükünü tam qeyd etmir. Alt qapaq möhürü şübhəlidir. Həmin akt tərtib edilən zaman abonent kimi iştirakı olmamış və onun tərəfindən imzalanmamışdır. Aktda isə, guya imza etməkdən imtina etməyi qeyd edilmişdir. Halbuki, mövcud qanunverciliyə əsasən istehlakçı tərəfindən X1də pozuntuya yol verildiyi müəyyən edildikdə, akt abonentin və iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilir, “xxxxxxxx” ASC-nin əməkdaşları isə bu tələbi pozmuşlar. Daha sona İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona AKT NDM № 017922 saylı akt əsasında əsassız hesablanmış 1143 (min yüz qırx üç) manat məbləğində borcun silinməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin həcminin artırılması barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatından bildirmişdir ki, borc akt əsasında hesablanmışdır. Həmin akt möhürün pozulmasına görə tərtib edilmişdir. 10864 kvt itirilmiş elektrik enerjisi tarif şurasının qərarına əsasən 70 qəpik hesablanmışdır. Sayğac küçədə yerləşir. Məhkəm iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xxxxxxxx ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 017922 saylı aktın surətindən görünür ki, istehlakçi İddiaçı məxsus abonent kodu **********0014 olan sayğaca baxış keçirilmiş elektrik sayğacının düzgün işləməməsi və buna səbəb kimi sayğaca medaxilə olunması və alt qapaq möhürünün silinməsi göstərilmişdir. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus elektrik sayğacına yoxlama zamanı məlum olmuşdur ki, elektrik sayğacının sarı alt qapaq və dövlət möhürlərinin pozulması və sayğacın gövdəsinin arxa tərəfində olan germetik hissədən açılaraq daxili sxeminə müdaxilə olması qeyd olunmuşdur. Nəticədə 10864 kvts elektrik enerjisinin itirilməsi müəyyən edilmişdir. Buna əsas kimi xx.xx.2020-ci il tarixli 017922 saylı akt göstərilmişdir. Abunə kodu **********00014 olan obonentin abunə haqqında saldosundan görünür ki, İddiaçı enerji istifadəsinə görə 1143 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «X1 Qaydaları»nın 5-ci bəndinə əsasən yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında enerjiresurslarından səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər normativ sənədlərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin "Dövlət Enerjinəzarət" İdarəsi həyata keçirir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 7.17-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdirlər. İşin yuxarıda müəyyən edilmiş hallarından göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, EŞMehdiyev küçəsində nömrəsiz fərdi yaşayış evində cavabdeh tərəfindən sayğac quraşdırılmış, həmin sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyət isə qanunla cavabdehin üzərinə qoyulmuşdur. “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfidən keçirilmiş yoxlama zamanı həmin sayğacın möhrünün pozulması və sayğacın arxa tərəfində olan germetikanın deşilməsi” səbəbindən istehlakçıya 1143 manat əsassız borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların elektrik sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin elektrik paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək, 017922 saylı akt əsasında iddiaçıya hesablanmış 1143 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, rüsum cavabdehdən alınaraq dövlət nəfinə tutulmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı qızna AKT NDM № 017922 saylı akt əsasında əsassız hesablanmış 1143 (min yüz qırx üç) manat məbləğində borc silinsin. Cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakışəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar