Məhkəmə qərarları › İş №2(008)-2704/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2704/2025

18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2704/2025 18.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Elektron-məhkəmə” informasiya sistemində mövcud olan şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən, Ərizəçi ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmçinin həmin Qanunun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yerinin müəyyən edilməsi barədə sənəd yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Sözügedən Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Həmin Qanunun 10-cu maddəsində qeyd edilmişdir ki, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, ış günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalı və bu barədə onun şəxsiyyət vəsiqəsinin arxa tərəfində müvəqqəti qeyd aparmalıdır. Göründüyü kimi, qanunvericilikdə şəxsin yaşayış yeri dedikdə, onun daimi və müvəqqəti yaşadığı və şəxsiyyət vəsiqəsində müvafiq dövlət orqanı tərəfindən qeyd aparıldığı yer nəzərdə tutulur. Bu səbəbdən də, hazırkı ərizəyə ərizəçinin yaşayış kimi qeyd edilən ünvan 2 ünvanının yerləşdiyi yer üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində deyil, qeydiyyatda olduğu yer üzrə Füzuli Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar