Məhkəmə qərarları › İş №2(008)-2708/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2708/2020

09.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2708/2020 09.06.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili x1, Maraqlı şəxsin nümayəndəsi və vəkili x4 iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, 1/1 ünvanında yerləşən fərdi yaşayış evinin 85 saylı mənzilinin mülkiyyətçisi mərhum x2 ilə qohumluq münasibətində olmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul eilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili x3 ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 4 saylı Bakı Asan Xidmət mərkəzində yerləşən Notariat ofisinin etibarnamə üzrə nümayəndəsi və vəkili x5 tələbi qəbul etməyərək bildirdi ki, ərizəçinin göstərdiyi fakt hazırkı qaydada təsdiq oluna bilməz. Mülki iş üzrə hüquq haqqında mübahisə yarandığından ərizənin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, ərizənin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq, belə hesab edir ki, iş üzrə hüquq haqqında mübahisə yarandığından, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətləri barədə işlərə baxır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin qərarın 2.1-ci bəndində qeyd olunur ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, hazırki hüquqi faktın tanınmasının hansı hüquqi nəticələrə səbəb olacağı barədə iş materiallarında heç bir sənəd yoxdur. Belə olan halda, ərizəçinin xüsusi icraat qaydasında ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar