Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2715/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kirayəçi kimi ona və uşaqlarına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı 810 YYK, 11 saylı evin 1 saylı mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, Füzuli Rayon Məhkəməsinin 07.01.2010-cu il tarixli, 2(064)-04/2010 saylı qətnaməsi iddia tələbi təmin edilərək, onunla Cavabdeh arasında 08.08.2005-ci il tarixdə 42 sayı ilə Füzuli rayonu Əhmədbəyli kənd İcra Nümayəndəliyində qeydə alınmış nikah pozulmuş, bu barədə akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. 30.07.2019-cu il tarixli, 11/1 saylı Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı 810 YYK, 11 saylı evin 1 saylı mənzili kirayəçi kimi müvəqqəti yaşamaq üçün onun və uşaqları X2, X3 və X1 və istifadəsinə verilmişdir. Lakin onun razılığı olmadan, zor tətbiqi ilə keçmiş əri Cavabdeh da həmin mənzildə onlarla birlikdə yaşayır. Cavabdehlə eyni mənzildə yaşamaqları ailədə hər gün dava-dalaşa səbəb olur, cavabdeh onu və uşaqlarını təhqir etməklə birgə yaşayışlarını dözülməz etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 07.01.2010-cu il tarixli, 2(064)-04/2010 saylı qətnamənin surətindən görünür ki, həmin qətnaməyə əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08.08.2005-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 19.06.2005-ci il təvəllüdlü X2 və 30.09.2007-ci il təvəllüdlü X3 anaları İddiaçı himayəsində saxlanılmaları qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikahın ləğvi barədə 10.06.2010-cu il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə İddiaçı arasında bağlanmış 30.07.2019-cu il tarixli, 11/1 saylı Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Dövlətqaçqınkom” tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı 810 YYK, 11 saylı evin 1 saylı mənzili kirayəçi kimi müvəqqəti yaşamaq üçün İddiaçı və onun ailə üzvü olan uşaqları - X2, X3 və X1 və istifadəsinə verilmişdir. İş materiallarında olan AZE seriyalı, ******** saylı, 16.07.2017-ci il tarixdə ASAN1 tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 08594267 saylı, 02.07.2011-ci il tarixdə Füzuli RPŞ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Füzuli rayonu, Araz Dilağarda kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 23.04.2021-ci il tarixli, 02/433 saylı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh məcburi köçkün statusunun olub-olmaması barədə heç bir məlumat aşkar edilməmiş, həmçinin o, dövlət tərəfindən mənzillə təmin olunmamışdır. Beləliklə, məhkəmə tərəfindən işin araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı və cavabdeh 08.08.2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 07.01.2010-cu il tarixli məhkəmə qətnaməsinə əsasən, həmin nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş azyaşlı uşaqların analarının himayəsində saxlanılmaları qət edilmişdir. İddiaçı Füzuli rayonundan məcburi köçkün olduğundan, onunla müvafiq səlahiyyətli qurum arasında 30.07.2019-cu il tarixdə, yəni tərəflər arasında nikah pozulduqdan uzun müddət sonra xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılaraq, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı 810 YYK, 11 saylı evin 1 saylı mənzili kirayəçi kimi müvəqqəti yaşamaq üçün iddiaçının və uşaqlarının sahibliyinə və istifadəsinə verilmişdir. İddiaçının keçmiş əri olan cavabdeh isə, hər hansı qanuni əsas və ya iddiaçının razılığı olmadan, qeyd olunan mənzildə yaşamaqla yanaşı, həmin mənzildə münaqişələr yaradır, iddiaçının və uşaqlarının rahatlığını pozaraq, birgə yaşayışlarını qeyri-mümkün etmişdir. Baxılan mülki işdə iddiaçı məcburi köçkün olduğundan, mənzilin mülkiyyətçisi kimi deyil, kirayəçisi kimi çıxış edir. Bu baxımdan da, məhkəmə hazırki işlə bağlı mülkiyyət münasibətlərini tənzimləyən hüquq normalarına müraciət etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının və onun övladlarının istifadəsində olan mənzildən iddiaçının razılığı olmadan cavabdehin istifadəsi, iddiaçının mənzil üzərində istifadə hüquqlarını pozduğundan, iddia təmin edilərək, cavabdeh Cavabdeh İddiaçı istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı 810 YYK, 11 saylı evin 1 saylı mənzilindən istifadə hüququna xitam verilməli və o, həmin mənzildən məcburi qaydada çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən, Cavabdeh 10 (on) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı 810 YYK, 11 saylı evin 1 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı 810 YYK, 11 saylı evin 1 saylı mənzilindən məcburi qaydada çıxarılsın. Cavabdeh 10 (on) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2715/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2715/2021
27.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver