Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-274/2024 23.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı, X5 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildiyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı, X5 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildiyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsindən çıxarılmaları və cavabdehlər tərəfindən yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddianı müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı üçüncü şəxs X13 ilə 2013-cü ildə rəsmi nikaha daxil olmuşdur, 2018-ci il tarixdə isə nikahları pozulmuşdur. İddiaçı əmisi oğlu Elçinin maddi köməkliyi ilə mübahisəsi gedən evi almışdır. Ev alınarkən evin təmir işləri iddiaçı tərəfindən aparılmışdır. Tərəflər rəsmi nikah münasibətində olarkən X13, həmin evdə yaşaya-yaşaya həmin evə köçürülməsi üçün məhkəməyə müraciət etmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə o, həmin evə köçürülmüşdür. Daha sonra iddiaçı özü həmin evə köçürülməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının həmin evə köçürülməsi qət edilmişdir. Hər iki tərəfin Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsinə köçürülmələri ilə bağlı məhkəmə qətnamələri var. Qətnamənin icra edilməsi mərhələsində həmin mübahisəli evdə hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 yaşadıqları müəyyən olunmuş, qətnamənin icrası mümkün olmamışdır, hazırda da icra olunmadan qalmaqdadır. Mübahisəli ev özbaşına tikilidir, rəsmi çıxarışı yoxdur, bu səbəbdən həmin evlə bağlı alqı-satqı mümkün deyildir, çünki dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-2833/2020 saylı qətnaməsi ilə iddiaçının cavabdeh X8 qarşı “yaşayış sahəsinə köçürülmə” barədə iddia tələbi təmin olunaraq, onun Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsinə köçürülməsi qət olunmuşdur. Qətnamədən razı qalmayan cavabdeh apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-6894/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi icraya yönəldilməsinə baxmayaraq, Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmurlarının hərəkətsizlikləri nəticəsində bu günə qədər qətnamə icra edilməmiş və icra məmuru X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli tarixli qərarla icra işi məhkəməyə qaytarılmışdır. Bu müddətdən istifadə edən qeyd olunan mülki iş üzrə cavabdeh X13 mübahisəsi olunan evə qeyri-qanuni də olsa hazırkı iş üzrə cavabdehi və onun ailə üzvlərini buraxmışdır. Dəfələrlə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra olunmasından ötrü icra məmurları ilə mübahsəli ünvana gedilsə də, hazırkı iş üzrə cavabdeh və onun ailə üzvləri məhkəmə qərarını icra etməyə maneçilik göstərmişlər. İcra məmuru tərəfindən çıxarılmış xx.xx.2023 il tarixli qərarla icra işi məhkəməyə qaytarıldığına görə iddiaçı məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, nümayəndə və vəkil iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli ev özbaşına tikili olmuş, heç kəsin mülkiyyətində olmamışdır. İddiaçı mübahisəli evə mülkiyyət və ya sahiblik hüququnun reyestrdə qeydə alınmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Mübahisəli ev X13 tərəfindən X14, sonuncu tərəfindən isə xx.xx.2021-ci il tarixdə Cavabdeh1 satılmışdır. Evin faktiki və vicdanlı sahibi hazırda Cavabdeh1dır və hazırda həmin evdə yaşayır. Qeyd olunanlara əsasən, nümayəndə və vəkil iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 izahatında bildirdi ki, mübahisəsi gedən ev 2013-cü ildə alınmış, o, həmin evdə 9 il yaşamışdır. Həmin evi onun atası almışdır. İddiaçı həmin evdə cəmi 1 il 3 ay yaşamışdır. O, həmin evdən çıxarılmamışdır. İddiaçının qonşulara və digər şəxslərə borcları olmuş, həmin şəxslər də onlardan borclarını tələb etmişlər. Bu səbəbdən, o, özü həmin evdən çıxıb getmişdir. Həmin evi öz aralarında çəkiliş apararaq 2021-ci ildə 25.800 manata X2, vasitəçinin pulu veriləndən sonra ona 24.000 manat pul qalmışdır. Evi satanda iddiaçının xəbəri olmamışdır. Ev iddiaçı ilə birgə nikah dövrlərində əldə edilmişdir. Onlar 2017-ci ildə 1 il yarıma yaxın Bakıxanov qəsbəsində yaşamış, həmin mübahisəli evi isə kirayə vermişlər. Hazırda kirayədə yaşamağa davam edir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən fərdi yaşayış evini 37.500 manata X9 almışlar. İddiaçı həmin fərdi yaşayış evinə köçürülməsi barədə məhkəmə qətnaməsinin icrası zamanı evinin mübahisəli vəziyyətindən xəbər tutumuşlar. Hazırda da həmin evdə yaşayır. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən fərdi yaşayış evini X9 almışlar. İddiaçı həmin fərdi yaşayış evinə köçürülməsi barədə məhkəmə qətnaməsinin icrası zamanı evinin mübahisəli vəziyyətindən xəbər tutumuşlar. Hazırda digər cavabdeh olan həyat yoldaşı Cavabdeh1 ilə birlikdə orada yaşayır. Əvvəlki məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 izahatında bildirmişdir ki, Cavabdeh1 həmin evi 2021-ci ildə ondan almışdır. O da həmin vaxtdan təxminən 6-7 ay əvvəl həmin evi vasitəçilər vasitəsilə Dinar İlyasovadan 25.800 manata almışdır. Ev alınan zaman təmirə ehtiyacı olmuş, borcxərc edib evi təmir etdirmişdir. Evin təmirinə 5000 manatdan çox xərc çəkdiyindən, baha qiymətə, yəni 37.500 manata Cavabdeh1 satmışdır. Həmin vaxt evin mübahisəli olmasından xəbəri olmamış, nə qonşular, nə digər şəxslər bu barədə ona bildirmişlər. Evi satdıqdan sonra qonşulardan bu barədə eşitmişdir. Evin mübahisəli olduğunu bilsə idi, əvvəlcədən həmin evi almazdı. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli vətəndaşın qeydiyyatda olduğu ünvan barədə elektron arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 qızı ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Maştağa bələdiyyəsinin xx.xx.2023-cü il tarixli yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 3 ünvanı üzrə vergi ödəyicisi Cavabdeh1dır. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1244/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, X4 xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 ilə birlikdə ünvan 5 ünvanda 0,02 hektar torpaq sahəsində yerləşən 3 yaşayış otağından, 1 dəhliz, 1 mətbəx və sanitar qovşağından ibarət bir mərtəbəli özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8245/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı və üçüncü şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1244/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-612/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı və üçüncü şəxs X17 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4776/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı və üçüncü şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1244/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2833/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ünvan 3nin sonunda yerləşən 3 otaqlı bir mərtəbəli özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6894/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İlyasova (Məmmədova) Dinar Sərdar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2833/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə üçüncü şəxs X13 rəsmi nikah münasibətlərində olmuşlar. Mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evini birgə nikah dövründə əldə etmişlər. Ailə münasibətləri və nikahları pozulduqdan sonra ayrı-ayrı vaxtlarda hər iki tərəf sözügedən fərdi yaşayış evinə köçürülmələri barədə məhkəməyə müraciət etmiş, iddiaları təmin edilmişdir. İddiaçı həmin evdə yaşamadığı dövrdə üçüncü şəxs Dinar İlyasova evi digər üçüncü şəxs Murad Tağıyevə, sonuncu isə evi təmir etdirdiyindən, aldığından baha qiymətə Cavabdeh1 satmışdır. Hazırda həmin evdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayırlar. Onların orada yaşamaları səbəbindən, İddiaçı qeyd olunan fərdi yaşayış evinə köçürülməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2833/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin icrası mümkün olmamışdır. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsindən çıxarılmaları və cavabdehlər tərəfindən yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı mübahisə predmeti olan fərdi yaşayış evinə dair hal-hazırda da cavabdehlərin adına heç bir hüquqi sənəd olmadığı, həmin tikilinin özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Bununla belə, məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunmaqla, faktiki olaraq onların istifadə və sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilsin (Konstitusiya Məhkəməsi Plenumunun N.Manafovun şikayəti üzrə xx.xx.2009-cu il tarixli qərarı). “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 10 mart 2020-ci il tarixli Plenumum Qərarında vurğulamışdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Qeyd olunanlara əsasən, məhkəmə, bu qənaətə gəlir ki, Cavabdeh1 Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsinə münasibətdə vicdanlı əldə edəndir. Belə ki, iş üzrə üçüncü şəxslərin və cavabdehlərin məhkəməyə verdikləri izahatlarına əsasən, mübahisə predmeti olan fərdi yaşayış evi Dinar İlyasova tərəfindən Murad Tağıyevə, sonuncu tərəfindən isə, Cavabdeh1 satılmışdır. İddiaçı tərəfindən bu faktı təkzib edəcək, hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Evin alıcıları evin “problemli” olduğunu bilməmiş, bu halı əvvəlcədən bilsəydilər, onu almayacaqlarını izahatlarında qeyd etmişlər. Beləliklə, məhkəmə, Cavabdeh1 Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 saylı döngənin sonunda yerləşən 3 otaqlı yaşayış sahəsini vicdanlı ədə edən olmasına əsaslanaraq, hazırkı iddianı qanuni və əsaslı hesab etmir və rədd edilməli olması qənaətinə gəlir. Məhkəmə, eyni zamanda hesab edir ki, İddiaçı cavabdeh qismində Dinar İlyasovaya qarşı birgə nikah dövründə əldə edilməsinə əsaslanmaqla, sözügedən fərdi yaşayış evinin satılması nəticəsində ona çatmayan vəsaitin tələb edilməsi barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı, X5 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildiyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-274/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-274/2024
23.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver