Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2766/2021 12.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7200 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7230 manat pulun alınaraq, onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2019-cu ildə Cavabdeh ondan ayrı-ayrı vaxtlarda ümumilikdə 7200 manat pul almışdır. O, cavabdehdən dəfələrlə həmin pulu tələb etməsinə baxmayaraq, nəticəsi olmamışdır. Cavabdeh pulu qaytarmamaq üçün müxtəlif bəhanələr gətirmiş, onun etibarınan sui-istifadə edərək onu aldatmışdır. O, bu barədə ərizə ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş, araşdırma zamanı onun dedikləri öz təsdiqini tapmış, cavabdeh ondan pul aldığını etiraf etmiş və qaytaracağına söz vermişdir. Lakin cavabdeh onu yenə aldadaraq, aldığı pulu qaytarmamışdır. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6570 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6600 manat məbləğində pulun alınaraq, onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, o, iddiaçıdan aldığı 7200 manat puldan ayrı-ayrı vaxtlarda 580 manat və 50 manat pulu iddiaçıya qaytarmışdır. Onun iddiaçıya borcu hal-hazırda 6570 manat təşkil edir. Ona görə də, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 09.11.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh dostu İddiaçı 8200 manat borcu olduğunu, həmin pulun 580 manatını qaytardığını, qalan pulu da qaytaracağına söz verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh ərizəsində cavabdeh iddiaçıdan aldığı 7200 manat puldan ayrı-ayrı vaxtlarda 580 manat və 50 manat pulu iddiaçıya qaytardığını bildirərək, iddiaçıya hal-hazırda 6570 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5-ci maddə). Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442-ci maddə). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1-ci maddə). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 6570 manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6570 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat olmaqla, ümumilikdə 6600 manat məbləğində pul alınaraq, İddiaçı ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2766/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2766/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver