Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2778/2024 21.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tələb olunan 323.36 (üç yüz iyirmi üç manat otuz altı qəpik) AZN məbləğində borcun silinməsi və həmin borc protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci il tarixdə ünvan 1 ünvanında doğulmuşdur. Hal-hazırda da həmin ünvanda ailəsi ilə birlikdə qeydiyyatdadır və faktiki olaraq da həmin ünvanda yaşayır. İstifadə etdiyi elektrik enerjisinin sayğacı mərhum anası X4 adınadır, abunə kodu **********50000. Bu günkü tarixədək istifadə etdikləri elektrik enerjisinə görə heç bir borcu olmamışdır. Hər zaman ünvana gələn qəbzlərə müvafiq olaraq borcu gecikdirmədən ödəyirlər. Anası xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Ancaq işıq sayğacı hələ də anasının adınadır. xx.xx.2023-cü il tarixdə işıq sayğacının onun adına keçirilməsinə dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinə şifahi müraciət etmişdir. Lakin ona bildirmişlər ki, 2001-ci il tarixdən mərhum anasının “Barmek” şirkətinə 323.36 (üç yüz iyirmi üç manat otuz altı qəpik) AZN məbləğində borcu qalmışdır. Lakin bu borc barədə bu vaxta qədər onlara heç bir qəbz, xəbərnamə və ya bildiriş gəlməmişdir. Ümumiyyətlə, ailəsi həmin borcdan xəbərsiz olmuşdur. Hesab edir ki, bu borc tələbi tamamilə qanunsuz və əsassızdır. Borcun silinməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət etmişdir. Ancaq xx.xx.2023-cü il tarixdə 13-13/2- 2/18-Ş-12049-5/2023 sayılı məktubla onun ərizəsinə imtina cavabı gəlmişdir. Hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, bu borc köhnə olduğu üçün və bu borcdan xəbəri olmadığı üçün bu borc silinməlidir. Onun vətəndaşlıq hüquqları pozularaq, iştirakı olmadan ona qarşı əsassız olaraq borc tələb edilməkdədir. Cavabdeh ondan və ailəsindən gizlicə həmin boc aktını tərtib etmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri və onların tərtib etdikləri “Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında” akt və digər sənədlər etibarsız hesab edilməli, həmin aktın əsasında hesablanmış borc silinməlidir. İddiaçı ərizə ilə müraciət edərək, səhhətində yaranmış problemlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, işıq sayğacı iddiaçının anasının adınadır. İddiaçının mərhum anasının “Barmek” şirkətinə 323.36 (üç yüz iyirmi üç manat otuz altı qəpik) AZN məbləğində borcu olmuşdur. Həmin borc silinmişdir. Hazırda İddiaçı 323.36 manat məbləğində silinəsi faktiki borcu yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Vİİ-ЖГ seriyalı 294894 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuşdur, atası X15 Mirzəliyeviç, anası X7r. - AZ-İİ seriyalı 278745 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə ölmüşdür. - "xxxx" ASC tərəfindən verilmiş bildirişdən görünür ki, ünvan 1 ünvanına dair **********50000 saylı abunə kodu X1 adınadır. - abunə haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanına dair X3 məxsus **********50000 saylı abunə koduna 323.36 manat borc (BARMEK borcu) hesablanmışdır. Məhkəmə qeyd edir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə əvvəlcə iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və onun tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanına dair abunə haqqında məlumatda və borca dair bildirişdə abonent kimi X5 qeyd edilmişdir. X10 xx.xx.2014-cü il tarixdə ölsə də, qeyd olunan ünvana dair abonent kodu hazırda da onun adınadır. Göründüyü kimi 323.36 manat borc (BARMEK borcu) iddiaçının abonent koduna hesablanmamış, başqa sözlə, iddiaçı həmin borcun ona aidiyyətini sübuta yetirə bilməmişdir. Belə olan halda, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddiası rədd edilməli, İddiaçı 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-2778/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2778/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver