Məhkəmə qərarları › İş №2(008)-2779/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2779/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2779/2021 22.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Şirinova Aygün Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi, ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, əsassız hesablanmış borcun silinməsi və smart karta yüklənmiş pul məbləğindən tutulmaların qaytarılması tələbinə dair mülki iş üzrə iddiaçının iddianın təmin tədbiri barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi, ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, əsassız hesablanmış borcun silinməsi və smart karta yüklənmiş pul məbləğindən tutulmaların qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 31.10.2018ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməklə, ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, tətbiq edilən maliyyə-pul sanksiyasının ləğv edilməklə, dəymiş zərər kimi müəyyən olunan 972 (doqquz yüz yetmiş iki) manat pulun ondan tutulmasına son qoyularaq, həmin borcun silinməsi və 2018-ci ilin dekabr ayından başlayaraq 2021-ci ilin fevral ayına qədər smart karta yüklədiyi pul məbləğindən ümumilikdə tutulmuş 401,5 (dörd yüz bir manat beş qəpik) manat pulun cavabdehdən alınaraq, ona qaytarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, o, təxminən bir ildir ki, ünvan 1 ünvanında daimi olaraq yaşayır. Bir il əvvələdək həmin ünvana mütəmadi olaraq gedib-gəlmişdir. 2019-cu ilin əvvəllərində müəyyən etmişdir ki, ünvan 1 ünvanında olan qaz sayğacı dəyişdirilmişdir. Bu hadisədən sonra anası Nübar Quliyeva qaz kartına pul yükləyərək, təbii qazdan istifadə etmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, qaz kartına pul yükləndikcə, həmin puldan tutulmalar olur. Pulun tutulma səbəbini aydınlaşdırmaq üçün Bakı Regional Qazın Satışı Departamentinə müraciət edərkən, ona sənədlər təqdim edilmiş, həmin sənədlərə əsasən müəyyən etmişdir ki, 11.10.2018-ci il tarixdə Cavabdeh əməkdaşları köhnə qaz sayğacını yenisi ilə əvəz etmiş və bu barədə 11.10.2018-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Aktda sayğacın dəyişdirilmə səbəbi kimi “sayğaca kamera vasitəsi ilə baxış keçirildi və dəlik aşkar olundu” qeyd olunmuşdur. Cavabdeh 30.10.2018-ci il tarixli, ******* saylı aktında isə 1002AQ**********6 saylı qaz sayğacının çıxış plastmas borusunun deşilməsi səbəbindən yararsız olması qeyd olunmuşdur. Həmin akt əsasında 972 manat dəymiş ziyan hesablanmışdır. Digər 31.10.2018-ci il tarixli aktda isə onun evində olan qaz işlədici qurğuların qaz sərfiyyatının hesablanması aparılmış, orada “kombi” cihazının olması qeyd olunmuşdur. Lakin onun evində heç vaxt kombi olmamışdır. Hesabdan çıxarışda isə görünür ki, 2018-ci ilin dekabr ayından başlayaraq, 2021-ci ilin fevral ayına qədər qaz kartına yüklədiyi pul məbləğlərindən ümumilikdə 401.5 manat pul tutulmuşdur. 1002AQ**********6 saylı sayğacda baş verən nasazlıq onun müdaxiləsi və ya səhvi ucbatından baş verməmişdir. Ona görə də, o, həmin sayğacda olan qüsurlara görə məsuliyyət daşımır. Sayğacın çıxış plastmas borusunun deşilməsi onun təqsiri ucbatından ola bilməz. O həmin borunu deşə bilməzdi və deşməyimə heç bir əsas da yoxdur. Bundan əlavə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı həyata keçirir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan X1 əməkdaşları tərəfindən tərtib edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 11.10.2018-ci il tarixli, ******* saylı aktda aktda göstərilmişdir ki, abonent İddiaçı məxsus ünvan 2 ünvanına quraşdırılmış G4 markalı, 1002AQ**********6 sayğaca kamera vasitəsilə baxış keçirilmiş, sayğacda dəlik aşkar edildiyindən, G4 markalı, 1802AZ**********44 saylı yeni sayğac ilə əvəzlənmişdir. İş materiallarında olan X1 əməkdaşları tərəfindən tərtib olunmuş 31.10.2018-ci il tarixli, ******* saylı aktda göstərilmişdir ki, abonent İddiaçı məxsus ünvan 2 ünvanına quraşdırılmış G4 markalı, 1002AQ**********6 saylı sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. İş materiallarında olan X1 31.10.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı ünvan 2 ünvanına quraşdırılmış sayğacda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 2x6x180=1296 m3 və 6x18x180=8424 m3 olmaqla, cəmi 9720 m3 ödənilməsi qərara alınmış, qərar üçün əsas 31.10.2018-ci il tarixli, ******* saylı akt olmuşdur. İş materiallarında olan smart sayğaclı abonentin saldosu adlı sənəddən müəyyən olunur ki, ünvan 2 ünvan üzrə 2018-ci ilin dekabr ayından abonentə 972 manat məbləğində borc hesablanmış, həmin tarixdən 2021-ci ilin fevral ayınadək smart karta pul yükləndikcə, yüklənən pulun yarı məbləği, ümumilikdə 401,5 manat pul borca çıxılmış, qalıq borc 570,5 manat təşkil edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə (bundan sonra – Qaydalar) müvafiq olaraq, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İddiaçının sayğac üzrə heç bir borcu olmamışdır, çünki, qazdan istifadə smart kart vasitəsilədir. Hesabda pul olmayanda qazın verilməsini avtomatik olaraq sayğac özü dayandırır. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməli, əsassız olaraq, heç bir xəbərdarlıq edilmədən iddiaçının smart kartından tutulmuş 401,5 manat vəsait bərpa olunmalıdır. Bundan başqa, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh daşıdığından, mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə, iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli, 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.2, 121, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 31.10.2018-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin. ünvan 1 ünvanı üzrə İddiaçı məxsus qaz sayğacının kartına (kart nömrəsi: A8E122CEEB010000, sayğac nömrəsi: GPG********) 401,5 (dörd yüz bir manat beş qəpik) manat məbləğində pul vəsaiti bərpa edilsin. ünvan 1 ünvanı üzrə İddiaçı Cavabdeh tərəfindən əsassız hesablanmış 972 (doqquz yüz yetmiş iki) manat borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar