Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2781/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2000 manat məbləğində borcun, mənəvi zərər kimi 2000 manat pulun, əldən çıxmış fayda kimi 3000 manat pulun və ödənilmiş 30 manat dövlət rüs umunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2018-ci il tarixdə ondan 2000 manat məbləğində pul almışdır. Lakin bu günədək həmin pulu qaytarmır. Bununla bağlı Bakı şəhəri 34-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin cavabdehin izahatı alındıqdan sonra mülki xarakterli iş olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh Nizami RPİ-nin 24-cü polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, o, İddiaçı 2018-ci ilin sentyabr ayında 2000 manat borc pul almış, İddiaçı ona ayda 200 manat qaytarmasını demiş, lakin maddi imkanı çox aşağı olduğundan borcu qaytara bilməmişdir. Hazırda iddiaçı 2000 manat məbləğində borcun, mənəvi zərər kimi 2000 manat pulun, əldən çıxmış fayda kimi 3000 manat pulun ödənilməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 2018-ci ilin sentyabr ayında 2000 manat borc almış, lakin cavabdeh borcunu qaytarmayaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bu əsasdan da məhəkəm hesab edir ki, iddia 2000 manat borcun tutulması hissədə tam təmin olunmalıdır. İddianın 2000 manat mənəvi zərərin tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində fiziki və mənəvi iztirablar keçirmişdir. Lakin iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 2 000 manat məbləğində mənəvi zərərin dəyməsini iddia etsə də, məbləğlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Lakin,məhkəmə hesb edir ki, baş vermiş hadisənin nəticəsində iddiaçı mənəvi iztirab keçirmişdir. Odur ki, məhkəmə mənəvi ziyanın 100 manat məbləğində tutulmasını ədalətli hesab edir. İddiaçı əldən çıxmış fayda üçün 3000 manat məbləğində pulun ödənilməsini iddia etsə də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia 30 % hissəsində təmin edildiyindən (70xx xxxxxxxx 2100 manatın faizi) ödənilmiş 30 manat dövlət rüsumunun 9 manatı cavabdehə, 21 manatı isə iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2000 manat məbləğində borc, dəymiş mənəvi zərərə görə əvəzi olaraq 100 manat və 9 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2000 manat məbləğində borc, dəymiş mənəvi zərərə görə əvəzi olaraq 100 manat, cəmi 2100 manat və 9 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2781/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2781/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver