Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-280/2022 20.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "bağ evindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən «1181» saylı bağ evindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən «1181» saylı bağ sahəsi onun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən həmin bağ sahəsinə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da verilmişdir. Həmin torpaq sahəsinin ümumi sahəsi 0.25 hektardır. Torpaq sahəsində ümumi sahəsi 57.80 kv.m olan fərdi bağ ev idə tikmişdir. Yay aylarında ailəsi ilə birlikdə həmin bağ evində müvəqqəti yaşayır. Son dövrlər işləriylə əlaqədar bağ evinə gedə bilməyəcəyindən iş üzrə Cavabdeh (bacısı oğlu) mühafizəçi kimi bağ evində qalmasını təşkil etdi və aylıq maaş verdi. Təxminən üç aydır ki, iddiaçı bağ evini satmaq qərarına gəlmiş və bu barədə ərazidə fəaliyyt göstərən alqı-satqı ofislərinə elan vermişdir. Məlum oldu ki, bağ evinə alıcı tapılıb və alıcı bağ evinə baxmaq istədiyində cavabdeh alıcıları evi buraxmamış, bağın giriş darvazasının qıfılını dəyişdirmiş və bildirmişdir ki, bu bağ sahəsi onundur. Bu hadisıdən sonar iddiaçı bağ evinə getmiş, qapı bağlı idi, cavabdeh qapını açmamış və evin onun olduğunu bildirmişdir. Bir neçə dəfə cəhd etsə də heç bir nəticə olmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi (vəkili) X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən «1181» saylı bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən həmin bağ sahəsinə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış). Qasımov X7 rayon Məhkəməsində iddia qaldıraraq adıçəkilən Çıxarışın ləğv edilməsi, həmin daşınmaz əmlaka onun 1/2 hissədə mülkiyyət hüqununu tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, adıçəkilən qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxdlanılmış, həmin qətnamə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərarı ilə dəyişdirilmədən saxdlanılmışdır. Hazırda iddiaçı cavabdehin həmin bağ evindən çıxarılması istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli bağ evinə olan hüququnu təsdiq etmişdir, cavabdeh orada qanuni əsaslar olmadan yaşayır və o, həmin evdən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən «1181» saylı bağ evindən çıxarılsın və torpaq sahəsini boşaldaraq İddiaçı təhvil versin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-280/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-280/2022
20.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver