Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2810/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2160 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi ünvanındakı 28 saylı ev onun istifadəsindədir və ailəsi ilə birlikdə orada yaşayır. Həmin ünvana quraşdırılmış abonent kodu **********00000 olan smart tipli qaz sayğacı onun istifadəsindədir. Sayğac onun adınadır. 2021-ci ilin dekabr ayında smart tipli qaz sayğacının kartına ödədiyi məbləğin bir hissəsi tutulduğu üçün “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmiş, orada bildirmişlər ki, guya qaz xəttinə qeyri-qanuni müdaxilə etdiyi üçün dəymiş ziyan kimi ona 2160 manat cərimə yazılmışdır. O, buna etirazını bildirərək yazılan cərimə barədə məlumat verilməsini tələb etmişdir. Orada qonşusu - abonent kodu **********0000 olan X2 adına yazılmış 13 ədəd akt təqdim etmişlər. “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən qonşusu X2 adına yazılmış 0206629, 0211735, 0214244, 0218250, 0225275, 0232540, 0234981, 0239741, 0248167, 0251635, 0261712, 0266578, ******* saylı aktlar əsasında tələb olunan 2160 manat borc onun adına yönəldilmişdir. Hansı səbəbdən qonşusunun adna yazılmış aktların cərimə məbləğinin ondan tələb edilməsi sualına cavab olaraq, guya aktların yanlışlıqla qonşusu X2 adına yazıldığı bildirilmişdir. Bu səbəbdən sonradan düzəliş olunaraq həmin 2160 manat borc ondan tələb olunur. O, buna etraz etmiş, ailəsi ilə həmin evdə yaşadığı uzun illər ərzində nə özünün, nə də ailəsinin qaz xəttinə qeyri-qanuni müdaxilə etdiklərini bildirmiş və dərhal borcun onun adından silinməsini tələb etmişdir. Lakin “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşı bunu edə bilməyəcəyini bildirmişdir. Uzun illərdir ki, smart kart tipli sayğacdan istifadə edir. Təbii qazın pulunu əvvəlcədən ödəməklə qazdan istifadə edir. “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən ona verilən qonşusu X5 aid “abonentin saldosu”ndan göründüyü kimi 13 ədəd aktın tərtib olunduğu 2019-2020-ci illər ərzində həmin qonşu sayğaca heç bir ödəniş etməmişdir. Bir neçə il ərzində cəmi 22 manat qaz pulu ödəmişdir. Lakin ona aid olan abonentin ödənişləri barədə məlumat sənədində onun 2019-2020-ci illər üçün hər ay karta ödədiyi məbləğlər görünür. Bu onu sübut edir ki, həmin aktlar abonent kodu l**********000 olan qonşusu X6 barəsində tərtib olunmuşdur. Həmçinin “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşı tərəfindən ona göstərilmiş qeyri-qanuni müdaxiləni göstərən fotoşəkillər onun evinə aid deyil. Evinin qarşısından keçən qaz xəttində heç bir qeyri-qanuni qoşulma xətti yoxdur və olmayıb. Hal-hazırda həmin ərazidə işləyən Cavabdeh mühəndisləri Anar Quliyev, Urfan Əliyev və Əhməd Rəhimov adlı şəxslər həqiqətən də təsdiq edirlər ki, qaz xəttinə qeyri-qanuni qoşulma X6 tərəfindən olmuşdur. Həmçinin həmin əməkdaşlar həmin aktların onun adına doğru yazılmadığını, həmin akt üzrə cərimənin ondan tələb olunmasının haqsızlıq olduğunu təsdiq edirlər. İstifadəsində olan evdə təbii qazdan istifadəyə görə indiyə qədər borcla bağlı hər hansı bir mübahisə yaranmamışdır. Göstərilənlərə əsasən, iddiaçı iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə icasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia ərizəsi əsassızdır. Belə ki, əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsində təbii qazdan qeyri-qanuni istifadə halları aşkar edilmiş və bununla bağlı istehlakçı X4 (kodu **********00000; sayğacı **********4) adına xx.xx.2019-cu il ******* (799.20manat); xx.xx.2019-cu il ******* (133.20); xx.xx.2019-cu il ******* (133.20); xx.xx.2019-cu il ******* (32.40); xx.xx.2019-cu il ******* (32.40); xx.xx.2019-cu il ******* (32.40); xx.xx.2019-cu il ******* (32.40); xx.xx.2019-cu il ******* (32.40); xx.xx.2019-cu il ******* (32.40); xx.xx.2019cu il ******* (100.80); xx.xx.2019-cu il ******* (252.00); xx.xx.2020-ci il ******* (252.00); xx.xx.2020-ci il ******* (295.20) saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib olunaraq 2160.00 manat dəymiş ziyan hesablanmışdır. Lakin sonradan aparılan araşdırma zamanı məlum olmuşdur ki, texniki səhv nəticəsində aktlar düzgün ünvana tərtib edilməmişdir və akt tərtib olunan zaman çəkilmiş fotoşəkillər abonent kodu **********00000 olan İddiaçı aiddir. Bundan sonra yuxarıda qeyd olunan aşkar üzrə hesablanmış dəymiş ziyan məbləği İddiaçı məxsus **********00000 istehlakçı koduna köçürülmüşdür. Qeyd olunanların və istehlakçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edildiyinin nəzərə alınaraq, nümayəndə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, İddiaçı və Cavabdeh arasında qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış və abonentin istehlakçını keyfiyyətli qazla təmin edilməsi barədə qarşılıqlı razılıq əldə edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020-ci tarixli aktlardan görünür ki, abonent kodu **********0000 olan, istehlakçı Adil Rzayevə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi ünvanında yerləşən 26 saylı evə Cavabdeh əməkdaşları tərəfindən müxtəlif vaxtlarda baxış keçirilmiş və təbii-qazdan qeyri-qanuni istifadə edilməsi faktları aşkarlanmış və müvafiq aktlar tərtib edilmişdir. **********00000 saylı abonent saldosundan aydın olur ki, cəmi 2160 manat ziyan məbləği hesablanmışdır. Lakin hazırda həmin məbləğ abonent kodu **********00000 olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında yaşayan İddiaçı tələb olunur. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(008)-2810/2023 saylı qərardadına əsasən, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi ünvanında yerləşən **********00000 nömrəli abonent kodlu 28 saylı fərdi yaşayış evini təbii qazla təmin edən küçə qaz paylayıcı qaz xəttinin üzərində təbii qazdan qanunsuz istifadəyə xarakterik əlamətlərinin mövcudluğunun müəyyən edilməsi, yaxud borunun demontaj olunub-olunmadığının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2 3/932 nömrəli ekspert rəyindən görünür ki, təqdimata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beəliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, təbii qaz xəttindən qeyri-qanuni istifadə ilə bağlı tərtib edilmiş sözügedən aktlar abonent kodu **********0000 olan, istehlakçı Adil Rzayevə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi ünvanında yerləşən 26 saylı evə münasibətdə tərtib edilmişdir. Bunu məhkəmə iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi də təsdiq etmiş, lakin bunun texniki yanlışlıq olduğunu bildirsə də, İddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə edildiyini sübuta yetirə bilməmişdir. Digər tərəfdən, məhkəməyə təqdim edilmiş ekspertiza rəyindən də görünür ki, mübahisə predmeti olan qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Həmin rəy məhkəmə iclasında digər sübutlarla yanaşı qiymətləndirilmişdir və məhkəmə tərəfindən mövcud sübutlar məcmu halında tədqiq edilərək belə nəticəyə gəlinmişdir ki, hazırkı iddia tələbi haqlıdır və Cavabdeh tərəfindən digər abonent koduna tərtib edilmiş aktlar əsasında hesablanmış zərər məbləği iddiaçıdan tələb edilə bilməz. Məhkəmə bu qənaətə gələrkən xx.xx.2023-cü il tarixli, 3-16-16/2 3/932 nömrəli ekspert rəyini də nəzərə almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən sonrakı hallar üzrə qanunsuz xəttə qoşulması, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində müəyyən edilmədiyi halda, cavabdehə əlavə pul hesablanması yolverilməzdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olan 64 manat məbləğində məhkəmə xərci Cavabdehnə aid edilməli, 41,6 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 432-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı istifadəsində olan **********00000 saylı abonent koduna əsassız olaraq hesablanmış 2160 (iki min yüz altmış) manat məbləğində borcun silinməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 41,6 (qırx bir manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2810/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2810/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver