Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2827/2023 25.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehin nümayəndəsi X3, X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş) məhkəməyə müraciət edərək, abonent kartından 399 manat borcun silinməsi və 1200 manat məbləğində mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ünvana sü xətti olmadığı halda, Cavabdeh ASC qanunsuz olaraq iddiaçıdan su pulu ödəməyini tələb edir. Mənzildə heç kim yaşamır, qonşuları bunu təsdiq edər. 2021-ci ilin fevral ayında qonşu zəng edib demişdir ki, təcili gəl, ASC Cavabdeh Sabunçu rayon Su Kanal İdarəsi mənzilə su xətti çəkmək istəyir. İddiaçını aldadıb müqaviləyə qol çəkdirmiş və yaxın zamanda mənzilə su xətti qoşulacağını və su təminatı edəcəyini bildirilmişdir. Sayğaca qədər su xətti çəkilib, sayğac binanın həyətində yerləşdirilib, mənzilə isə əlavə su xətti edilməyib, çünki evdə heç kim yaşamır. Lakin 2 il keçməsinə baxmayaraq, su xəttində hələ də su yoxdur. Mənzilində su xətti və xəttə su olmadığı halda, ASC Cavabdeh iddiaçıdan su pulu ödəməyi tələb edir. İddiaçı Sabunçu rayon Su Kanal idarəsinə və ASC Cavabdeh idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Buna baxmayaraq ardıcıl olaraq, istifadə etmədiyi su üçün ödəniş tələb edirlər. Sabunçu rayon Su Kanal İdarəsindən mənzilinə 3 dəfə nümayəndələr gəlib videoya çəkib və təsdiq ediblər ki, həqiqətən mənzilə su xətti qoşulmayıb. İlk dəfə 2021-ci ilin dekabrında Sabunçu rayon Su Kanal İdarəsinin şöbə rəisi Nadir müəllim dedi ki, ödəniş səhvən yazılıb və 181 manat borc silinəcək. Bir ildən sonra (2022-ci ilin dekabrında) məlum oldu ki, su borcu 350 manatdır. Hal-hazırda suya olan borc 378,7 manat təşkil edir. Cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mənzildə sudan istifadəyə görə hesabat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014 cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları’na əsasən aparılmışdır. Belə ki, həmin ünvanında yerləşən mənzildə xx.xx.2021 ci il tarixində müqaviləsiz sudan istifadə aşkar edilmiş, Sudan istifadə qaydalarının 4 nömrəli əlavəsinə uyğun olaraq itirilmiş sərfiyyat bərpa olunaraq mənzil qeydiyyata alınmışdır. Qeyd edilən tarixdən sonrakı dövrdə sayğac olmadığı üçün aylıq 20 m3 olmaqla 14 manat dəyərində sərfiyyat hesablanmışdır. İddiaçının ünvanına hesablanmış 378.70 manat borc ailə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Abonentin istifadə etdiyi suyun dəyəri ünvan üzrə 4 nəfər olmaqla normativ qaydada hesablanmışdir. O, əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində sudan mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi suyun dəyərini ödəməmiş, nəticədə 378.70 manat borcu yaranmışdır. Sudan istifadə qaydalarının 7.11 bəndinə əsasən istehlakçı ona göndərilmiş (təqdim edilmiş) hesabda səhvə (səhvlərə) yol verildiyi (ödənilməli olan vəsaitin artıq hesablandığı) qənaətinə gələrsə, hesabı aldıqdan sonra ən geci 10 iş günü müddətində hesabı təqdim etmiş STKM-ə yazılı şəkildə müraciət edə bilər. Abonentin rəsmi müraciəti qeydə alınmamışdır. Ünvanda yaşayışın olması barədə məlumatların dəqiqləşdirilməsi üçün digər kommunal xidmətlərə verilən sorğu əsasında aylıq istifadə olduğu və aylıq ödənişlərin aparıldığı müəyyən edilmişdir. O cümlədən iddiaçının ünvanında 2021 -ci ilin fevral ayından 2022-ci ilin fevral ayinədək işıq enerjisindən istifadə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bir daha qeyd etdi ki, adıçəkilən mənzildə yaşayış olmamış, arada uşaqları gedib mənzilə baş çəkmiş, ona görə təbii ki, işıqdan istifadə etmişdilər. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 etirazın məzmununa uyğun izahat verərək iddianın qismən təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatların dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2021-ci il tarixdə 43930194 №-li su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə standartlara uyğun içməli suyunun buraxılması, tullantı suların kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılmasına dair müqavilə bağlanılmşıdır. İddiaçıya aid abonent kartına əsasən cavabdeh tərəfindən adıçəkilən müqaviləyə əsasən 399,00 manat borcun hesablanması müəyyən olunmuşdur. İddiaçı dəfələrlə cavabdehə yazılı ərizələrlə müraciət edərək, xəttinə suyun çəkilmədiyi barədə məlumat vermiş, onun mənzilinə cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və aşağıdakı məzmunda arayış tərtib edilmişdir. xx.xx.2021 ci il tarixində müqaviləsiz sudan istifadə aşkar edilmiş, Sudan istifadə qaydalarının 4 nömrəli əlavəsinə uyğun olaraq itirilmiş sərfiyyat bərpa olunaraq mənzil qeydiyyata alınmışdır. Qeyd edilən tarixdən sonrakı dövrdə sayğac olmadığı üçün aylıq 20 m3 olmaqla 14 manat dəyərində sərfiyyat hesablanmışdır. Həmin binanin su təchizatı müxtəlif mənbələrdən çəkilmiş köhnə xəttlərlə, fərdi şəkildə quraşdırılmış nasoslar vasitəsi ilə qidalanır. Xətlərin çəkilmə mənbələrini müəyyənləşdirmək üçün binanın zirzəmi hissəsi bağlı olduğundan binadaxili xətlərə baxış keçirmək mümkün olmamışdır. Abonentin istifadə etdiyi suyun dəyəri ünvan üzrə 4 (dörd) nəfər olmaqla normativ qaydada hesablanmışdir. O, əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində sudan mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi suyun dəyərini ödəməmiş, nəticədə 378.70 manat borcu yaranmışdır. Həmin borc ailə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadə verərək qeyd etdi ki, o, Cavabdeh ASC-nin əməkdaşıdır. İddiaçının mənzili yerləşdiyi bina Azərsu tərəfindən 2021-ci ilin fevral ayında nəzarətə alınmış, iddiaçı ilə elə həmin tarixdə müqavilə bağlanmış, iddiaçıya 2023-cü ilin aprel ayında sayğac quraşdırılmışdır. Binaya su xətti çəkilmiş, lakin su buraxılmamış, binanın sakinləri binanın zirzəmisində çənlər quraşdırmış, özləri həmin çənləri doldurub, mənzillərini su ilə təmin edirlər. İddiaçıya məxsus mənzilə baxış keçirilən zaman xəttə suyun olmadığı aşkar edilmişdir, lakin bu hal onun sudan hərhansı bir yolla istfadə etmədiyinə dəlalət etmir. İddiaçı mənzildə yaşamadığını iddia etsə də, 2022-ci ilin yanvar ayına qədər işıqdan istifadə etdiyi görünür. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Qeyd edildiyi kimi, tərəflər arasında müqavilə su təchizatı sistemindən istehlakçının tələbatına uyğun içməli suyunun buraxılması, tullantı suların kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılmasına dair olmuşdur. Cavabdeh tərəfindən iddiaçının su xəttinə suyun verilməsi sübuta yetirilməmiş, cavabdeh orqan ehtimal əsasında iddiaçının sudan istifadə etdiyini iddia etmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən, Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmim suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Belə olan halda, iddiaçı istifadə etmədiyi suya görə hər-hansı ödəniş etməli deyil. Odur ki, məhkəmə hesab edir ki, iddia 399 manat borcun silinməsi hissəsində təmin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia 1200 manat məbləğində mənəvi ziyanın tutulması hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23-cü maddəsi isə fiziki şəxslərin şərəf və ləyaqətini, işgüzar nüfuzunu müdafiə etmək hüququnu təsbit edir və müvafiq hüquq-müdafiə vasitələrini göstərir. Belə ki, Mülki Məcəllənin 23.1-ci maddəsinə görə «fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxununlmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin». 23.2-ci maddəsinə əsasən «əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir». 23.4-cü maddəsinə görə isə «şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır». «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İddiaçı ona mənəvi ziyanın dəyməsini, bu ziyanın 1200 manat olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı abonent kartından 399 manat borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2827/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2827/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver