Məhkəmə qərarları › İş №2(008)-2835/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2835/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2835/2021 24.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “cərimənin silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “cərimənin silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona yazılmış 810 (səkkiz yüz on) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin tərəfindən əsassız olaraq ona 810 (səkkiz yüz on ) manat borc yazılmışdır. Qeyd olunan borcun ona heç bir aidiyyatı yoxdur. Onun sayğacına aidiyyatı olmayan borc onun adına yazılıb. Bu hal məhkəmə tərəfindən araşdırılmalıdır. Çünki qeyd olunan borcun ona aidiyyatı yoxdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı izahat verərək bilidirdi ki, o heç vaxt sayğacdankənar qoşularaq təbii qazı talamamışdır. 22.01.2019-cu il tarixində ******* saylı aktın tərtib olunmasından onu məlumatı olmamışdır. O hər zaman qazdan istifadəyə etməsinə görə sayğaca pul yükləmişdir. Sözü gedən aktın tərtib edildiyi dövrlərdə də minimum olaraq o sayğaca 100-60 manat məbləğində pul yükləmişdir. Onun evi yerləşdiyi küçədə iddiaçının evindən başqa bir neçə də evlər vardır. Akt tərtib edilən vaxtı ondan başqa digər qonşuların evində sayğac olmamışdır. Lakin digər qonşuların evinə gedən qaz borusu onun qapısının yanından gedir. Belə olan halda sözügedən aktın tərtib edilməsi zamanı ola bilsin digər qonşular təbii qazı sayğacdankənar qoşularq talamışdır. Eyni zamanda həmin akt tərtib edildiyi zaman çəkilmiş olan fotoşəkildə kənar xəttə qoşulmanın məhz onun tərəfindən törədildiyi sübut olunmur. Eyni zamanda həmin fotoşəkilərdə göstərilən qeyri kənar xəttə görə 2 il sonra onun qonşuları olan Rasim Əzizova 30.04.2020-ci il tarixli ******* saylı və Əhmədov Rasimə 26.07.2020-ci il tarixində ******* saylı aktlar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirdi ki, qazdan qeyri-qanuni istifadə olmadığı halda Cavabdeh İB əməkdaşları tərəfindən akt tərtib edilmir. Sayğac fərdi yaşayış evindən kənarda qapının ağzında yerləşdiyini və iddianın rədd edilməsini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində bildirdi ki, 2017-ci il tarixdən 2019-cu ilin mart ayınadək Sabunçu rayonu ərazisində işləmişdir və 22.01.2019-cu il tarixində ******* saylı akt onun tərəfindən tərtib edilmişdir. Ümumiyyətlə Azərqazın əməkdaşları tərəfindən akt ancaq həmin mənzildə yaşayan şəxslərə xəbərdarlıq edildikdən sonra tərtib olunur, sözügedən akt tərtib olunduğu zamanda bir oğlan çıxaraq İddiaçı olduğunu bildirdi, lakin xeyli vaxt keçdiyindən hal-hazırdakı iddiaçının həmin oğlan olmasını dəqiq deyə bilməz. Qeyri-kənar xətt İddiaçı qapısının yanından çəkilmişdir. Həmin vaxtı abonent İddiaçı evindən başqa digər evlərdə sayğac yox idi. Məhkəmə iclasında iştirak edən şahid X3 ifasənidə bildirdi ki, 2019-cu il tarixindən Sabunçu rayonu ərazisində işləyir. ******* və ******* saylı aktlar onun tərəfindən tərtib edilmişdir. Qanunsuz qoşulma abonentlər Əzizov Rahim və Əhmədov Rasim barəsində tərtib edilsə də qoşulma İddiaçı evinin yanından gedirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbiəsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulmasl haqqında 22 yanvar 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar 15 mm-lik rezin boru vasitəsi ilə qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. - 31 yanvar 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 22 yanvar 2019-cu il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 8100 kub metr hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. - **********00002 saylı abonentin saldo məlumatlarında görünür ki İddiaçı 2021-ci ilin qalıq və aktlar üzrə 880 (səkkiz yüz səksən) manat məbləğində borcu mövcuddur. - **********00002 saylı abonentin GASREP məlumatlarından görünür ki, abonent sözügedən aktın tərtib edilməsi zaman dövründə mütamadi olaraq aylıq 60-100 manat məbləğində təbii qazdan istifadəyə görə ödənişlər etmişdir. -26 mart 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, X5 təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. -30 mart 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 26 mart 2020-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 5616 kub metr hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. -30 aprel 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Əzizov Rahim təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. -30 aprel 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 30 aprel 2020-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 5616 kub metr hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yalnız bir kənar xəttə görə Cavabdeh İB-nin əməkdaşları tərəfindən üç müxtəlif abonentlərə müxtəlif vaxtlarda təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktlar tərtib edilmiş və həmin aktlar əsasında dəymiş ziyan hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 22.01.2019-cu il tarixli akta əsasən, **********00002 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 810 (səkkiz yüz on) manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 22.01.2019-cu il tarixli akta əsasən, **********00002 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 810 (səkkiz yüz on) manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar