Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2841/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış ünvan 1 ünvanındakı fərdi yaşayış evində (abonent kodu **********20000) istifadəsində olan qaz sayğacına 2005-ci ildə quraşdırılmış 718931 nömrəli qaz sayğacı vasitəsilə mənzildə istifadə olunmuş təbii qazın ödənilməmiş dəyəri kimi hesablanmış 384.7 manat və Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında itirilmiş təbii qazın bərpası üzrə tələb olunan 388.8 manat olmaqla, cəmi 773.5 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, ünvan 1 ünvanındakı ev onun istifadəsindədir və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Həmin ünvana quraşdırılmış abonent kodu **********20000 olan smart tipli qaz sayğacı onun istifadəsindədir. Həmin sayğac onun adınadır. 2005-ci ildə həmin evə mexaniki tipli qaz sayğacı quraşdırılmışdır. Mexaniki tipli qaz sayğacı istifadə etdiyi qaz sərfiyyatını ölçmüş və o, yaranmış borcu dövrün qaydalarına görə ərazinin qaz nəzarətçisinə ödəmiş və ödəniş kitabçaya qeyd edilmişdir. xx.xx.2011-ci ildə həmin mexaniki tipli qaz sayğacı smart tipli qaz sayğacı ilə əvəz olunmuş, həmin vaxtdan sonra smart karta ödədiyi pulun müqabilində qazdan istifadə etmişdir. Sayğac aşağı təzyiqdə qaz buraxdığı üçün onun müraciəti əsasında xx.xx.2018-ci ildə ******* nömrəli akt əsasında sayğacı dəyişilərək yeni qaz sayğacı ilə əvəz olunmuşdur. 2020-ci ildə smart karta etdiyi ödənişlərin bir hissəsinin borca tutulduğunu öyrənmişdir. Bu barədə “Azəriqaz“ İstehsalat Birliyinə ərizə ilə müraciət etmiş, “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən ona xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, guya xx.xx.2011-ci ildə ona sayğac quraşdırılan zaman 2005-ci ildə quraşdırılan sayğac vasitəsilə hesablanmış qazın dəyəri tam ödənilməmiş və guya həmin vaxtı 384.70 manat borcu qalmışdır. Həmçinin cavab məktubunda bildirilmişdir ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında sayğacın üzərinə vurulmuş flyans birləşmələrinə vurulmuş plombun aşkar olunmaması səbəbilə “təbii qazdan istifadə istifadə qaydalarının pozulması haqqında” akta əsasən 388.8 manat borc yazılmışdır. Bununla bağlı qeyd edir ki, 2005-ci ildən qoyulan sayğacın hesabladığı məbləğləri dəqiqliklə və vaxtı-vaxtında ödəmişdir. Bu barədə kitabçada da qeydlər var. 2011-ci ildə smart tipli sayğac quraşdırılan zaman borcu olmamışdır. Bundan əlavə, Dövlət başçısının 2011-ci ildə imzaladığı Fərmanla vətəndaşların təbii qazdan istifadəyə görə yaranmış bütün borcları silinmişdir. Bu səbəbdən də 2011-ci ildə ona hesablanmış əsassızdır. Həmçinin xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 388.8 manat borc da əsassızdır. Çünki xx.xx.2018-ci ildə sayğacı dəyişən zaman üzərində plomb olmasaydı, həmin aktda qeyd olunardı. Digər tərəfdən, sayğacın istismar müddəti 5 il olmasına baxmayaraq, onun sayğacı 2011-ci ildən 2018-ci ilə kimi istifadə olunmuşdur. Dəfələrlə müraciət etsə də, xx.xx.2018-ci il tarixli ******* saylı aktın surəti ona verilməmişdir. O, qaz xəttinə və sayğaca qanunsuz müdaxilə etməmişdir. Göstərilənlərə əsasən iddiaçı tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə icasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının silinməsini tələb etdiyi 384,70 manat məbləğ istehlakçı tərəfindən sayğac əsasında istifadə edilmiş təbii qaza yaranmış debitor borcdur. Həmin borc sırf sayğac göstəricisi əsasında hesablanmışdır və istehlakçı tərəfindən ödənilməlidir. İddia tələbinin 388,80 manat pulun silinməsi hissəsi ilə bağlı bildirir ki, iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirilərkən sayğacın flyans birləşmələrinə vurulmuş plombun yerində olmadığı aşkar edilmiş, bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək fotoşəkilləri çəkilmişdir. Bunun nəticəsində İtirilmiş qazın dəyərinin hesablanması üçün dəymiş ziyanın hesablanmasına dair tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş 388,80 manat dəyərində qaz sərfi müəyyən edilmişdir. Həmçinin xx.xx.2018ci il tarixə akt tərtib edilsə də, sonrakı pozuntu ilə bağlı akt tərtib edilməmişdir. Göstərilənləri nəzərə alaraq, nümayəndə iddianın təmin olunmaması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, İddiaçı və Cavabdeh arasında “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış və abonentin istehlakçını keyfiyyətli qazla təmin etmə barədə qarşılıqlı razılıq əldə edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2010-cu ilin sonunadək 266,5 manat, 2012-ci ilin sonunadək isə 384,7 manat debitor borcu hesablanmışdır. Lakin məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən (kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir), habelə iddianın həmin sərfiyyat borcunun silinməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, Cavabdeh İB tərəfindən göstərilən məbləğdə borcun tələb olunmasını tələb etmək üçün iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan 10 illik müddətə, maddənin məzmununun hərfi mənasından çıxış edərək, öhdəliklərin xitam olunma müddəti kimi yanaşıldıqda borclunun yuxarıda qeyd edilən “öhdəliyin icrasından imtina etmək hüququ” mövcud ola bilməz. Belə ki, öhdəlik olmadığı üçün imtinanın predmeti də olmur. Həmçinin belə olan halda, iddiaçı qismində çıxış edən şəxsin pozulmuş və təmin edilməli olan subyektiv hüququ da mövcud olmayacaqdır. Halbuki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir və bu müddət keçdikdən sonra tələb ilə bağlı iddia qaldırıldıqda, cavabdeh isə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədikdə məhkəmə iddia tələbini təmin edə bilər (Mülki Məcəllənin 375.2-ci maddəsi). Beləliklə, göstərilənlərə əsasən və 2010, 2011 və 2012-ci ilin sərfiyyat borcları məhkəmə qaydasında tələb edilmədiyindən, habalə istehlakçı həmin borc məbləğlərinin müddətin keçməsi səbəbindən silinməsini xahiş etdiyindən, qanunvericiliyin iddia müddətinin tətbiqinə dair müddəaları nəzərə alınmaqla məhkəmə belə qənaətə gəlir ki, abonent kodu **********20000 olan hesabdan 384,7 manat məbləğində debitor borcu silinməlidir. İş materiallarında olan Cavabdeh xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1 ünvanında quraşdırılmış sayğacın yivli birləşməsinə vurulmuş plombun qırılması səbəbindən itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonentin saldosundan göründüyü kimi 388,8 manat dəymiş ziyan məbləği hesablanmışdır. Məhkəmə aşağıdakılara əsasən hesablanmış həmin ziyan məbləğini əsassız hesab edir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə (bundan sonra – Qaydalar) müvafiq olaraq, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacların işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh daşıdığından, mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə, iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Cavabdeh İB sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən ona zərər vurulduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddiası haqlıdır. Bu səbəbdən də, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən İddiaçı abunə koduna aktlar əsasında hesablanmış 388,8 manat ziyan məbləği və 384,7 manat debitor borc olmaqla, cəmi 773,5 manat məbləğində borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, iddiaçı iddia təmin edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 432-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı istifadəsində olan **********20000 saylı abonent koduna əsassız olaraq hesablanmış 388,8 manat ziyan məbləği və 384,7 manat debitor borc olmaqla, cəmi 773,5 (yeddi yüz yetmiş üç manat, əlli qəpik) manat məbləğində borcun silinməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2841/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2841/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver