Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-291/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçılar İddiaçı4, İddiaçı1 (eyni zamanda, digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi), Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “divarın sökülməsi, torpaq sahəsinin qaytarılması, tikilinin sökülməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “divarın sökülməsi, torpaq sahəsinin qaytarılması, tikilinin sökülməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8 sot (bağ 319 b) torpaq ərazisinə 0,57 sot müdaxilə edilmişdir, evin divarının sökülərək ərazidən çəkilməsi və 0,57 sot torpaq sahəsinin qaytarılması; (bağ 319 a) sahəsində qarajın dam örtüyünün dəyişdirilməsinə və təmirinə istifadə olunan 3000 manat məbləğin ödənilməsi; dövlətə məxsus mövcud avtomobil yolunun zəbt edilmiş 2 sotunun, qanunsuz hasara alınmış tikilinin (bağ 319 a) sökülməsi; qanunsuz zəbt edilmiş, daşla tikilən 2 sot ərazinin hasarının üstündəki qaz xəttinin sökülməsi və layihəyə uyğun binanın divarına keçirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı1, 1953-cü il təvəllüdlü, Azərbaycan Respublikasının Yer Elmləri üzrə elmlər doktoru, Ukrayna Respublikasının Geoekologiya elmləri doktoru, X14 Akademiyasının həqiqi üzvü, dövlət qulluğunun kiçik dövlət müşaviri, hal-hazırda təqaüddədir, 19 fevral 2014-cü il tarixdə məhkəməyə müraciət etmişdir (iş nömrəsi 2(004)-xx/xx/2014). Onların 319 b saylı bağda qonşuları, 318 saylı bağ sahəsinin sahibi rəhmətlik Səməd dayı cərrah vəzifəsində 7 saylı xəstəxanada çalışırdı. Qonşu kimi razılaşmışdılar ki, hasarı daşdan hördürsünlər. Qəflətən rəhmətə getdiyindən, bu iş yubandı. Bir müddət sonra iki oğlu ilə razılığa gəldilər ki, o, hasarı çəkdirir, onlar çəkilən xərcin yarısını ödəyərlər. Hasar çəkildi. Bu məqamda onlar xahiş etdilər ki, mümkündürsə, evlərinin pəncərələri çıxan hissədə (onların bağa baxılan hissədə) 1-2 metr məsafə qoysunlar ki, manqal düzəltsinlər. Yayda məlum oldu ki, bağlarını indiki cavabdehlərə satıblar. Əlaqə yaratdı, məlum oldu ki, oğlanlardan birinə qarşı, deputat Anzurskinin ölümü ilə əlaqədar cinayət işi açılıb. Məcburiyyət qaşısında qalaraq bağı satıblar. İndiyə qədər ona hasarın pulunu verməyiblər. Məhkəmə proseslərində həmin oğlan ilə görüşüb əhvalatı ona danışdı və xahiş etdi ki, Yasamal Rayon Məhkəməsinə gələrək hasarın onun tərəfindən çəkilməsini, hasar ilə onların köhnə evlərindəki məsafəni qoymağa o, icazə vermiş, yəni onun bağ sahəsinə (rəhmətlik qızı Vəfanın adına 319 b saylı, ekspertiza sənədlərinə qədər 8 sot kimi göstərilən sahədən, 7, 4 sot qalmış olan hissəsində) aid olan hissənin uzunluğu 25 metr, eni isə 3 metrdir sahə cavabdehlər tərəfindən zəbt edilmişdir. Bu məhkəmə iddialarında göstərilən ikinci iddianın faktıdır. Hal-hazırda bu sahənin varisləri iddiaçılar, qızının övladları və o - atası İddiaçı1dur. Sənədlər təqdim edilib. Cavabdeh qış mövsümündə bir neçə gün ərzində köhnə evi sökərək, yeni evin onlara tərəf olan divarını tək daşdan hörülən hasarın üstündə 10 metr hündürlükdə ucaldıb. Polisə və Sabunçu Rayon İcra Hakimiyyətinin memarına müraciət etdi, gəldilər, söhbət əsasında cavabdeh dedi ki, əvvəlki sahib hasarın onun tərəfindən çəkildiyini deyib. Bağı satanlar məhkəmədə iştiraklarına etiraz etdilər ki, cavabdehin arvadı onları da aldadıb, pulun bir hissəsini verməyib. Bir neçə ay çəkən danışıqlar nəticə vermədi. Polis və İH məsləhət bildilər ki, məhkəməyə müraciət etsin. Bu az imiş kimi, günlərin birində oğlu İddiaçı3 məxsus 319 saylı bağın (8 sot sahəsində) tikilən evin, tikinti normalarına uyğun, arasında məsafə (0,5 m) qoyulmuş hasarın söküldüyünü gördü. 318 saylı bağda işləyən fəhlələrə və bağda qalan İnqilaba yaxınlaşıb işin saxlanılmasını tələb etdi. İnqilab dedi ki, Bayramov tapşırıb ki, evin divarı olduğu üçün hasarın daşlarını sökün. Təcili olaraq sahə üzrə polis müvəkkilini və İH-nin memarını hadisə yerinə çağırdı. Bayramov həmin sözləri onlara da dedi. Gələnlər məsləhət gördülər ki, verin məhkəməyə, yoxsa bu hər dəfə bir iş açacaq. Məhkəməyə gələn Bayramovun qardaşı hakimə söz verdi ki, mütləq özünün iştirakı ilə hasar bərpa olunacaq. Bir necə gündən sonra hasar bərbad halda, necə gəldi hörüldü (indidə gəlsəniz görərsiniz). Təhlükəsizliklərini qorumaq üçün məsləhət verdilər ki, evin divarı ilə hasar arasındakı məsafə bağlı saxlanılsın. Öz vəsaitləri hesabına (300 manat xərc) 15 metr uzunluğu və eni 0,5-1 mert olmaqla boşluq, sink metal vərəqələrlə örtüldü. Bu məsələ həll olunduğuna görə iddia tələblərində qeyd edilməyib. 319 A saylı (8 sot sahə) bağın sahibi İddiaçı2 həyətdə qarajı var idi. Maşınla həyətdən çıxanda bağlar arası 6 sot sahəsi olan ərazidə qonşular və qonaqlar avtomaşınlarını saxlayırdılar. Hasarın üstündə cavabdehlər yeni tikilən divarını hördürəndə, mətbəxlərinin divarını oğlunun qarajının divarına dirəmişdilər. Dördüncü iddia predmeti ondan irəli gəlib ki, günlərin birində şərəfsiz, mənəviyyatsız, əxlaqsız, düşüncəsiz cavabdehlər (ölən və arvadı) qarajın metal şiferlərini mismar ilə deşik-deşik etmişdilər. Yağışdan, qardan sonra qaraja girmək olmurdu, hər şey su içində idi. Həyətlərində qalan həmin oğlan İnqilab ona dedi ki, ölən özü mismarla şiferləri deşdi. Cavabdeh məhkəmə prosesində gördüyü əməli İnqilabın üstünə atdı, o eləməyib dedi. Hal-hazırda qarajın damının konstruksiyası taxtalardan yığılıb, örtüyünü yeni metal şiferlərlə əvəz etmişlər, qaraj yenidən bərpa edilib. Çəkilən xərci 3000 AZN məbləğin cavabdeh tərəfindən ödənilməsi iddia kimi tələb edilir. Cavabdehə qarşı qaldırılmış sonuncu iddianın səbəbi yuxarıda qeyd etdiyi bağlar arası dövlətə məxsus 6 sot torpağın 2 sotunu metal borularla, metal torla bağlayaraq zəbt etməsidir. Heç bir sənədi olmadan zəbt olunan sahə bağa giriş üçün, qonşular üçün problem yaradıb. Səbr kasa dolandan sonra bələdiyyəyə, kənd sovetinə, İH-nə yazılı müraciət etdi. İcra Başçısının qəbuluna getdi. Təkcə Maştağa qəsəbə nümayəndəsi reaksiya verərək, torları və boru dirəkləri sökdürdü (cavab məktubu sənədlərdə var). Qəbuldan sonra xəbər verdilər ki, bazar günü bağda olun İcra Başçısı Adil Verdiyev əraziyə şəxsən baxacaq. Bazar günü öz əsabələri ilə gələn başçı və cavabdeh R.Bayramov sözün əsl mənasında şou göstərdilər. Nəticədə o, günahkar sayıldı. İcra başçısı hamının yanında göstəriş verdi ki, Bayramov “mən sənə icazə verirəm, daşla səliqəli tik, hasara al”. Sonradan onun məsul şəxslərə müraciətlərindən, həmin icra başçısı boynuna almadı ki, o, bu sözləri deyib. Qorxudan əsə-əsə -“Mənim nə ixtiyarım var ki, dövlət torpağını kiməsə verim” deyirdi. Sorğusuna isə cavab vermədi. İndiyə qədər qanunsuz tikili sökülməyib. Ən maraqlısı odur ki, həmin gün bu söhbətlər gedən anlarda 318 saylı bağın sahibi Cavabdeh həyətdən çıxaraq hamısını əli ilə göstərərək dedi, “nə gəlmisiniz bura, hamınızın pulunu vermişəm. Bizi narahat etməyin”. Bu sözlərdən sonra birinci aradan qaçan İcra başçısı oldu. Məhkəmə proseslərinə təqdim etdiyi sənədləri, dövlət orqanlarından, ekspertizadan aldığı cavabları məhkəməyə təqdim edir. Ali Məhkəmənin Mülki Kollegiyasına (2(102)-2549/2022 saylı işin içində olan), apellyasiya məhkəməsinə, Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi fotoşəkilləri, sxemləri, GOODli MAP proqramı ilə əldə olunan real şəkilləri təqdim etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2549/2022 saylı 6 iyul 2022-ci il tarixli qərarının kassasiya şikayətinin dəlilləri bəndinin 28-38-ci bəndlərində göstərilir ki, 318 saylı torpaq sahəsi cavabdehlə nikah (13 fevral 1996-cı ildə) pozulduqdan 5 il sonra xx.xx.2001-ci il tarixli 4Ə- 3-387 reyestr nömrəli aldı-satqı müqaviləsi əsasında almış və xx.xx.2001-ci il tarixində dövlət qeydiyyatından keçməklə tam onun - Elmiranın mülkiyyətindədir. 38-ci bənddə qeyd edilir ki, kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. 66-cı bənndə qeyd edilir ki, işə baxmış məhkəmələr tərəfindən 318 saylı qonşu bağ sahəsinin sahibi kimi cavabdeh qismində işə cəlb edilmiş X5 iddia tələblərinə cavab verməklə bağlı müvafiq hüquqi mülkiyyətə malik olan şəxs kimi olub-olmadığı barədə də hüquqi dəyərləndirmə aparılmaməşdır. 67-ci bənddə qeyd edilir ki, məhkəmələr tərəfindən tədqiq edilmiş 318 saylı bağ evinə dair xx.xx.2010-cu il tarixli texniki pasportda hüquqi subyekti kimi Cavabdeh göstərilmişdir. 69-cu bənddə qeyd edilir ki, işə yenidən baxılarkən, həmçinin cavabdehin prosesual hüquq varisi kimi Cavabdeh ilə əvəz edilməsinin mümkünlüyü ilə bağlı həmin şəxsin kassasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verilməli və aparılmış araşdırmanın nəticəsinə uyğun olaraq qanuni qərar qəbul edilməlidir. Bağın sənədləri arvadın adına olduğu halda, nikah pozulduğu halda, cavabdehin ölümü olduğu səbəbdən, Bayramov R.V. necə və nəyə varis ola bilər???? Heç bir məhkəmə prosesinə gəlməyən Cavabdeh və vəkili (sonuncu appelyasiya məhkəməsinə təqdim etdiyi sənəddə) qeyd edilmişdir ki, nikah pozulub, cavabdeh ölüb. X13 bu sualı verdi və cavab almadı. Necə olur ki, 2014-cü ildən davam edən məhkəmə proseslərində heç bir hakim bu faktı araşdırmayib, hüquqi adı çəkilməyən, kim olduğu bilinməyən, indi bəlli olan “gor-bagor” cavabdeh Bayramov R. onu 2014-cü ildə qarşılıqlı iddialarla məhkəməyə verib, uydurma, böhtan, şərlə dolu, özləri elədikləri qanun pozuntularını ona ünvanlayıblar. O, məhkəmə prosesində dəfələrlə demişdir ki, belə hakimlərin özbaşnalığı nəticəsində iddiaçı, cavabdehə çevrilir. Cavabdeh həmişə bu məsələ ilə bağlı əraziyə gələn nümayəndələrin, ekspertlərin, İcra Başçısının (Adil Vəliyev), 14-cü Polis bölməsinin rəisinin, sahə müvəkkilinin qarşısına özü çıxaraq R.Bayramovu “vovoçka” (вовочка) adlandıraraq təhqir edib, alçaldıb və deyib ki, o, kimdir, buranın yiyəsi mənəm, hamısına (məhkəmələridə sadalayıb) pul vermişəm. Heç kim mənə dəyə bilməz. Belə vəziyyətdə onlar və iştirak edənlər başa düşmürdülər, Bayramov “arvad ağızdı”, yoxsa psixi xəstədir (bunu dəfələrlə deyiblər, çünki, onları və qonşuları ilk illər dəfələrlə kontuziyalı olduğuna görə qumbara və odlu silahla hədələyib). Amma bir dəfə Yasamal Rayon Məhkəməsinə gələn böyük qardaşı ona dedi ki, Siz bilmirsiz bu qadın şeytandır, bütün qohum və dostlardan onu ayırıb. Bu qanunsuz tikililərin, qanun pozuntularının dalında o, durur, və R.Bayramovu alçaldaraq, bəs “kişi deyilsən”, ver məhkəməyə get sübut elə. İndi başa düşür ki, o, onların münasibətlərini, nikahın pozulmasını və digər bəlaları bilirdi. Atası, babası olan İddiaçı1 ona məxsus 319 saylı bağı üç bərabər hissəyə bölərək (8 sot olmaqla) övladlarının adına rəsmiləşdirib. Özü də bu ünvanda qeydiiyyatda olub və yaşayıb. Məhkəmə onun bu ərazilərə vərəsəliyində şübhəli olaraq, rəsmi sənəd tələb edib. Onların hamısı ona etibarnamə vermişlər ki, onları hər bir dövlət qurumunda təmsil etməsinə razıdırlar. Niyə bu faktlar, dövlət qurumlarından, ekspertizalara təqdim edilmiş cavablar hakimlər tərəfindən qiymətləndirilməyib. 1-ci iddiada, abzasda göstərilir ki, 2014-cü ilin 26 yanvar tarixində cavabdeh R.Bayramov rəhmətlik qızına məxsus bağ sahəsinin tək daşdan hörülən hasarının üstündə (uzunluğu 25 m, eni 3,5 metr) öz ərazisində tikdiyi evinin divarını 10 metr hündürlüyə qədər inşa etmişdir. Bununla da onun rəhmətə gedən qızının adına olan 8 sot torpaq ərazisinə 0,57 sot müdaxilə etmişdir. Tikinti qaydaları kobud şəkildə pozulmuşdur. İşin içində bunu təsdiq edən sənədlər var. Bununla əlaqədar iddia tələbləri odur ki, qanunsuz tikilən evin divarı sökülməlidir. Bu qərar apellyasiya məhkəməsi tərəfindən verilmişdir. Güman edirlər ki, E. Abdullayeva dediyi kimi hakimləri görüb. Başqa nə səbəb ola bilər???? Sonuncu məhkəmə prosesində məlum oldu ki, 318 saylı bağın sahibi R.Bayramov yox, arvadıdır. 27 il əvvəl nikahları rəsmi pozulub. Belə olan halda onun nə ixtiyarı olub ki, ev sahibi kimi onları məhkəməyə verib, qarşılıqlı iddialarla borclu çıxarıb. İndi hansı cəhənnəmdədir? Arvadı ona etibarnamə vermişdir? Hakimlər niyə indiki vərəsə kimi çıxış edən arvadından təsdiqləyici sənəd tələb etməyib. Arvadı ölsəydi R.Bayramov vərəsə ola bilərdi. Görün məhkəmələrdə nə qədər savadsızlıq və məsuliyyətsizliklər var ki, cavabdeh tərəfindən edilən qanun pozuntularını onlara əks istiqamətə yönəldiblər. Məhkəmə qeyd edir ki, (səh.2-25 bənd) AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri tərəfindən verilmiş mütəxəssis rəyləri, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi və sertifikatı olan özəl Alternativ Ekspertiza Şirkəti tərəflərindən verilən rəylər iş materiallarında olmasına baxmayaraq, məhkəmə hesab edir ki, həmin sənədlərin hazırkı qətnamədə təsvir edilməsinə lüsum yoxdur. 2-ci iddia. Digər iddia ondan ibarətdir ki, cavabdeh 8 metr uzunuğu, eni 4 metr olan ona məxsus qarajın dəmir dam örtüyünü mismarla deşərək yararsız vəziyyətə salmışdır. Bunun üçün dam örtüyünün dəyişdirilməsinə, qarajın yenidən təmir edilməsinə istifadə olunan 3000 manat məbləği ödəməli və hasarın üstündə tikdiyi divar sökülməlidir. Tikinti normalarına görə hasar ən azı 1 metr məsafə saxlamaqla öz ərazisində tikilməlidir. Məhkəmə prosesində hakim ona sual verdi ki, bunların sökülüb və yenidən tikilmə xərclərini Siz ödəyəcəksiniz? Ona görə də bu işlərin aparılması üçün mənəvi ziyan kimi 10 000 mant məbləğ göstərilmişdir. Nəzərdə tutulub ki, hasarın, evin divarının sökülməsi, yerinin dəyişdirilməsi fəhlə qüvvəsi, texniki avadanlıq və s. üçün bu məbləğ kifayət etçəlidir. 3-cü iddia. Bununla belə özbaşnalıq edərək cavabdeh dövlətə məxsus bağlar arası maşın hərəkəti üçün mövcud avtomobil yolunun 2 sotunu zəbt etmiş, qanunsuz tikili ilə hasara almış, onlara və ətrafdakı qonşulara narahatçılıq yaratmışdır, işin sənədlərində buna aid kifayət qədər dövlət orqanları tərəfindən faktı təsdiqləyən rəsmi cavablar olmasına baxmayaraq, ilk məhkəmə prosesi bu iddiadan yan keçmişdir. Hətta bununla əlaqədar Bakı şəhəri Baş Polis İdarəsinin istintaq bölməsində cinayət işi açılmışdır. Onların Maştağa qəsəbə Bələdiyyəsinin, kənd sovetinin, 14-cü polis bölməsinin, Sabunçu İcra Hakimiyyətinin, Torpaq Agentliyinin tələblərinə cavabdeh əhəmiyyət verməyib, hətta indiki (2020 ildə cavabdeh öləndən sonra) arvadı əslində 318 saylı bağın onun adına olduğunu bildirərək, heç bir məhkəmə prosesində iştirak etməyərək, qapıya gələn adları çəkilən dövlət orqanlarının nümayəndələrini kobud şəkildə, həyasız, təhqir edici sözlələ bildirir ki, cavabdehlə uzun illər boyu nikahda deyil və iddiaçının iddiaları əsassıdır, çünki mən hamısına pul-rüşvət vermişəm. Bu məsələ ilə əlaqədar olaraq onlar məhkəmədən xahiş etdilər ki, cavabdeh tərəf nəyin əsasında onlara qarşılıqlı iddianı, həyat yoldaşı olmayan, aidiyyəti olmayan şəxs - R.Bayramov bu qədər qanunsuz işlər görüb. 4-cü iddia. Qanunsuz zəbt edilmiş və ətrafı daşla tikilən 2 sot ərazinin hasarının üstünə qaz xəttinin çəkilməsi Fövqəladə Hallar Nazirliyinin Qaz təhlükəsizliyi Departamentinin tələbi ilə hələ də sökülməmişdir (Sənədlərdə bu məktub var). Əgər hər hansı nəqliyyat vasitəsi bu ərazidə qaz xəttini qırsa, böyük fəlakət olacaq. Yanğınsöndürən, ağır qabaritli texniki nəqliyyat vasitələri əraziyə girə bilmirlər. 1) (səh.5/6) Məhkəmənin mövqeyi. Bu məhkəmə prosesi 2014-cü ildən bir çox bəhanələrlə gəlib bu günə çatıb. Rayon məhkəməsinin bir hakimi tək balasının adına and içirdi ki, bu mənlik deyil, sizin xeyrinizə qərardad verə bilməyəcəyəm, çünki sədr tapşırıb. Həmin hakimlərdən ikisi hal-hazırda apellyasiya məhkəməsində alış-veriş edirlər. Sonrakı apellyasiya məhkəmə prosesində hakim onunla bazardakı kimi alış-satış apardı ki, Siz ağsaqqal, alim, hörmətli ziyalı, bunların (cavabdehlərin) səviyyəsinə düşməyin. Gəlin bir ərizə yazın heç olmasa bir iddiadan - 3000 manatdan imtina edin, qalan iddiaları qüvvədə saxlayaq. O da inandı ki, nə qədər humanist, xalqa, millətə ürəyi yanan hakimlər var? Dedi, qurban olsun Sizə - hakimlərə, ərizə yazıb verdi (İşin içində bu ərizə var). Sonrakı prosesdə həmin hakim təklif etdi ki, yaxşı olardı ki, bu iddialardan ümümiyyətlə imtina edəsiz, işi bağlayaq. Yenidən əsas sayılan cavabdeh - bağ sahibi olan arvadı məhkəməyə cəlb edəsiniz. İşin gedişatı və indiki vəziyyət onu göstərdi ki, bu hakimlər qrupu (apellyasiya məhkəməsindəkilər) özləri arasında məsləhətləşmələr apararaq istədiklərini etdilər. Bəs onların bu hərəkətlərinə kimsə cavab verməlidir, ya yox ??? Sual verdi cənab hakim bura məhkəmədir, yoxsa bazar? İkinci dəfədir ki, mənimlə alış-veriş etmək istəyirsiniz. Cənab hakim Zəki Babayev mənim yerimdə olsanız nə edərdiniz. Mən sədrin sözünü yerə salmamalıydım? Sonradan (26-cı bənd) o, rəhmətə gedən qızının adından çıxış edə bilməz qərarını verirlər. İzah etdi ki, bağı 3 hissəyə bölüb rəsmi övladlarının adına sənədləşdirmişdir. Heç bir vaxt fikirləşməmişdir ki, o, vərəsəlik almalıdır - hər hansı bir torpaq hissəsinə. 2020-ci ilə qədər həmin bağda rəsmi qeydiyyatda olmuş və yaşamışdır. 2014-cü ildən bu vərəsəlik məsələsi olmayıb. Görünür ki, apellyasiya məhkəməsinin komandası ilə cavabdehin arvadının dediyinə görə aralarında pul-rüşvət var. Nə üçün bunlar təşvişə düşüb variantlar axtarırlar. Hal-hazırda 8 sot sahə 4 nəfər arasında rəsmiləşdirilib (Sənədləri əlavə edir). Bundan əlavə böyük oğlunun adına olan 319 A saylı bağ sahəsində bu 4 iddianın 3-ü öz əksini tapmışdır. 2014-cü ildə ona qarşı cavabdeh R. Bayramov tərəfindən verilən iddiada o, 3 övladının adından etibarnamə alaraq iştirak etmişdir. Etibarnamələr nəzərə alınmayıb. Niyə? Bu dövlətin təsdiq etdiyi rəsmi sənəd deyil? Hal-hazırda rəhmətlik qızının üç övladı və o, vərəsə kimi çıxış edirlər. Apellyasiya baxışının nəticəsi. Qeyd edilir ki, rayon məhkəməsi həmin hissədə işin hallarını səhv müəyyən etmişdir. Apellyasiya şikayəti qismən əsaslıdır, (hansı hissələrdə). Niyə qarşılıqlı tərəfi cavabdehi təmsil edən 318-ci bağın sahibi indiyə qədər bir dəfə də olsun məhkəmədə iştirak etməyib? Onun vəkili iştirak etməyib. Niyə onlar iddiaçıdan çox cavabdehə çevrilmişlər? Bütün faktlar göz qabağındadır. Təsdiqləyən sənədlər işin içində var. Niyə o, hər hansı rüşvət verən və ya alana güzəştə getməlidir? Niyə onun, övladlarının, nəvələrinin konstitusiya hüquqları bu şəxslər tərəfindən pozulur. Rüşvət verən və alan hər iki tərəf qanun qarşısında cavab verməlidirlər. Hesab edirlər ki, vərəsəlik sənədini istəmək - sonuncu oyun elementidir. Məhkəmə iclasında iddiaçılar İddiaçı4, İddiaçı1 (eyni zamanda, digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi) iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Digər İddiaçı5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı5 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddiaçıların torpaq sahəsinə müdaxilə edilməmiş, cavabdeh evinin divarını öz faktiki sərhədləri daxilində tikmişdir. Cavabdeh tərəfindən qarajın dam örtüyünə ziyan vurulmamışdır, odur ki, onun dəyişdirilməsinə və təmirinə istifadə olunan 3000 manat məbləğin ödənilməsi tələbi də rədd olunmalıdır. Mövcud avtomobil yolunun zəbt edilməsindən söhbət gedə bilməz, çünki həmin sahə cavabdehə məxsusdur. Hasara alınmış tikili qanunsuz deyildir. Həmin sahənin rəsmi sənədi var. Hasarın üstündəki qaz xəttinin sökülməsi və layihəyə uyğun binanın divarına keçirilməsi hissəsində də iddianı qəbul etmir, çünki mövcud qaz xətti iddiaçılara heç bir maneə yaratmır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -xx.xx.2023-cü il tarixli 2V-12 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X6 vərəsələri – atası İddiaçı1, oğulları – İddiaçı5, X11, İddiaçı4dur. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən ibarətdir. -xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi və ümumi sahəsi 651.07 kv.m olan bağ evi İddiaçı3 mülkiyyətindədir. -RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319A saylı bağ evi və 0.08 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdən İddiaçı2 mülkiyyətindədir. -AZ-İ seriyalı 703701 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2014-cü il tarixdə ölmüşdür. -xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi hər birinə 1/4 hissədə olmaqla, İddiaçı1, İddiaçı5, X7 və İddiaçı4 mülkiyyətindədir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2549/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 8060/2021 nömrəli iş üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1438/2023 nömrəli xx.xx.2023cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5783/2022 saylı 23 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -“X2” MMC-nin 226 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən İddiaçı1 istifadəsində olan 319 saylı bağ sahəsinin sərhəd hasarının üzərində qonşu Rafael Bayramovun bağ sahəsində fərdi yaşayış evinin inşa olunması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1. bəndinin və 72-ci maddəsinin 72.1. bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. İddiaçı1 istifadəsində olan 319 saylı bağ sahəsinin (hazırda RX seriyalı ******* saylı Çıxarışa əsasən X6 mülkiyyətində olan 319b saylı, 0,08 ha bağ sahəsidir) 0,0053 ha (53 kv.m) hissəsinin qonşu Rafael Bayramov tərəfindən zəbt edilərək üzərində fərdi yaşayış evinin inşa olunduğu müəyyən edilir. İddiaçı1 istifadəsində olan 319 saylı bağ sahəsinə (hazırda RX seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan 319A saylı 0,08 ha bağ sahəsidir) gələn yolun yerləşdiyi ərazinin dövlət mülkiyyətinə aid olduğu, həmin yolun sahəsi 208,74 m2 olan hissəsinin qonşu Rafael Bayramov tərəfindən zəbt edilərək daş hasar vasitəsilə sərhədə alındığı, hasara paralel olaraq yerüstü qaz xəttinin çəkildiyi və qaz xəttinin çəkilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş, «Qaz Təhcizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları»na zidd olduğu müəyyən edilir. İddiaçı1 istifadəsində olan 319 saylı bağ sahəsində yerləşən (hazırda RX seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan 319A saylı 0,08 ha bağ sahəsidir) qaraj tikilisinin dam örtüyünün deşilməsi ilə, yağan atmosfer çöküntülərinin qarajın daxilinə axaraq beton örtüyünün üzərində yığılması nəticəsində, beton örtüyünün müəyyən dərəcədə çökməsinə səbəb ola bilməsi və bununla əlaqədar qarajın istifadəsinə ziyan verilməsi müəyyən edilir. -Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X9 Agentliyinin “Azəriqaz” İB-nə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq 2, 319 saylı bağ evinin sakini İddiaçı1, ona məxsus torpaq sahəsinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi barədə, Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli müraciəti Agentliyin mütəxəssisləri tərəfindən yerində araşdırılmış və müvafiq akt tərtib olunmuşdur (surəti əlavə olunur). Araşdırma zamanı müəyyən edilmişdir ki, “Azəriqaz” İB (icraçı) ilə vətəndaş İddiaçı1 (sifarişçi) arasında bağlanmış müqaviləyə əsasən Maştağa qəsəbəsi, Albalılıq 2, bağ 319 ünvanında yerləşən İddiaçı1 məxsus fərdi yaşayış evinin qarşısından keçən D 89 mm-lik qaz xəttinin bir hissəsinin ləğv edilməsi, sifarişçi ilə razılaşdırılmış və Bakı Regional Qaz İstismarı Departamentinin baş mühəndisi tərəfindən təsdiq edilmiş sxemə uyğun yerinə yetirilməmişdir. Qeyd olunan məsələnin birbaşa “Azəriqaz” İB-nin qurumları ilə əlaqəli olduğunu və şikayətçinin haqlı narazılığını nəzərə alaraq “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın və tikinti normalarının tələblərinə əməl etmək şərtilə müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi Sizdən xahiş olunur (şikayət ərizəsinin surəti əlavə olunur). -Bakı şəhəri Sabunçu RİHB-nın Maştağa qəsəbə Nümayəndəliyi tərəfindən İddiaçı1 ünvanlanmış 29 nömrəli xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, dövlət mülkiyyətində olan torpağı zəbt etmiş X8 rəsmi xəbərdarlıq edilərək dəmir tor söküldü. -RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 0.08 ha olan torpaq sahəsi xx.xx.2012-ci il tarixdə xüsusi mülkiyyət kimi X6 adına qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2762 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus Bakı şəhəri ünvan 5 ünvanda yerləşən 318 saylı bağ sahəsinin sərhədləri və koordinatları Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən müəyyən olunmuşdur. Cavabdehə məxsus fərdi yaşayış evinin iddiaçıya məxsus həyətyanı torpaq sahəsi ilə faktiki olaraq sərhəd hasarının üzərində inşa edildiyini nəzərə alaraq həmin fərdi yaşayış evinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müvafiq bəndinin tələbinin pozulduğu müəyyən olunur. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemdə Cavabdeh Ələkbər qızına məxsus 318 saylı bağ sahəsi (habelə orada inşa edilmiş fərdi yaşayış evi və hasar) qonşu torpaq sahəsinin ərazi hüdudlarına, habelə ümumi istifadədə olan avtomobil yoluna qanunsuz keçib-keçməməsi barədə məlumat qeyd olunmamışdır. Belə ki, qeyd olunan sxemdə mübahisə predmeti olan hissələr “Sözügedən mübahisəli sahə” və “0.0192 ha Sənədsiz sahə” kimi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar (FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilməli olan müvafiq mütəxəssis rəyi) Mərkəzə təqdim edilmədiyindən qərardadın 6-cı və 7-ci suallarının cavablandırılması mümkün olmamışdır. Məhkəmə heyəti tərəfindən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq- 2 bağ 319 ünvanında yerləşən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin torpaq sahəsinə müdaxilə edilməsi, evin divarlarının və hasarının iddiaçının ərazisinə keçməsini müəyyən etmək mümkün olmamış, həyətdə yola doğru yeni hasarın tikildiyi müəyyən edilmişdir. (hakim H.Mahmudova) Məhkəmə hesab edir ki, iddia tələbi dörd hissədən ibarət olduğundan, hər bir tələbə ayrıca hüquqi qiymət verilməlidir. İddiaçıların birinci tələbi cavabdeh tərəfindən 8 sot (bağ 319 b) torpaq sahəsinin 0,57 sot hissəsinə müdaxilə edildiyindən, evin divarının sökülərək ərazidən çəkilməsi və 0,57 sot torpaq sahəsinin qaytarılmasından ibarətdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. İşin məhkəmə iclasında araşdırılan hallarından və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2762 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 318 saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evi həmin evin yerləşdiyi torpaq sahəsi ilə qonşuluqda yerləşən İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319a saylı və İddiaçı1, İddiaçı5, X7, İddiaçı4 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319b saylı torpaq sahələrinin sərhəd hasarının üzərində tikilmişdir. Həmin fərdi yaşayış evinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulmaqla yanaşı, sərhəd hasarın üzərində fərdi yaşayış evinin inşa edilməsinə iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı5, X7, İddiaçı4 notarial qaydada təsdiq olunmuş razılıqları olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.1. maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 72.1. maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi birinci hissədə qismən əsaslıdır və Cavabdeh məxsus Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 318 saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319a saylı və İddiaçı1, İddiaçı5, X7, İddiaçı4 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319b saylı torpaq sahələrinin faktiki sərhəd hasarının üzərində inşa edilmiş divarı sökülməlidir. 319 a və 319 b saylı torpaq sahələrinin ərazisinə 0,57 sot müdaxilə faktı müəyyən edilmədiyindən 0,57 sot torpaq sahəsinin qaytarılması hissəsində iddia əsassız olduğundan rədd edilməlidir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319 saylı torpaq sahəsi ilə Cavabdeh məxsus Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 318 saylı torpaq sahəsi qonşuluqda yerləşmir və torpaq sahələrini bir-birindən ortaq hasar ayırmır. Belə olan halda, cavabdeh tərəfindən İddiaçı3 hər hansı hüququ pozulmadığından, iddia (birinci tələbə aid hissədə) İddiaçı3 münasibətdə rədd edilməlidir. Məhkəmə, aşağıdakılara əsasən iddiaçıların ikinci tələbinin rədd edilməsi qənaətinə gəlir. Belə ki, iddiaçılar Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319a saylı torpaq sahəsində inşa edilmiş qarajın metal şiferlərini cavabdehin keçmiş əri X5 deşdiyini, bunu həyətlərindəki keşikçi İnqilab adlı şəxsin də təsdiq etdiyini qeyd etmişlər. Hazırda isə iddiaçılar cavabdehin keçmiş əri X5 vurduğu zərərin əvəzini cavabdehdən tələb edirlər ki, bu da mülki qanunvericiliyin aşağıdakı normalarının tələblərinə ziddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi mülki hüquq məsuliyyəti delikt törətmiş şəxsin üzərinə qoyula bilər. Hazırkı işin hallarına əsasən isə cavabdehin iddiaçılara məxsus torpaq sahəsində yerləşən qarajın dam örtüyünə zərər vurması, yəni sonuncunun mülki hüquq pozuntusu törətməsi öz təsdiqini tapmadığından, həmçinin, iddiaçılar da həmin pozuntunun cavabdehin keçmiş əri tərəfindən törədildiyini bildirdiklərindən, cavabdehdən törətmədiyi və məsuliyyət daşımadığı mülki hüquq pozuntusuna görə ziyanın ödənilməsini tələb etmək üçün əsas yoxdur. Odur ki, iddia ikinci hissədə də rədd edilməlidir. Məhkəmə, iddianın üçüncü - dövlətə məxsus mövcud avtomobil yolunun zəbt edilmiş 2 sotunun, qanunsuz hasara alınmış tikilinin (bağ 319 a) sökülməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçıların bu tələbinə qiymət vermək üçün ilk öncə onların bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamalarını müəyyən etmək vacibdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2762 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemdə Cavabdeh Ələkbər qızına məxsus 318 saylı bağ sahəsi (habelə orada inşa edilmiş fərdi yaşayış evi və hasar) qonşu torpaq sahəsinin ərazi hüdudlarına, habelə ümumi istifadədə olan avtomobil yoluna qanunsuz keçib-keçməməsi barədə məlumat qeyd olunmamışdır. Belə ki, qeyd olunan sxemdə mübahisə predmeti olan hissələr “Sözügedən mübahisəli sahə” və “0.0192 ha Sənədsiz sahə” kimi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçıların sökülməsini tələb etdikləri avtomobil yolunun 2 sotu və qanunsuz hasara alınmış tikili sənədsiz sahədir. Yəni həmin sahəyə iddiaçıların və ya cavabdehin mülkiyyət hüquqlarını təsdiq edən sənəd mövcud deyildir. Həmin sənədsiz sahə dövlətin və ya bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən, orada inşa edilmiş hər hansı tikilinin sökülməsini tələb etmək hüququ da dövlətə və ya bələdiyyəyə məxsusdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıların dövlətə məxsus mövcud avtomobil yolunun zəbt edilmiş 2 sotunun, qanunsuz hasara alınmış tikilinin (bağ 319 a) sökülməsini tələb etmək kimi subyektiv hüquqları olmadığından, iddia həmin hissədə də rədd edilməlidir. Məhkəmə, iddianın dördüncü – qanunsuz zəbt edilmiş, daşla tikilən 2 sot ərazinin hasarının üstündəki qaz xəttinin sökülməsi və layihəyə uyğun binanın divarına keçirilməsi hissəsinə mülki icraat qaydasında baxılmalı olmaması qənaətinə gəldiyindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-291/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh məxsus Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 318 saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319a saylı və İddiaçı1, İddiaçı5, X7, İddiaçı4 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319b saylı torpaq sahələrinin faktiki sərhəd hasarının üzərində inşa edilmiş divarı sökülməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68) . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilməli, məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul iddiaçılardan və cavabdehdən müştərək qaydada tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh məxsus Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 318 saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319a saylı və İddiaçı1, İddiaçı5, X7, İddiaçı4 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319b saylı torpaq sahələrinin faktiki sərhəd hasarının üzərində inşa edilmiş divarı sökülsün. İddia qalan hissədə və İddiaçı3 münasibətdə rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh müştərək qaydada tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-291/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-291/2024
03.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver