Məhkəmə qərarları › İş №2(008)-2933/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2933/2025

07.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2933/2025 07.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim X1, İddiaçı Cavabdeh qarşı "özünün və uşaqlarının ünvan 1 ünvanına köçürülməsi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi" barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "özünün və uşaqlarının ünvan 1 ünvanına köçürülməsi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində ərazi aidiyyəti ilə bağlı nəzərdə tutulmuş ümumi qayda ondan ibarətdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qanunla nəzərdə tutulan başqa hallardan biri də daşınmaz əşyalarla bağlı müstəsna aidiyyətdir. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi, qanunverici daşınmaz əşya barəsində mülkiyyətin tanınması ilə yanaşı, mülkiyyətin müdafiəsi iddialarına, eləcə də məhdud əşya hüquqları və faktiki vəziyyətdən irəli gələn sahibliyin müdafiəsi haqqında iddialara (sahiblikdən məhrumetmə və ya onu pozma), habelə mənzil qanunvericiliyinə əsaslanan bu xarakterli tələblərə həmin daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılmasına dair müstəsna aidiyyət qaydası müəyyən etmişdir. Hazırkı işdə iddiaçının tələbi özünün və uşaqlarının ünvan 1 ünvanına köçürülməsi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsindən ibarətdir. Tələb iddiaçının həmin yaşayış sahəsinə sahiblikdən və ondan istifadə etməkdən iradəsinə zidd şəkildə məhrum edilməsi ilə əsaslandırılmışdır. İrəli sürülmüş tələb daşınmaz əşya üzərində iddia olunan sahiblik və istifadə hüquqlarının bərpası ilə bağlı olduğundan, mübahisənin düzgün həlli üçün sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında yuxarıda sadalanan iddialar üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Belə iddialara isə daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılması Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində aydın şəkildə göstərilmişdir. Belə olan halda, hazırkı iddia evin olduğu yerə görə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsində deyilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsi qaytarıldığı halda, ödənilmiş dövlət rüsumu qaytarılmalı olsa da, iddiaçı məhkəməyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etmədiyinə görə hazırkı qərardadda həmin məsələ həll edilməməlidir. Məhkəmə bunu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı "özünün və uşaqlarının ünvan 1 ünvanına köçürülməsi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi" barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar