Məhkəmə qərarları › İş №2(008)-3007/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3007/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3007/2025 02.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 777,60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Cavabdeh “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus evə akt tərtib edilmiş və həmin akta görə əsassız olaraq 777.60 manat məbləğində borc hesablanmışdır. Cavabdeh təşkilatın əməkdaşları iddiaçının evinə gələrək, evinin çöl tərəfində yəni, hasarın çölündə yerləşən, qaz sayğacına baxış keçirtmişlər və onun xəbəri olmadan qaz sayğacını açıb aparmışdırlar. Bu barədə iddiaçı xəbər tutanda onlara yaxınlaşdı və ona bildirdilər ki, guya iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Daha sonra bildirdilər ki, akt tərtib olunub sayğac yoxlanamaya göndəriləcək. İddiaçı isə bununla razılaşmadı və aktı imza etmədi. Onlar iddiaçının fərdi evinə yeni sayğac quraşdırdılar və getdilər. Bir müddət sonra iddiaçı Azəriqaz İB-nın idarəsinə yaxınlaşdı və ona sayğaca müdaxilə olunması barədə akt və hesablanmış cərimə barədə sənəd verdilər. Həmin cərimə heablanması barədə sənədi əldə etdikdən sonra, qaz sayğacına pul yükləyən zaman, yüklədiyi məbləğin yarısının silindiyini görəndə iddiaçıya aydın oldu ki, cərimə tətbiq edilib. Ona görə də bu məsələnin araşdırılması və əsassız hesablanmış borcların silinməsi üçün məhkəməyə müraciət etdi. Cavabdeh Azəriqaz İBnin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış 777.60 manat məbləğində cərimə məbləği ilə qətiyyən razılaşmır. İddiaçı sayğaca heç bir müdaxilə etməmiş və sayğac fərdi evindən kənarda, hasardan çöl tərəfdə quraşdırılıb və iddiaçı edilmiş hər hansı müdaxiləyə cavabdehlik daşımır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək borcun silinməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacın istismara yararsız olduğu aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli "Abonentin saldosu"ndan görünür ki, **********00000 abonent kodu olan İddiaçı qalıq və aktlara görə 2023-cü ilin sentyabr ayı üçün 777,60 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıya məxsus qaz sayğacının istismara yararsız olması əsası ilə akt tərtib edilmiş, akta əsasən 6480 m³ qaza görə 777,60 manat ziyanın vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə qanunvericiliyin "istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi" tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "Azəriqaz" İB tərəfindən hesablanmış 777,60 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iddianın qiymətinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddia təmin edildiyinə görə məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu (**********00000) əsassız hesablanmış 777,60 manat (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) məbləğində borc silinsin. Cavabdeh Azəriqaz İB-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar