Məhkəmə qərarları › İş №2(008)-301/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-301/2024

22.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-301/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh2, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 164 nömrəli sərəncamı ilə ona verilən Maştağa qəsəbəsi ərazisində 2 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 164 nömrəli sərəncamı ilə ona verilən Maştağa qəsəbəsi ərazisində 2 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçıya Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 164 nömrəli sərəncamı ilə Maştağa qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədi ilə 2 ha torpaq sahəsi ayrılmışdır. O, əvvəllər torpaqdan istifadə etsə də, sonra şəxsi problemləri ilə əlaqədar istifadə edə bilməmiş və 2021-ci ilin sonlarında həmin torpaq sahəsinə getdikdə sahənin başqa şəxslərin qanunsuz istifadəsində olduğunu bilmişdir. O, Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmiş və araşdırma zamanı torpaq sahəsinin Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt olunduğu məlum olmuşdur. Məhkəmənin təşəbbüsü ilə Bakı Şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti və Abşeron Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, Maştağa qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə 2 hektar torpaq sahəsinin xx.xx.2016-cı ildə Sabunçu Rayon İcra Hakimiyyətinin 164 nömrəli sərəncamı ilə iddiaçıya verilməsi, cavabdehlərin isə subyektiv hüquqları olmadan həmin torpaq sahəsindən istifadə etməsi işin mübahisəsiz halıdır. Ona görə də iddia təmin olunmalıdır. Məhkəmə baxışı zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianı etiraf etməyərək bildirdilər ki, onlar yaşadıqları Maştağa qəsəbəsinin ərazisində yerləşən torpaq sahəsini uzun illərdir ki kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edirlər. Hər birinin istifadəsində bir hektar torpaq sahəsi vardır. Həmin torpaq sahələri vaxtilə onlara dövlət tərəfindən icarəyə verilmişdir. Onlar ailələrinin dolanacaq xərclərini yalnız qeyd olunan torpaq sahəsini əkib-becərməklə əldə edirlər. Hazırda isə İddiaçı qeyd olunan iki hektar torpaq sahəsinin Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin sərəncamı ilə ona ayrıldığını bildirir, halbuki iddiaçının torpaq sahəsinin sxemi mövcud olmadığına görə iddiaçı ona ayrılmış iki hektar torpaq sahəsinin məhz onların istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü iddia edə bilməz. İddiaçı həmin torpaq sahəsini heç vaxt istifadə etməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti və Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmiş və məhkəməyə bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Müəyyən edildi ki, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 164 nömrəli sərəncamı ilə Maştağa qəsəbəsi ərazisində yerləşən 2 ha torpaq sahəsi İddiaçı istifadəsinə verilmiş və ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin tərtib olunması qərara alınmışdır. Bundan sonra ayrılmış 2 ha torpaq sahəsinin yerləşmə sxemi Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuşdur. İddiaçı ona ayrılmış həmin 2 ha torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə olunduğunu iddia edir. İşdə olan, "Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədi ilə İddiaçı Maştağa qəsəbəsində torpaq sahəsinin ayrılması haqqında" Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 164 nömrəli sərəncamının surətindən görünür ki, Maştağa qəsəbəsi ərazisində yerləşən 2 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədi ilə İddiaçı istifadəsinə verilmiş və ayrılan torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi qərara alınmışdır. "İddiaçı, Maştağa qəsəbəsi ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsinin cizgisi" iş materiallarına əlavə edilmişdir. İşdə olan, Abşeron rayonu "Subtropik" k/t müəssisəsinin direktoru və Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, 0,6 ha torpaq sahəsi əkib-becərmək üçün 5 il müddətində Cavabdeh2 icarəyə verilmişdir. İşdə olan, "Torpaq sahələrinin icarəyə verilməsi haqqında" Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 499 nömrəli sərəncamının surətindən görünür ki, Abşeron rayonu keçmiş X2 sovxozunun daimi istifadəsində olmuş, hal-hazırda ehtiyat fondda saxlanılmış, əkinə yararlı torpaq sahəsindən 126 hektarı icarə qaydasında "Subtropik" kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisəsinə 11 il müddətinə istifadəyə ayrılmışdır. İşdə olan, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 48 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə"nin surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2006-cı il tarixli 499 nömrəli sərəncamına əsasən, 1 ha torpaq sahəsi kənd təssərrüfatı məhsularının istehsalı üçün 11 il müddətinə Cavabdeh2 icarəyə verilmişdir. Abşeron rayonu Maştağa Subtropik bağlar sovxozunun yerquruluşu planından çıxarışın surəti iş materiallarına əlavə edilmişdir. İşdə olan, "Subtropik" k/t məhsulları istehsalı və emalı müəssisəsinin 2010-2015-ci il müddətinə mövsümi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, 1 ha torpaq sahəsi 5 il müddətində əkib-becərmək üçün Cavabdeh1 icarəyə verilmişdir. İşdə olan, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə əsasən tərəflər arasında bağlanılmış torpaq sahəsinə dair icarə müqaviləsinin uzadılması rayon icra hakimiyyətlərinin səlahiyyətləri daxilində deyil. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 81-ci maddəsinə əsasən, torpaqdan təyinatı üzrə istifadə edilməsi torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarından biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə bu qənaətə gəlmişdir ki, İddiaçı torpaq sahəsi üzərində istifadə hüququnun müdafiə olunması üçün ilk növbədə onun bu hüququnun pozulub-pozulmaması araşdırılmalıdır. Bu məqsədlə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016cı il tarixli 164 nömrəli sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş 2 hektar torpaq sahəsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahələri üst-üstə düşürmü? Düşürsə, hansı koordinatlarda və hansı ölçüdə?

2. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016cı il tarixli 164 nömrəli sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş 2 hektar torpaq sahəsi əvvəllər və hazırda hansı inzibati rayonun inzibati ərazisinə aiddir? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsindən alınmış xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, şərti olaraq göstərilən torpaq sahəsi faktiki olaraq 2 ha təşkil edir. Şərti olaraq göstərilən 2 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimi müəyyən olunur: X Y

1. 415633.000 4484595.000

2. 415435.700 4484562.247

3. 415419.324 4484660.897

4. 415616.623 4484693.650 Torpaq sahəsinin coğrafi yerləşməsini, ölçülərini, koordinatlarını bildirən, təsdiq olunmuş cizgi iş materiallarına əlavə edilməyib. Bu səbəbdən də üstüstə düşmə halının müqayisə edilməsi mümkün olmamışdır. Vahid elektron baza məlumatlarına əsasən, şərti göstərilən 2 ha ərazinin 0,18 ha hissəsi Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisindən Abşeron Rayon İcra Hakimiyyətinin istifadəçiliyində saxlanılmış kənd təsərrüfatı təyinatlı, dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir. Yerdə qalan hissəsi isə eynilə kənd təsərrüfatı təyinatlı, dövlət mülkiyyəti torpağı olmaqla Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində yerləşdiyi müəyyən edilmişdir. Torpaq sahələrinin dövlət qeydiyyatı barədə məlumat yoxdur. Göründüyü kimi, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 164 nömrəli sərəncamında Maştağa qəsəbəsi ərazisində yerləşən 2 ha torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi ümumi şəkildə göstərilsə də, həmin 2 ha torpaq sahəsinin coğrafi yerləşməsini, ölçülərini, koordinatlarını bildirən, təsdiq olunmuş cizgi tərtib edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə "İddiaçı, Maştağa qəsəbəsi ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsinin cizgisi" adlanan və Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuş sənədin surəti təqdim olunsa da, müəyyən edildi ki, həmin sxemdə də bu məlumatlar mövcud deyil. İddiaçı məhkəməyə ona ayrılmış 2 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını müəyyən etməyə imkan verən hər hansı başqa bir sənəd təqdim edə bilməmişdir. Eyni zamanda, torpaq sahəsinə məhkəmə tərəfindən keçirilən baxış zamanı da qeyd olunan məlumatları əldə etmək mümkün olmamışdır. Ekspert rəyində əks olunan koordinatlar bilavasitə ekspertiza zamanı tərəflərin mütəxəssislərə göstərdiyi və cavabdehlər tərəfindən istifadə olunan torpaq sahəsinin koordinatlarıdır. İddiaçıya ayrılmış torpaq sahəsinin məhz həmin koordinatlarda yerləşən torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmur. Eyni zamanda, iddiaçının tələbinin əsassız olması aşağıdakı xüsusatla da təsdiq olunur. İddiaçıya torpaq sahəsinin ayrılması haqqında Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 164 nömrəli sərəncamı "Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədi ilə İddiaçı Maştağa qəsəbəsində torpaq sahəsinin ayrılması haqqında" adlansa da, sərəncamın şərh hissəsində Azəbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 322 nömrəli Qərarı (hazırda qüvvədə deyil) ilə dövlət mülkiyyətində olan torpaqlardan daimi istifadəyə və icarəyə verilməsinin Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilməsinə istinad olunmuşdur. Lakin hökumətin "Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" həmin Qərarının mətnindən aydın olur ki, Qərarın kənd təsərrüfatı təyinatlı torpaqlara aidiyyəti yoxdur və göstərilən Qərar Bakı şəhərinin Sabunçu rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Qərarın 1.1-ci bəndində göstərilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti "Pilot layihə" formatında 5 il müddətinə aşağıdakıları həyata keçirsin: 1.1. mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini. Göründüyü kimi, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti sözügedən Qərara uyğun olaraq dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini yalnız tikinti məqsədi ilə həyata keçirə bilərdi. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində tikinti aparılmasına yol verilmədiyini isə nəzərə alsaq, İddiaçı Azəbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 322 nömrəli Qərarına istinad edilməklə ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması istisna olunur. İddiaçının hazırda cavabdehlərdən tələb etdiyi 2 ha torpaq sahəsi isə məhz kənd təsərrüfatı təyinatlıdır. Beləliklə, iddiaçı ona ayrılmış 2 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməsini sübuta yetirə bilmədi, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müəyyən edildi ki, iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumundan, onun tərəfindən xx.xx.2024-cü il tarixli 23638 nömrəli bank qəbzi ilə ödənilmiş 1200 manat mütəxəssisin xidmət haqqından, eləcə də ödənilməmiş 50 manat məhkəmə tikinti-texniki ekspertizasının dəyərindən ibarətdir. Hazırkı iddia təmin edilmədiyi üçün məhkəmə xərcləri iddiaçıya aid edilməli və 50 manat məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri ondan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Nəticə hissəsi:

Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 164 nömrəli sərəncamı ilə ona verilən Maştağa qəsəbəsi ərazisində 2 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılması" barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin və ondan 50 manat məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir.

X4.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar