Məhkəmə qərarları › İş №2(008)-3010/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3010/2021

07.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3010/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Yunusov küçəsində yerləşən 6 saylı evin 5 saylı mənzilindən cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışa əsasən, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Yunusov küçəsində yerləşən 6 saylı evin 5 saylı mənzilinin mülkiyyətçisidir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh həmin mənzildə qeydiyyatdadır. Cavabdehin qeyd olunan mənzilə qeydiyyatı formal xarakter daşıyır. Belə ki, o, həmin mənzildə yaşamır və orada heç bir əmlakı yoxdur. Bu hal isə, onun mülkiyyət hüququnu məhdudlaşdırmaqla, sərbəst şəkildə mənzil barəsində sərəncam verməsinə mane olur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Birgə nikahlarından üç övladları anadan olmuşdur. Hal-hazırda onlar yetkinlik yaşlarına çatmışlar. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Yunusov küçəsində yerləşən 6 saylı evin 5 saylı mənzilində oğlu Muradla birgə yaşayır. Cavabdehlə aralarında 1984-cü ildə bağlanmış nikah 2002-ci ildə rəsmi qaydada pozulmuşdur. Həmin vaxtdan cavabdeh qeyd olunan mənzildə yaşamır. Cavabdehin harada yaşaması ona məlum deyil. O, qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, o, İddiaçı ilə 1984-cü ildə rəsmi nikaha daxil olmuşdur. 1982-ci ildə tikinti kooperativindən ev almışdır. 1994-cü ildə həmin evi sataraq, məbləğin altmış faizinin özü, qırx faizinin isə iddiaçının ödəməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Yunusov küçəsində yerləşən 6 saylı evin 5 saylı mənzilini almışlar. İddiaçı ilə aralarında bağlanmış nikah 2002-ci ildə rəsmi qaydada pozulmuşdur. O, həmin vaxtdan, yəni 2002-ci ildən qeyd olunan mənzili tərk edərək, orada yaşamır. Həmin mənzildə ona məxsus əmlak mövcud deyil. 2002-ci ildən hazırki vaxtadək ata mülkləri olan qardaşının evində yaşayır. Məhkəmənin 2003-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Yunusov küçəsində yerləşən 6 saylı evin 5 saylı mənzilinin 2/3 hissəsi iddiaçının, 1/3 hissəsi isə, onun mülkiyyətinə verilmişdir. Həmin mənzilin forması və quruluşu ilə əlaqədar, onun mənzilin 1/3 hissəsində yaşaması çətin olmuşdur. Ona görə də, 2014-cü ildə öz payını iddiaçıya bağışlamışdır. Qeydiyyata düşməyə evi olmadığından, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əşrəf Yunusov küçəsində yerləşən 6 saylı evin 5 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə tam payla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 30.05.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 11.03.2021-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, İddiaçı və Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Yunusov küçəsində yerləşən 6 saylı evin 5 saylı mənzilində 08.05.2009-cu ildən qeydiyyatdadırlar. Həmin şəxslərdən başqa, X8 da qeyd olunan mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş: Bakı Apelyasiya Məhkəməsinin 1 MK-1123/2003 saylı, 27.03.2003-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın ləğv edilməsi” tələbinə dair 2-1532/2002 saylı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25.12.2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qarşılıqlı iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh İddiaçı xeyrinə 2003-cü ilin yanvar ayından başlayaraq 18 yaşına çatana qədər hər təqvim ayı üçün 25.04.1985-ci il təvəllüdlü X2 üçün 150.000 manat, 21.02.1988-ci il təvəllüdlü X1 üçün 150.000 manat və 08.04.1994-cü il təvəllüdlü X3 üçün 150.000 manat alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1532/2002 saylı, 25.12.2002-ci il tarixli qətnaməsindən çıxarışın surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Sabunçu rayon X4 Dövlət Qeydiyyatı şöbəsində bağlanmış 26.05.1984-cü il tarixli rəsmi nikah qeydinin pozulması qət edilmişdir. Nikahın pozulması haqqında 089625 saylı şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01.02.2003-cü il tarixdə 17 nömrə ilə qeyd edilmişdir. İcraata başlamaq haqqında məhkəmə icraçısının 16.07.2004-cü il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1431 saylı, 29.10.2003cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Yunusov küçəsində (keçmiş Telman küçəsi) yerləşən 6 saylı evin 5 saylı mənzilinin bölünərək, 3/1 hissəsinin iddiaçı Cavabdeh, 2/3 hissəsinin isə, cavabdeh İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Yunusov küçəsində yerləşən 6 saylı evin 5 saylı mənzili mülkiyyət hüququ üzrə tam payla iddiaçıya məxsusdur. Cavabdehin 2002-ci ildən hazırki vaxtadək, yəni 20 ilə yaxın müddət ərzində qeyd olunan mənzildə yaşamaması, həmin mənzildə ona məxsus əmlakın mövcud olmaması, bir sözlə, onun həmin mənzildən istifadə etməməsi və həmin mənzilə qeydiyyatının formal xarakter daşıması cavabdehin məhkəmə iclasında verdiyi izahatla da təsdiqini tapır. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan mənzildə qeydiyyatda qalması iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını pozduğundan, iddia təmin edilərək, Cavabdeh iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Yunusov küçəsində yerləşən 6 saylı evin 5 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 manat məbləğində pul cavabdehə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Yunusov küçəsində yerləşən 6 saylı evin 5 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Yunusov küçəsində yerləşən 6 saylı evin 5 saylı mənzilinə olan qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 (on) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar