Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3024/2020 22.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 650 manat əsas borc, 428,35 manat indeksasiya edilmiş pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1108,35 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2002-2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda birgə işləmişlər. 2009-cu ilin fevral ayının əvvəllərində Cavabdeh ondan həmin ilin may ayında qaytarmaq şərti ilə ona 1000 manat borc pul verib-verə biləcəyini soruşmuş, o, isə onda bu qədər pulun olmadığını, atasından alıb verə biləcəyini bildirmişdir. Cavabdeh razılaşmış və o, atasından aldığı 1000 manat məbləğində pulu xx.xx.2009-cu il tarixdə iş yerində Cavabdeh vermişdir. Daha sonra ona əlavə olaraq 250 manat məbləğində pul vermiş və cavabdehin borc məbləği 1250 manat təşkil etmişdir. Bu barədə iş yerində olan şəxslər də xəbərdar olmuşdur. Ödəmə günü olan 2009-cu ilin may ayından etibarən mütəmadi olaraq borcunu tələb etsə də, Cavabdeh hər dəfə müflis olduğunu bildirərək növbəti həftə, növbəti ay verəcəyini deyərək vədlər vermiş və borc məbləğinin böyük bir qismini indiyədək ödəməmişdir. Cavabdeh ən son olaraq xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə atasına hər dəfə 50 manat, sonrasında isə 200 manat olmaqla ödənişlər etmiş və ümumi borc məbləği 650 manat təşkil edir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borc üzrə 650 manat və 30 manat dövlət rüsumunun, ümumilikdə 680 manat pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, məhkəməyə teleqramma göndərərək iclasın başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi dəqiqləşdirilmiş ərizədə iş üzrə qiyabi qətnamənin çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsini rəhbər tutaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin və dəqiqləşdirilmiş ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı bağlana bilər. Beləliklə, iddia ərizəsindən və iddiaçının nümayəndəsinin izahatından müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında olan şifahi müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş müddətdə borcu qaytarmamış və bununla da cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən əsas borc üzrə 650 manat və 30 manat dövlət rüsum, ümumilikdə 680 manat pulun tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehndən əsas borc üzrə 650 manat və 30 manat dövlət rüsum, ümumilikdə 680 manat pulun tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi ücün Bakı şəhə-ri- Sabuncu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3024/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-3024/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver