Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3034/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı MTK-nın Cavabdeh və Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı MTK-ya qarşı «əsassız varlanma qaydasında pul tələbinə» dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İlk iddia üzrə İddiaçı MTK-nın Cavabdeh və Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq mənimsənilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi, ev 1, 56 nömrəli mənzil boşaldılaraq İddiaçı Mənzil Tikinti Kooperativinə təhvil verilməsi, Daşınmaz Dövlət Reyestri tərəfindən Bakı şəhəri, Sabunçu ray, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi, ev 1,56 nömrəli mənzil üçün cavabdehə çıxarılmış çıxarışın ləğv edilməsinə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, keçmiş İddiaçı MTK-nın sədri Cavabdeh MTK sədri vəzifəsində çalışdığı müddətdə MTK-ya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi, ev 1, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, yaşayış sahəsi 178 kv.metr olan, 56 nömrəli mənzili saxta möhürdən və digər saxta sənədlərdən istifadə edərək, qeyri qanuni yolla mənimsəyərək, Daşınmaz Dövlət Reyestrindən mənzilə çıxarış alaraq özəlləşdirmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh əmlakın özgəninkiləşdirilməsilə ilə bağlı saxta ümumi yığıncağın iclas protokolunu tərtib etsədə faktiki olaraq iclas çağrılmamışdır. Digər tərəfdən cavabdeh tərəfindən tərtib olunmuş saxta maliyyə arayışı cavabdeh tərəfindən imzalanmış, mühasib və kassirin imzaları oxşadılaraq başqa şəxs tərəfindən imzalanmışdır. MTK-da aparılan daxili audit zamanı cavabdeh tərəfindən digər mənimsəmə və oğurluq faktlarıda müəyyən olunmuşdur. Bununla bağlı tərəflərindən Prokurorluq orqanına müraciət olunub. Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 152, 157.2, 165, 178.8-ci maddələrinə, eləcə də, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən hesab edir ki, cavabdehin əməlində mənimsəmədən əlavə dələduzluq faktı da tam olaraq öz əksini tapmışdır. Məhkəmə baxışı zamanı ilk iddia üzrə iddiaçı tərəf AzərbaycanRespublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələblərini dəyişdirərək İddiaçıMTK-nın inşa etdiyi, ünvan 1 mənzil 56 ünvanında yerləşən mənzil üzərində Cavabdeh tərəfindən mülkiyyət hüquqlarının əldə edilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi; həmin mənzillə bağlı Cavabdeh ilə İddiaçı MTK-a arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin, cavabdehin adına verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışının, İddiaçı MTK üzvlərinin ümumi yığıncağının 015 №-li xx.xx.2019-cu il tarixli Protokolundan Çıxarışın, yəni həmin mənzil üzərində cavabdehin adına hüquq verən bütün sənədlərin etibarsız hesab edilməsi; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsində yerləşən 1 saylı evin, 56 saylı mənzilinə dair cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi; həmin mənzilin cavabdehin hesabına boşaldılması və İddiaçı MTK-ya təhvil verilməsi; iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını və Cavabdeh İddiaçı MTK-nın təsisçisi və qanuni təmsilçisi olduğu müddətdə əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu, 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəmə iş materiallarına təqdim olunmuş – 2 ədəd müqavilənin və 2 ədəd maliyyə arayışının müqayisəli tədqiqi onu sübut edir ki, cavabdehin MTK-nın qanuni təmsilçisi olaraq, MTK-da işlədiyi dövr ərzində sənədləri saxtalaşdırmış və vəzifəsindən sui-istifadə edərək özünə maddi nemət əldə etməkdən ötrü, hazırda iddia predmetinin obyekti olan mənzil üzərində qanunsuz olaraq hüquq əldə etmişdir. Belə ki, Cavabdeh mənzil üzərində mülkiyyət hüququnun yaranmasını belə izah edir ki, atası Eyvaz ilə İddiaçı MTK-a arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə və xx.xx.2008-ci il tarixli 049 saylı maliyyə arayışı əsasında həmin mənzili atasından almış, MTK ilə xx.xx.2019-cu il tarixdə müqavilə imzalamışdır. Cavabdeh tərəfindən iş materiallarına təqdim olunmuş cavabdehin atası X14 ilə İddiaçı MTK-a arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədən açıq-aşkar müəyyən olunur ki, həmin müqavilə sonradan, məhz cavabdehin özü və ya atası tərəfindən tərtib olunmuşdur. Belə ki, həmin müqavilənin 1-ci səhifənin 1-ci abzasında və 3-cü səhifəsinin axırında Yaqubov K.Ə imzasının üstündə qeyd edilmiş Şəxsiyyət vəsiqəsinin (AZE № 06822048) xx.xx.2008-ci il tarixdə verildiyi göstərildiyindən, artıq şərhə ehtiyac qalmır ki, həmin sənədin saxtalığını müəyyən edilsin. Açıq-aşkardır ki, həmin müqavilə cavabdehin qanunsuz əməlini həyata keçirməkdən ötrü və şəxsən onun təşəbbüsü ilə tərtib edilmişdir. Digər tərəfdən, X6 adına yazılmış Maliyyə arayışında xx.xx.2020-cu il tarixdə tərtib edildiyini nəzərə alsaq tam sübut olunur ki, bu halda da ş/vnin xx.xx.2008-ci il tarixdə verildiyi halda həmin maliyyə arayışının həmin tarixdə tərtib olunması açıq-aşkar saxtadır. Bundan başqa, həm qeyd olunan müqavilədə, həm də maliyyə arayışında İddiaçı MTK-nın sədri Q.Ə.Yaqubovun imzası saxtalaşdırılmış, yəni həmin imza qeyd olunan şəxs tərəfindən deyil, yəqin ki, cavabdehin özü və ya qeyrisi tərəfindən icra olunmuşdur. Odur ki, yuxarıda göstərilən hallar onu sübut edir ki, MTK ilə X14 adından müqavilə imzalanmamış, göstərilən mənzilin həmin şəxsə satılması üçün MTK-nın iradə ifadəsi olmamışdır. Belə olan halda, cavabdehin MTK-ya qarşı bilə-bilə törətdiyi qanunsuz əməllərinin üzə çıxması onu sübut edir ki, cavabdehin qarşılıqlı iddia tələbində göstərdiyi dəlilləri, yəni həmin mənzilin vaxtı ilə atası tərəfindən alınması halı mövcud olmamış və göstərilən dəlil açıq-aşkar yalandır. Həmin əqd mövcud olmadığı üçün, yəni hazırda cavabdeh tərəfindən təqdim olunmuş həmin saxtalaşdırılmış əqd əhəmiyyətsiz olmaqla, heç bir hüquqi nəticə yarada bilməz və həmin müqavilə özüözlüyündə etibarsız əqddir. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərdiyi həmin mənzili atasından almışdır və MTK ilə xx.xx.2019-cu il tarixdə müqavilə imzalamışdır dəlilinin də yalnız formal mülahizə olduğu müəyyən olunur. Belə ki, maddi hüquq normasının tələbinə görə etibarsız hesab edilən əqd üzrə bağlanmış müqavilənin özü də etibarsız bir əqddir və hüquqi nəticə yarada bilməz. Xüsusi olaraq qeyd edilir ki, cavabdehin və ya onun atasının MTK-ya ödədiyi vəsait saxtalaşdırılmış maliyyə arayışları ilə deyil, yalnız və yalnız MTKnın mədaxil kassa orderi ilə sübuta yetirmək olardı ki, həmin sənəd də ümumiyyətlə mövcud olmamışdır. Həmin sənəd mövcud olsa da, yəqin ki cavabdeh tərəfindən məhkəmə iş materiallarına təqdim olunardı. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi cavabdeh MTK-nın mülkiyyətində olan mənzili ələ keçirməkdən ötrü bu cür qanunsuz hərəkətləri etmiş və nəticə etibarı ilə vəzifə saxtakarlığına yol verməklə həmin mənzil üzərində özünə aid olmayan hüquq əldə etmişdir. İddiaçı MTK üzvlərinin ümumi yığıncağının 015 No-li xx.xx.2019-cu il tarixli Protokolundan çıxarışın da cavabdehin özü tərəfindən tərtib olunması faktdır. Belə ki, həmin sənəddə kooperativ üzvlərinin güya 74 nəfərinin iştirak etdiyi cavabdehi MTK-ya üzv kimi qəbul edilməsi; həmin mənzilin mülkiyyətə verilməsi və s. göstərilmişdir. Həmin protokol cavabdehin özü tərəfindən imzalanmış və tam məsuliyyətləri ilə qeyd edirlər ki, həqiqəti əks etdirmir. Ümumiyyətlə, cavabdeh həmin dövrdə təsisçi və MTK-nın qanuni təmsilçisi olaraq, onun yenidən MTKya üzv kimi qəbul edilməsi heç bir məntiqlə uzlaşmır. Hesab edir ki, iddia olunan tələblərinin əsası kimi istinad edilən hallar ərizədə tam sübut olunmuş və qarşılıqlı iddia tələbinin isə tam əsassız olması öz təsdiqini tapmışdır. Bundan başqa, cavabdehin MTKya qarşı bilə-bilə etdiyi qanunsuz hərəkətlərində cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin olması istisna edilmədiyi üçün onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş edir. Belə ki, açıq-aşkar müəyyən olunur ki, cavabdeh xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib MTK-nın qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talamış və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların və saxta imzaların daxil edilməsi ilə vəzifə saxtakarlığı törətmişdir. Cavabdeh tərəfindən iddia ərizəsində göstərilən normativ hüquqi aktların müvafiq müddəaları bilə-bilə pozulduğundan və həmin hərəkətlərə qərəzli və davamedici qaydada yol verildiyi üçün, deməli cavabdehin hərəkətlərində həmin maddələrə uyğun cinayət tərkibinin yaranması istisna eidlmədiyinə görə onun barəsində xüsusi qərardadın çıxarılmasına əsas yaranır. Cavabdeh İddiaçı MTK-ya qarşı «əsassız varlanma qaydasında pul tələbinə» dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı Mənzil Tikinti Kooperativinin ona qarşı mənzilin boşaldılması və Mənzil Tikinti Kooperativinə təhvil verilməsi barədə ilkin iddia ərizəsi təmin edilməməsini, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativindən 16 008 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı ilk iddianı qəbul etmir və bildirir ki, o, MTK-nın qanuni üzvü və sədri olmuş, bir payçı kimi payına uyğun mənzili alan zaman heç bir saxtakarlığa yol verməmiş, heç bir sənədi və ya möhüru saxtalaşdırmamışdır. Mübahisəli mənzili onun atası X14 xx xxxxxx 2006-cı ildə 178,97 kv.m ümumi sahə adı ilə Kooperativin üzvü, yəni payçı kimi almış, mənzilin tam dəyərini 2008-ci ildə ödəyib qurtarmışdır. 2019-cu ildə isə atası həmin mənzili ona satmış, o da mənzilin dəyərini 48 789,6 manat olmaqla ödəmişdir. O həmin mənzili alan zaman isə mənzilin sahəsi 168,24 kv.m göstərilmiş, həmin mənzili xx xxxxxx 2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə Dövlət Reyestrində qeydə aldıran zaman isə mənzilin ümumi sahəsinin cəmi 154,9 kv.m olmasını bilmişdir. Ona görə də o İddiaçı Mənzil Tikinti Kooperativinin iddia tələbinə qarşı qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi, 1 saylı evin 56 saylı mənzilinə görə ondan artıq alınmış 13,34 kv.m sahənin indiki bazar qiyməti ilə dəyərinin İddiaçı Mənzil Tikinti Kooperativindən alınaraq ona qaytarılmasını istəyir.Belə ki, onun atası X14 İddiaçı Mənzil Tikinti Kooperativi ilə xx xxxxxx 2006-cı il tarixli 097 saylı müqavilə bağlayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi, ev 1-də yerləşən ümumi sahəsi 178,97 kv.m olan mənzili 35 794 manat ödəməklə almışdır.Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhil veriləcək mənzilin ümumi sahəsinin ölçüsü 178,97 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 35 794 manat müəyyən edilir.Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Payçı” tikinti başladığı tarixdən bu müqavilənin “1.2” bəndində göstərilmiş mənzilin ümumi dəyərini təşkil edən 35 794 manat məbləğində vəsaiti xx xxxxxx 2008-ci il tarixədək “Kooperativin” hesabına və ya kassasına ödəməlidir.xx xxxxxx 2008-ci il tarixli 049 saylı Arayışa əsasən X14 həmin mənzilin dəyərini tam ödəmişdir.Göründüyü kimi, İddiaçı Mənzil Tikinti Kooperativi ilə bağlanmış müqaviləyə əsasən İddiaçı Mənzil Tikinti X1 35 794 manat ödəmək şərti ilə 178,97 kv.m ümumi sahəsi olan 3 otaqlı mənzili xx xxxxxx 2009-cu il tarixdə təhvil verməyi öhdəsinə götürmüş, həmin tarixə qədər X14 müqavilə üzrə nəzərdə tutulan 35 794 manat məbləğində pul vəsaitini ödəmiş, cavabdeh isə X7 178,98 kv.m ümumi sahəsi olan 3 otaqlı mənzil təhvil vermək əvəzinə ona ümumi sahəsi 154,9 kv.m olan mənzil təhvil vermişdir. Yəni həmin tarixdən X6 ona təhvil verilməyən 24 kv.m sahənin ödənilmiş dəyərinin əsassız varlanma qaydasında geri tələb etmək hüququ yaranmışdır. 2019-cu il tarixdə isə atası X14 həmin mənzilə çəkdiyi xərcin dəyərində mənzili ona satmaq istədiyini bildirmiş, bundan sonra o atasına həmin mənzil üçün 48789,6 manat ödəyərək mənzili almışdı. Lakin bu alqı-satqı atasının mənzilin dəyərini alaraq, Koopertivin üzvlüyündən çıxma və onun da mənzilin dəyərini ödəyərək Kooperativin üzvlüyünə daxil olmağı yolu ilə həll edilmişdir.Yəni, onunla İddiaçı Mənzil Tikinti Kooperativi arasında xx xxx 2019-cu il tarixli 097 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən o Kooperativin üzvü kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi, ev 1-də yerləşən ümumi sahəsi 168,24 kv.m olan mənzili 48789,6 manat ödəməklə almışdı.Məhkəmənin nəzərinə çatdırır ki, atası Eyvaz Yaqubov həmin mənzili aldıqdan sonra ənzili o öz vəsaiti hesabına təmir etdirmiş, mənzili təmir etdirdikdən sonra həmin mənzildə yaşamış, ona görə də atası həmin mənzilə olan hüquqlarını ona 48789,6 manata müqabilində güzəşt etmişdir.Əslində isə həmin mənzili, yəni həmin ərazidə yerləşən mənzillərin kvadrat metrinin dəyəri 1200 manat təşkil edir. O mənzili vüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə aldıran zaman mənzilin həqiqi ərazisinin 168,24 kv.m deyil, 154,9 kv.m olmasını bildi.Mənzilin ilkin müqaviləsinə əsasən isə mənzilin ümumi sahəsi 178,97 kv.m təşkil etməli idi. O özündən əvvəlki payçının hüquqlarını aldığına görə həmin sahəyə olan tələb hüququ da ona keçmişdir. Bu üzdən ona onlara təhvil verilməyən 13,34 kv.m sahənin pulunun geri tələb etmək hüququ yaranmışdır. Həmin ərazidə yerləşən mənzillərin bir kvadrat metrinin dəyərinin 1200 manat olmasını nəzərə alaraq, onun qarşılıqlı iddia üzrə cavabdehdən əsassız varlanma qaydasında 16 008 manat pul tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.1, 109.2, 109.3, 112.1, Mülki Məcəlləsinin 14.2.7, 439.4, 1091.1, 1091.2 1092.1, 441.1, 441.4-cü maddələrinə əsasən hesab edir ki, İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən ona təhvil verilməmiş 13,34 kv.m mənzilə sahəsinin dəyəri qismində 16 008 manat məbləğində pul vəsaiti İddiaçı Mənzil Tikinti Kooperativindən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən ilk iddiaçının vəkili və nümayəndəsi X10 ilk iddia tələbini müdafiə edərək, iddia ərizəsinə və onun dəyişdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddia tələblərinin təmin edilməsi, iddi tələbinin xüsusi qərardad çıxarılması hissəsində baxılmamış saxlanılması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, həmçinin nümayəndəsi və vəkili Vəkil ilk iddia tələbini qəbul etməyərək rədd edilməsini, qarşılıqlı iddianı isə müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlk iddia üzrə digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına üzürsüz səbəblərdən gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X15 ifadəsində göstərmişdir ki, o sözügedən binanın sakinidir. Cavabdeh da həmin binada yaşayır. Ümumi yığıncaq olmuş, o da orada iştirak etmişdir. Ümumi yığıncaqda təqribi 15-20 nəfər iştirak edib. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Rusiya Federasiyasının vətəndaşı Quseynov Ruslan ifadəsində göstərmişdir ki, o, binanın sakinidir. 2018-ci ilin yay ayında çağırdılar ki, evi satırlar. Həmin vaxt o da iştirak edərək qol çəkmişdir. Ümumi yığıncağın iclasında cəmi 20-30 nəfər adam olmuş, onlardan 10-15 nəfəri tanıdığı adamlar olmuşdur. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş çıxarışlarının surətlərindən görünür ki, İddiaçı MTK xx.xx.2005-ci ildə qeydiyyata alınmış, əvvəlki qanuni təmsilçisi X16, hazırki təmsilçisi Cavabdehdur. Əvvəlki təsisiçilər və onların nizamnaə kapitalındakı mayalarının miqdarı aşağıdakı kimi olmuşdur: X16 40%, X3 15%, X8 15%, X22 15% və X4 15%. Hazırki təsisiçilər və onların nizamnamə kapitalındakı mayalarının miqdarı aşağıdakı kimi olmuşdur: X16 8 pay, X3 10 pay, X8 3 pay, X22 3 pay, X4 3 pay və Cavabdeh 1 pay. Hazırki təsisiçilər və onların nizamnaə kapitalındakı mayalarının miqdarı aşağıdakı kimi olmuşdur: Yaqubov Elnur İddiaçı oğlu 5%, X19 15%, X4 15%, X3 50 %, X22 15% - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2020-ci il tarixdə verilmiş çıxarışlarının surətlərindən görünür ki, İddiaçı MTK-nın hazırki təmsilçisi X11r. Əvvəlki təsisiçilər və onların nizamnaə kapitalındakı mayalarının miqdarı aşağıdakı kimi olmuşdur: Cavabdeh 1 pay, X4 3 pay, X8 3 pay, X3 10 pay, X22 3 pay. Hazırki təsisiçilər və onların nizamnamə kapitalındakı mayalarının miqdarı aşağıdakı kimi olmuşdur: Yaqubov Elnur İddiaçı oğlu 5%, X19 15%, X4 15%, X3 50 %, X22 15%; - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küç. 56, M9 m.8 154,90 kv.m sahəsi olmaqla xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. - İddiaçı MTK İdarə Heyətinin sədri Yaqubov İddiaçı Əkbər oğlunun X14 ilə bağladığı xx xxxxxx 2006-cı il tarixli 097 saylı müqavilədən görünür ki, MTK Sabunçu rayonu, ünvan 2 ünvanda 1 №li 15 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 56 saylı, ümumi sahəsi 178,97 kv.m təşkil edən 3 otaqlı mənzili 35794,60 manata X7 verməyi üzərinə götürür. Müqavilədə tikinti müddəti xx.xx.2006-cı il başlanması və xx.xx.2009-cu ildə başa çatdırılmasının nəzərdə tutulması qeyd edilmişdir. (Müqavilənin 1.2, 4.1, 5.1-ci bəndləri) Müqavilənin giriş hissəsində və tərəflərin rekvizitləri qrafasında X6 adına olan seriya AZE 06822048 №li şəxsiyyət vəsiqəsinin ona Suraxanı RPİ tərəfindən xx.xx.2008ci il tarixdə verilməsi göstərilmişdir; - İddiaçı MTK –nın sədri Q.Ə.X2 adına verdiyi xx.xx.2008-ci il tarixli 049 saylı arayışdan görünür ki, o, (şəxsiyyət vəsiqəsi seriya AZE № 06822048, Suraxanı RPİ, xx.xx.2008-ci il) ünvan 2 ünvanda İddiaçı MTK inşa etdiyi 1A saylı yüksəkmərtəbəli yaşayış binasının 9 mərtəbəsində yerləşən 56 saylı mənzilin dəyərini, xx.xx.2006-cı il tarixli 97 saylı müqaviləyə əsasən tam ödəyib; - İddiaçı MTK İdarə Heyətinin sədri Cavabdeh özü ilə bağladığı xx xxx 2019-cu il tarixli 097 saylı müqavilədən görünür ki, MTK Sabunçu rayonu, ünvan 2 ünvanda 1 №li 15 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 56 saylı, ümumi sahəsi 168,24 kv.m təşkil edən 3 otaqlı mənzili 48789,60 manata Cavabdeh verməyi üzərinə götürür. Müqavilədə tikinti müddəti xx.xx.2006-cı il başlanması və xx.xx.2009-cu ildə başa çatdırılmasının nəzərdə tutulması qeyd edilmişdir. (Müqavilənin 1.2, 4.1, 5.1-ci bəndləri) Müqavilənin tərəflərin rekvizitləri qrafasında hər iki tərəf olaraq Cavabdeh imza etmişdir; - İddiaçı MTK –nın sədri Cavabdeh özünün adına verdiyi xx.xx.2019-cu il tarixli 194 saylı arayışdan görünür ki, o, ünvan 2 ünvanda İddiaçı MTK inşa etdiyi 1 saylı yüksəkmərtəbəli yaşayış binasının 9 mərtəbəsində yerləşən, sahəsi 168,24 kv.m olan 56 saylı mənzilin tam dəyərinivə kommunalını 097 saylı müqaviləyə xx.xx.2019-cu il tarixində tam ödəyib; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı MTK-nın Cavabdeh adına çıxarış verilməsinə əsas olan sənədlərdən İddiaçı MTK-nın Cavabdeh özünün imzaladığı 080 saylı xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, onun ünvan 2 ünvanda İddiaçı MTK inşa etdiyi 1 saylı 15 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 168,24 kv.m olan 56 saylı mənzilin tam dəyərini 097 saylı müqaviləyə tam ödəyib və kooperativə heç bir borcu yoxdur; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı MTK-nın Cavabdeh adına çıxarış verilməsinə əsas olan sənədlərdən İddiaçı MTK-nın üzvlərinin ümumi iclasının 015 №li protokolundan çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə keçirilən iclasda 136 nəfər kooperativ üzvündən 74 nəfər iştirak etmiş, iclasın sədri MTN-nın sədri A.E. Yaqubov, katibəsi T.Q.Yaqubova, gündəlikdə olan məsələrə MTK üzvlüyünə qəbul haqda və pay haqqı tam ödəmiş kooperativ üzvlərinə mənzilləri özəlləşdirib, mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən Çıxarış alınması haqqındadır. İclasın sədri Cavabdeh iclasa məlumat verərək vətəndaş Cavabdeh (özü) MTK-ya ərizə ilə müraciət edərək onun kooperativə üzv qəbul edilməsini xahiş etmişdir. İclasda qərara alınmışdır ki, vətəndaş Cavabdeh MTK-ya üzv qəbul edilsin və Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanda İddiaçı MTK inşa etdiyi 1 saylı 15 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 168,24 kv.m olan 56 saylı mənzili onun mülkiyyətinə verilsin. Cavabdeh protokoldan çıxarışı həm iclasın sədri kimi, həm də bu çıxarışı təsdiq edən MTK sədri kimi imza etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı MTK xx.xx.2005-ci ildə qeydiyyata alınmış, Cavabdeh xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixə kimi MTKnın qanuni təmsilçisi, sədri olmuş, sonuncu göstərilən tarixdən isə hazırki təmsilçisi və sədr X11r. Həmçinin Cavabdeh MTK-nın nizamnamə kapitalındakı mayası 1 pay olmuş, hazırda da o, həmin paya da malik deyidir. MTK-nın təmsilçisi və sədri X9 əvvəlki təmsilçi və sədr olmuş, Cavabdeh qarşı qaldırdığı iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, Sabunçu rayonu, ünvan 2 ünvanda 1 №li 15 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 56 saylı, ümumi sahəsi 178,97 kv.m təşkil edən 3 otaqlı mənzili saxta yollarla mənimsəyərək özəlləşdirmiş, bununla da MTK-nın qanunla qorunan mənafeylərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən, öz qulluq mövqeyindən sui-istifadə etmişdir. Cavabdehin isə iddiaya etirazının əsasını bir payçı kimi payına uyğun mənzili alan zaman heç bir saxtakarlığa yol verməməsi, heç bir sənədi və ya möhüru saxtalaşdırmayaraq mənzili qanuni əsaslarla əldə etməyi təşkil edir. İşin materiallarından görünür ki, mübahisəli mənzil ilk iddia üzrə cavabdehin adına rəsmiləşdirilməsi və özəlləşdirilməsindən əvvəl xx xxxxxx 2006-cı il tarixli 097 saylı müqavilə əsasında atası X6 adına sənədləşdirilmişdir. Onunla bağlanmış müqavilədə həmin vaxt MTK-nın sədri olmuş Yaqubov İddiaçı Əkbər oğlunun imzalaması göstərilib. Məhkəmə baxışı zamanı cavabdeh Araz Yaqudov atası Eyvaz Yaqubov tərəfindən mənzilin tam dəyərini 2008-ci ildə ödəyib qurtarandan sonra 2019-cu ildə həmin mənzili ona satmasını göstərsə də, bu faktı təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə baxışı zamanı ilk iddia üzrə Cavabdeh atası Eyvaz Yaqubov ilə bağlanmış xx xxxxxx 2006-cı il tarixli 097 saylı müqavilənin qanuni olmasını israrla bildirsə də, 2006-ci ildə bağlanması qeyd edilən müqavilədə, eləcə də, İddiaçı MTK-nın 2008-ci ildə sədri olmuş Q.Ə.Yaqubovun imzaladığı görünən X6 adına verilmiş xx.xx.2008-ci il tarixli 049 saylı arayışda sonuncunun adına olan Suraxanı RPİ tərəfindən xx.xx.2008-ci il tarixdə verilən seriya AZE 06822048 №li şəxsiyyət vəsiqəsinin əks etdirilməsinin səbəblərini izah edə bilməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia predmeti olmayaraq qanuniliyi mübahisələndirilməyən X6 adına olan sözügedən müqavilə və arayışın məhz xx.xx.2006 və xx.xx.2008-ci il tarixlərdə tərtib edilməməsi açıq-aydın aşkardır. Bu hal ən azından həmin sənədlərdə X7 hələ Suraxanı RPİ tərəfindən xx.xx.2008-ci il tarixdə veriləcək seriya AZE 06822048 №li şəxsiyyət vəsiqəsinə istinad ediməsində öz təsdiqini tapır. Belə ki, 2006-cı il tarixli müqavilədə 2008-ci il tarixli şəxsiyyət vəsiqəsinin məlumatlarının daxil olması mümkün deyil. Bundan əlavə, ilk iddia üzrə cavabdeh tərəf X6 mübahisələndirilən mənzilə görə MTK-nın hesabına iki il ərzində pul ödəməsini təsdiq edən mədaxil qəbzlərini də təqdim edə bilmədiyindən, onun atasının bu mənzilə görə MTK-ya 35794,00 manat ödəməməsinə dair ilk iddiaçı tərəfin dəlillərini məhkəmə inandırıcı hesab edir. Məhkəmə hazırki iş üzrə iddia predmeti olmamaqla qanuniliyi mübahisələndirilməməsinə baxmayaraq ilk iddia üzrə cavabdehin atası X6 adına olan xx.xx.2006 və xx.xx.2008-ci il tarixlərdə tərtib edilməsi sözügedən müqavilə və arayışı əhəmiyyətsiz əqdlər (sənəd) kimi qiymətləndirir və həmçinin də hesab edir ki, həmin əqd özü-özlüyündə etibarsız olduğundan heç bir hüquqi nəticə də yarada bilməzdi. Beləliklə də məhkəmənin qənaətinə görə müəyyən edilmiş bu hallar, qanuna uyğun surətdə tərtib edilməməsi aşkar surətdə görünən sənədlərdən məhz Cavabdeh MTK-da rəhbər vəzifəli məsul şəxs olaraq (sədr) işlədiyi dövrdə istifadə etməklə, mübahisəli mənzili qanunsuz yolla öz adına rəsmiləşdirməyə nail olmasına dair ilk iddiaçının irəli sürdüyü dəlillərinin əsaslı olmasına tam dəlalət edir. Məhkəmə Cavabdeh öz-özü ilə bağladığı xx xxx 2019-cu il tarixli 097 saylı müqavilənin qanuniliyinə qiymət verərək hesab edir ki, sözügedən müqavilənin məzmunundan görünür ki, bu müqavilə əvvəlki, yəni, atası ilə 2006-cı ildə bağlanmış müqavilənin mətni üzərində işlənmiş, bəzi bəndləri ixtisar edilmiş müqavilədir. Məsələn hər iki müqavilənin 4.1 bəndində layihə üzrə göstərilən ərazidə yeni yaşayış binasının tikintisinin xx.xx.2006-cı ildə başlanması və xx.xx.2009-cu il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. Halbuki, tərəflərin özlərinin izahatları ilə müəyyən edilmişdir ki, xx xxx 2019-cu il tarixdə mübahisəli mənzilin yerləşdiyi bina artıq inşa edilmişdir. Daha sonra, Eyvaz Yaqubovla bağlanmış müqavilədə 5.2 bəndi qeyd edilsə də, Cavabdeh ilə bağlanmış müqavilədə bu bənd qeyd edilməmişdir. Halbuki, Eyvaz Yaqubovun müqaviləsindən fərqli olaraq Cavabdeh müqaviləsində 48789,60 manat pulun hansı müddətə ödənilməsi qeyd edilməmiş, başqa sözlə, müqavilənin məzmununa görə həmin məbləğ guya dərhal ödənilməlidir. Lakin, Cavabdeh öz adına tərtib etdiyi arayışında bu məbləği guya MTK-ya xx.xx.2019-cu il tarixdə tam ödəməsini göstərmişdir. Digər tərəfdən məhkəmə mübahisəli mənzili atasının 2006-cı ildə 35794,60 manata aldığı halda mənzili oz doğma oğluna 2019-cu ildə artan qiymətlə, yəni, 48789,60 manata satması, sonuncunun da mənzilin dəyərini 48 789,6 manat olmaqla atasına ödəməsinə dair ilk iddia cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi hallarını inandırıcı saymaraq bu izahatlara tənqidi yanaşır və hesab edir ki, ilk iddia üzrə cavabdeh bu məzmunlu izahatları ilə qeyri-səmimilik nümayiş etdirir. Belə ki, məhkəmənin qənaətinə görə əgər həqiqətən də mübahisəli mənzil ilk iddia üzrə iddiaçı və onun atası tərəfindən əldə edilməsi, sonradan ata və oğlu arasında bu mənzillə bağlı alqı-satqı münasibətləri mövcud olmuşsa, bu faktları təsdiq edən mötəbər və tutarlı sübutlar təqdim edilməli idi. Belə sübutlar olmadığından məhkəməyə bu göstərilən halların (müqavilələr, arayışlar) formallığı və sözügedən mənzilin Cavabdeh tərəfindən məhz bu yollarla əldə edilməsinə dair ilk iddiaçı tərəfin irəli sürdükləri dəlillərinin daha inandırıcı olması qənaətinə gəlməsinə kifayət qədər əsas verir. Məhkəmə həmçinin ilk iddiaçı tərəfin İddiaçı MTK üzvlərinin ümumi yığıncağının 015 №-li xx.xx.2019-cu il tarixli Protokolundan çıxarışın da cavabdehin özü tərəfindən tərtib olunmasına dair ilk iddiaçı tərəfin dəlillərini işin araşdırılmış halları baxımından qiymət verərək əsaslı sayır. Belə ki, bu halın doğruluğu həm protokolun məzmunu, həm də ilk iddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş şahidlərin ifadələrinin məzmunununun bəzi hissələri ilə təsdiqlənir. İddiaçı MTK üzvlərinin ümumi yığıncağının 015 №-li xx.xx.2019-cu il tarixli Protokolundan çıxarışında 136 nəfər kooperativ üzvlərindən 74 nəfərinin iştirak etməsini iş üzrə şahidlər ifadələrində təsdiq etməmişlər. Həmçinin də onların ifadələrinə görə guya keçirilən iclasın ofisdə kiçik bir otaqda olmaqla ora birdən-birə 134 nəfəri yığmaq olmazdı. X18 ifadəsində iclasda 15-20 nəfərin, digər şahid Ruslan Quseynov isə 25-30 nəfərin iştirakını göstərmələri faktı da onu təsdiq edir ki, keçirilməsi güman edilən iclasda 74 nəfər MTK üzvü iştirak etməmiş və edə də bilməzdi. Belə ki, məhkəmənin qənaətinə görə bu iclas keçirilməmiş və formal çıxarış tərtib edilmişdir. Cavabdeh iddiaya olan etirazının əsaslarına diqqət yetirildikdə o, guya mübahisəli mənzili 2019-cu ilin may ayında əldə etmiş və xx.xx.2019-cu ildə artıq onun dəyərini tam ödəmişdir. Belə olan halda müqavilə bağlandıqdan sonra onun kooperativ üzvlüyünə qəbul məsələsinin xx.xx.2019-cu il tarixdə iclas çağırılaraq müzakirə olunması özü-özlüyündə ziddiyyətlidir. Məhkəmə şahid ifadələrinin ziddiyyətli olmasını qeyd etməklə bu ifadələrin ilk iddiaçının maraq və mənafeyi üçün verilən ifadələr kimi qiymətləndirir. Belə ki, qanunvericiliyə əsasən (MPM-nin 62-civə 104.1-cimaddələri) şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Azərbaycan Respublikasının MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan veribverməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığı üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Belə ki, şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Şahidlər iclasla bağlı bildiklərini aydın və müfəssəl təsvir etməmiş, hər birinin verdiyi ifadələr bir-biri ilə uzlaşmamış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilməmişdir. Göstərilən hallar şahid ifadələrinin mötəbər olmamasına dəlalət edir. Məhkəmə baxışı zamanı Cavabdeh ünvan 2 ünvanda İddiaçı MTK inşa etdiyi 1 saylı yüksəkmərtəbəli yaşayış binasının 9 mərtəbəsində yerləşən, sahəsi 168,24 kv.m olan 56 saylı mənzilin tam dəyərini və kommunalını 097 saylı müqaviləyə xx.xx.2019-cu il tarixində tam ödəməsinə dair özünün adına verdiyi xx.xx.2019-cu il tarixli 194 saylı arayışın olduğu halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə demək olar ki, eyni məzmunlu xx.xx.2019-cu il tarixli 080 saylı maliyyə arayışının verilməsinin səbəblərini tam izah edə bilmədi. Məhkəmə hesab edir ki, əgər mənzil alınması ilə əlaqədar payçı tərəfindən mənzilin dəyəri tam ödənildikdən sonra bu barədə yalnız bir dəfə ciddi maliyyə sənədi hesab edilən maliyyə arayışı verilə bilər. İkinci dəfə maliyyə arayışının verilməsi üçün ciddi əsaslır olmalıdır. Məhkəmə eyni mənzilə cavabdeh tərəfindən öz adına müxtəlif tarixlərdə maliyyə arayışlarının verməsinə də qiymət verərək bu qənaətə gəlir ki, Cavabdeh MTK sədri vəzifəsində işlədiyi dövrdə sənədlərin və arayışların nömrə ilə sıralanması qaydasına riayət edilməmişdir. Bu hal da ona istənilən nömrə altında öz mənafeyinə uyğun məzmunda arayış yazması üçün bir növ şərait yaratmışdır. Bunun nəticəsidir ki, xx.xx.2019-cu il tarixdə verilən maliyyə arayışının sıralanma nömrəsi 194 olduğu halda xx.xx.2019-cu il tarixli arayışın sıralanma nömrəsi 080 saylı olması göstərilmişdir. Həmçinin, məhkəmə «İddiaçı” MTK üzvlərinin ümumi yığıncağının 015 №-li xx.xx.2019-cu il tarixli Protokolundan çıxarışında cavabdehin guya keçirilən iclasda özünün sədrlik etməklə özünün də əldə etdiyi mənzilin onun tam mülkiyyətinə verilməsinə dair göstərilənlərin formal olaraq, bu sənədlərin yalnız mübahisəli mənzilin özəlləşdirilməsi məqsədi ilə tərtib olunmasına dair də ilk iddiaçının dəlilləri ilə razılaşır. Məhkəmə ilk iddia tələblərinin əsaslılığına hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, mübahisələndirilən sənədlərin etibarsızlığı ilə bağlı aşağıdakı maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. - 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdəki müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 404.2-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə tərəfindən həmçinin bütün müvafiq hallar, o cümlədən, müqaviləyə qədərki danışıqlar və yazışmalar tərəflərin münasibətlərində yaranmış qarşılıqlı praktika işgüzar adətlər, tərəflərin sonrakı hərəkətəri nəzərə alınır. - 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Başqa sözlə, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqdlər mübahisə edilən və əhəmiyyətsiz deyə iki qrupa bölünür. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, aldatma, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və s. üsullarla bağlanmış əqdlər mübahisə edilən əqdlərdir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən uydurma və yalan əqdlər əhəmiyyətsiz əqdlərdir. Onlar məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə bağlandığı andan etibarsızdır. Mübahisə edilən əqdlər səlahiyyətli şəxslər tərəfindən mübahisələndirildikdə bağlandığı andan etibarsız sayılırlar. 337.2-ci maddənin tələbinə görə müqaviləni mübahisələndirmək qərarına gəlmiş tərəf bu barədə öz iradəsini digər tərəfə bildirməlidir. Əhəmiyyətsiz əqddən fərqli olaraq mübahisə edilən əqdləri əgər müvafiq tərəf mübahisəndirmirsə, onda nəzərdə tutulmuş bütün hüquq və vəzifələr yaranır və onlar real xarakter aldığından həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir. Məhkəmə qarşılıqlı iddia üzrə irəli sürülən tələblərin əsası kimi istinad edilən hallarla bağlı qeyd etməyi zəruri sayır ki, iddiaçının özünün göstərdiyi kimi atası Eyvaz Yaqubov mübahisəli mənzili aldıqdan sonra mənzili o öz vəsaiti hesabına təmir etdirməsini mənzili təmir etdirdikdən sonra həmin mənzildə yaşasa da, özü 2014-2019-cu illər ərzində İddiaçı Mənzil Tikinti Kooperativinin sədri vəzifəsində işlədiyi dövrdə atası X14 guya ona təhvil verilməyən 24 kv.m sahənin ödənilmiş dəyərinin əsassız varlanma qaydasında MTK-dan geri tələb etmək hüququndan istifadə etməməsinin səbəbini məhkəmədə izah edə bilməmiş, bunu mənzili xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə aldıran zaman mənzilin həqiqi ərazisinin 168,24 kv.m deyil, 154,9 kv.m olmasını bilməsi, mənzilin ilkin müqaviləsinə əsasən isə ümumi sahəsinin 178,97 kv.m təşkil etməli olması, özündən əvvəlki payçının hüquqlarını aldığına görə həmin sahəyə olan tələb hüququnun da ona keçməsi, bu üzdən də ona onlara təhvil verilməyən 13,34 kv.m sahənin pulunun geri tələb etmək hüququ yaranması isə əsaslandırmağa çalışmışdır. Lakin məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı özü ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilədə isə guya atasından aldığı mənzilin sahəsinin artıq 178,97 kv.m deyil, 168,24 kv.m olmasını özünün qeyd etməsinə diqqət yetirməmiş və bu halı da qarşılıqlı tələbində göstərməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. X20 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Bu mənada məhkəmənin qənaətinə görə, qarşılıqlı iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Göstərilənlərə əsasən məhkəmə qarşılıqlı iddianın maddi əsası kimi istinad edilən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı 1091.1, 1091.2 1092.1-ci maddələrinin hazırki mübahisəyə tətbiqini mümkün saymır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehin hərəkətlərində əsassız varlanma ilə bağlı hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə xüsusilə qeyd etməyi zəruri sayır ki, əgər qarşılıqlı iddia üzrə cavabdehin hərəktlərində əsassız varlanma ilə bağlı hallar müəyyən edilmiş olsa idi belə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Qarşılıqlı iddiaçı özündən əvvəlki payçının hüquqlarını aldığına görə həmin sahəyə olan tələb hüququ da ona keçməsinə istinad etsə də, məhkəm qeyd edir ki, əvvəlki payçı kimi göstərilən Eyvaz Yaqubovun guya 2006-cı ildə əldə etdiyi mənzilin sahəsindəki fərq ilə bağlı MTK-ya hər hansı formada iradı, şikayəti və iddiası olması öz təsdiqini tapmamış, onun MTK ilə bağlı hər hansı bir tələbinin oğluna güzəşt edilməsi barədə ərizəsi olmamış, eləcə də, qarşılıqlı iddiaçının özü –özü ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilədə hər hansı tələb hüququnun güzəşt edilməsi ilə bağlı heç bir qeyd yoxdur. Məhkəmə qarşılıqlı iddianın ilk iddia veriləndən sonra verilməsi halının mühüm və diqqətəlayiq məqam olmasını qeyd etməklə yanaşı həmçinin hesab edir ki, qarşılıqlı iddia tələbində göstərilənlər vaxtilə həmin MTK-da uzun müddət sədr vəzifəsində işləmiş, hazırda isə MTK-nın yeni rəhbərliyi ilə mübahisəli münasibətdə olan Cavabdeh subyektiv mülahizələri kimi qiymətləndirilməlidir. Məhkəmə bu qənaətə gələrkən məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarət olmasını, eləcə də, məhkəmənin prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olmasını qeyd edir. Həmçinin də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə də, məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olmadan tərtib edilməsi, çıxarılması sübuta yetirilmiş Cavabdeh ilə İddiaçı MTK-a arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə, cavabdehin adına verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışı, İddiaçı MTK üzvlərinin ümumi yığıncağının 015 №-li xx.xx.2019-cu il tarixli Protokolundan Çıxarışı etibarsız sayılmalı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsində yerləşən 1 saylı evin, 56 saylı mənzilinə dair ilk iddia üzrə cavabdehin adına verilmiş çıxarış ləğv edilməli, həmin mənzil ilk iddia üzrə cavabdehin hesabına boşaldılmaqla İddiaçı MTK-ya təhvil verilməli, qarşılıqlı iddia rədd edilməlidir. Mübahisəli mənzilə görə hər hansı məbləğ ödənilməsi faktı öz təsdiqini tapmadığı üçün məhkəmə hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tətbiqini mümkün saymır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-3034/2020 saylı qərardadı ilə ilk iddia tələbi Cavabdeh İddiaçı MTK-nın təsisçisi və qanuni təmsilçisi olduğu müddətdə əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu, 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi hissəsində baxılmamış saxlanılmişdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı MTK-nın Cavabdeh və Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi” tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdeh ilə İddiaçı MTK-a arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə, onun adına verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışı, İddiaçı MTK üzvlərinin ümumi yığıncağının 015 №-li xx.xx.2019-cu il tarixli Protokolundan Çıxarışı etibarsız sayılsın. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsində yerləşən 1 saylı evin, 56 saylı mənzilinə dair ilk iddia üzrə Cavabdeh adına verilmiş çıxarış ləğv edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsində yerləşən 1 saylı evin, 56 saylı mənzil Cavabdeh hesabına boşaldılmaqla İddiaçı MTK-ya təhvil verilsin. Cavabdeh İddiaçı MTK-ya qarşı «əsassız varlanma qaydasında pul tələbinə» dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3034/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3034/2020
05.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver