Məhkəmə qərarları › İş №2(008)-3062/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3062/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3062/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc pulun və gecikdirməyə görə faizlərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc pulun və gecikdirməyə görə faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1.050 (bir min əlli) manat məbləğində pulun alınıb ona ödənilməsini, ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər geçikdirilmiş gün üçün faizlərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin əvvələrində cavabdeh X3 ilə bir yerdə işləyərkən tanış olmuşdur. Cavabdeh o, işləyən yerdə mercendayzer vəzifəsində işləyirdi. Bir neçə ay bir yerdə işləyəndən sonra cavabdeh ondan telefon mağazalarının birindən telefon götürüb ona verməyini və həmin telefonun pulunu da hər ay hissə-hissə ona verəcəyini bildirdi. O, 2019-cu ilin təxminən mart ayında Bakıxanov qəsəbəsində yerləşən tanışının telefon mağazasından 550 manat məbləğində telefonu götürüb Cavabdehaya verdi. Cavabdeh ona minnətdarlığını bildirərək hər ay 50 manat olmaqla 4 ay müddətində 200 manat pulu ona verdi. Telefonu cavabdehə verdikdən bir neçə ay sonra cavabdeh ona bildirdi ki, 200 manat məbləğində ona pul lazımdır. Həmin borc pulu da hər ay 50 manat olmaqla 4 ay müddətinə ona qaytaracağına söz verdi. Həmin söhbətdən bir neçə ay keçdikdən sonra 2019-cu ilin iyul ayında Cavabdeha işdən çıxdı. İşdən çıxdıqdan sonra o, nə ona olan 200 manat pulu nə də ki, telefona görə ona borclu olduğu 350 manat pulu qaytarmadı. Həmin müddətdə cavabdehin ona cəmi 550 manat borcu var idi. Bir neçə ay keçdikdən sonra 2020-ci ilin iyul ayında cavabdeh yenidən onların işlədiyi yerə gəlib işləmək istədiyini bildirdi və bu barədə SV təqdim etdi. Ona bildirdi ki, hal-hazırda maddi vəziyyəti çox pisdir. Ondan qəbzə imza etmək şərti ilə 500 manat pul verməyini istədi və həmin borcuda qısa müddət ərzində tam şəkildə qaytaracağı barədə qəbzə qeyd etdi və imza etdi. Pulu alıb getdikdən sonra o, nə işləmək üçün onların iş yerinə gəldi, nə də ki, borcu dediyi və qəbzdə qeyd etdiyi tarixdə qaytarmaq barədə ona məlumat vermədi. O, cavbdehə zəng etdikdə isə onun nömrələrini bloka atdı. O, borc barədə cavabdehin Məhəmməd adlı qardaşına da dəfələrlə məlumat vermişdir. Hər dəfə cavabdehdən pulunu istədikdə müxtəlif bəhanələrlə onunla görüşməkdən yayınırdı. Artıq ilk borcu qaytarmalı olduğu vaxtdan 2 ilə yaxın müddət keçməsinə baxmayaraq borclu öhdəliyini yerinə yetirmir. Hər dəfə bir bəhanə gətirərək borcunu ödəməkdən boyun qaçırır. O, aralarında qəbz yazılarkən verdiyi puldan faizinin ödənilməsini nəzərdə tutmamışdır, belə ki, cavabdeh aldığı borcu tez qaytaracağına söz vermişdir. Ona görə də o faiz almaq barədə fıkirləşməmişdir. Cavabdeh 2 ilə yaxın müddətdə onun pulunu qanunsuz saxlamaqla ona vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş 10.06.2020-ci il tarixli X3 tərəfindən tərtib edilmiş əlyazmanın ksero surətindən görünür ki, X3 10.06.2020-ci il tarixdə İddiaçı 500 (beş yüz ) manat məbləğində pul vəsaitini 01 noyabr 2020-ci il tarixdə qaytarmaq məqsədi ilə borc almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılmasıvə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş üzrə İddiaçı borcun bir qisminin alınmasını təsdiq edən sübutu 10.07.2020-ci il tarixində cavabdeh X3 tərəfindən tərtib edilmiş sənədin kseri surəti olduğunu əsas gətirsəndə məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 89.3-cü maddəsini rəhbər tutaraq hesab edir ki, həmin sənəd kseri surət olduğundan, sözügedən sənədin əslinin harada olmasında kifayət qədər məlumat olmadığından həmin sənəd iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə hesab edir ki, İddiaçı iddianın əsasları kimi istinad etdikləri hallarla bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə öhdəsinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələblərinin əsası kimi yalnız öz subyektiv mülahizələrinə istinad edir və iddia tələbini təsdiq edən mötəbər sübut kimi təqdim etdiyi sənədin əslini məhkəməyə təqdim etməmişdir. Bu baxımdan, həmçinin yuxarıda sadalanan əsaslarla məhkəmə hesab edir ki, iddiaçı istinad etdiyi halları sübut edə bilmir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borc pulun və gecikdirməyə görə faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borc pulun və gecikdirməyə görə faizlərin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar