Məhkəmə qərarları › İş №2(008)-3080/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3080/2023

27.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3080/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və evin satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasından kənar prosessual hərəkət kimi baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və evin satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və evinin satışa çıxarılmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin iddia ərizəsi Cavabdeh evdən çıxarılması hissəsində iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunmalı, evin satışa çıxarılması hissəsində isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2783/2021 saylı qətnaməsindən aydın olur ki, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi və onun həmin evə köçürülməsi barədə iddiası Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-4210/2020 saylı qətnaməsi ilə qismən təmin edilərək, iddiaçının evə köçürülməsi və X1 həmin evdən məcburi qaydada çıxarılması qət edilmişdir və bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə İddiaçı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə məhkəmə araşdırması aparılmış eyni - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən eyni cavabdehin Cavabdeh çıxarılması barədə iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinin tələbinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia Cavabdeh evdən çıxarılması hissəsində yolverilməzliyə görə icraata qəbul edilməkdən imtina olunmalıdır. İddianın digər - evin satışa çıxarılması hissə ilə bağlı hesab edirəm ki, aşağıdakılara əsasən tələb həmin hissədə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və iş materiallarından göründüyü kimi, iddiaçı özbaşına tikili olan fərdi yaşayış evinin məhkəmə tərəfindən satışa çıxarılmasının təmin edilməsini xahiş edir ki, bu tələb özlüyündə qeyri-müəyyəndir və həmin tələbin əsası kimi istinad olunan fakt və hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2, 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264-cü və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və evin satılması” tələbinə dair iddia ərizəsi cavabdehin evdən çıxarılması hissəsində iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin. İddia ərizəsi “evin satılması” hissəsində məhkəmənin icraatına qəbul edilmədən əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin göstərilən hissədə qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar