Məhkəmə qərarları › İş №2(008)-3099/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3099/2025

25.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3099/2025 25.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 Seyfəddin oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ilə xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası İmişli Rayon Qızılkənd Kənd İcra Hakimiyyəti tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 5 saylı qeydə alınmış nikahın etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar İddia tələbini onunla əsaslandırmışdır ki, o,xx.xx.1989-cu ildə X3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və nikahlarını Azərbaycan SSRİ İmişli rayon Semyonovka (indiki Qızılkənd kəndi) kənd sovetliyi tərəfindən həmin tarixdə qeydə alınmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 sayla qeyd edilmişdir. R.Ağayeva ilə birgə nikahlarından övladları doğulmuşdur və hazırda birlikdə yaşayırlar. R.Ağayeva ilə birgə nikahda yaşadıqları dövrdə, yəni xx.xx.1994-cü il tarixdə Cavabdeh ilə bəzi səbəblərə görə tam formal olmaqla rəsmi nikaha daxil olmuş və həmin nikah Azərbaycan Respublikası İmişli rayon Qızılkənd kənd icra hakimiyyəti tərəfindən həmin tarixdə qeydə alınmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 5 sayla qeyd edilmişdir. O, Cavabdeh ilə rəsmi nikaha formal olaraq daxil olduğundan onunla ailə kimi bir yerdə yaşamamış və onunla birgə nikahdan övladımız doğulmamışdır. Cavabdeh ilə rəsmi nikaha formal olaraq daxil olduqdan sonra bir daha onu görməmiş, onun əvvəllər və hazırda harada olması, sağ olması və ya vəfat etməsi barədə heç bir məlumatı yoxdur. Cavabdeh ilə xx.xx.1994-cü il tarixdə formal olaraq rəsmi nikaha daxil olsa da, hansısa işlə bağlı dövlət idarə və təşkilatlarına müraciət edərkən heç vaxt həmin nikahın hazırda qüvvədə olması barədə mənə heç bir məlumat verilməmiş və nikah formal bağlandığından mən də həmin nikahın bağlanmasını unutmuşdur. Lakin bir müddət əvvəl sənədləşmə işləri ilə əlaqədar "ASAN Xidmət" mərkəzinə müraciət etdiyi zaman oradan mənə Cavabdeh ilə xx.xx.1994-cü il tarixdə formal olaraq bağlanmış rəsmi nikahın hazırda qüvvədə olduğu bildirilmişdir və hazırda həmin formal nikah ona müəyyən hüquqi çətinliklər yaradır. xx.xx.2025-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək həmin nikahın pozulmasını xahiş etsəm də, həmin ərizəyə xx.xx.2025-ci il tarixli, 3- 16-5/8-15-675/2025 nömrəli məktubla cavab verilmiş və Cavabdeh nikahın pozulması üçün qeydiyyat şöbəsinə gəlmədiyinə görə ərizənin təmin edilməsinin mümkün olmadığı qeyd edilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Tərəflərin mövqeləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları -Vİ-JQ seriyalı, 384777 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X5 arasında 02 mart 1994-cü il tarixdə qeydə alınmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 5 sayla qeyd edilmişdir. -V-JQ seriyalı, 283285 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 arasında 14 dekabr 1989-cu il tarixdə qeydə alınmış və və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 sayla qeyd edilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-675/2025 nömrəli məktubundan görünür ki, Cavabdeh nikahın pozulması üçün qeydiyyat şöbəsinə gəlmədiyinə görə ərizənin təmin edilməsinin mümkün olmadığı qeyd edilmiş, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. -Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/18-2025-00138 nömrəli X1 İştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyası Cavabdeh iştirak etməməsi səbəbindən baş tutumamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Sovet Sosialist Respublikasının 1969-cu il 26 dekabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin: 2-ci maddəsinə əsasən, SSR İttifaqının və müttəfiq respublikaların nikah və ailə qanunvericiliyi Əsaslarına uyğun olaraq, bu Məcəllə nikaha daxil olma qaydasını və şərtlərini müəyyən edir, ailədə ərlə arvad arasında, valideynlərlə uşaqlar arasında, ailənin digər üzvləri arasında şəxsi və əmlak münasibətlərini, övladlığa götürmə, qəyyumluq və himayəçiliklə, uşaqların tərbiyəyə götürülməsi ilə əlaqədar münasibətləri, nikahın pozulması qaydasını və şərtlərini, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydasını tənzim edir. 13-cü maddəsinə əsasən nikah vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanlarında bağlanır. Nikahın qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də ər-ərvadın və uşaqların şəxsi və əmlak hüquqlarının və mənafeyinin mühafizəsi məqsədi ilə müəyyən edilir. 17-ci maddəsinə əsasən nikahın bağlanmasına aşağıdakı hallarda yol verilmir: ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında; bilavasitə yuxarı və aşağı xətlə olan qohumlar arasında, doğma və ögey qardaş-bacılar arasında, həmçinin övladlığa götürənlər və götürülənlər arasında; ikisindən biri ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyətini itirmiş hesab edilən şəxslər arasında. 48-ci maddəsinə əsasən nikah, bu Məcəllənin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah), etibarsız sayıla bilər. 49-cu maddəsinə əsasən nikah məhkəmə qaydası ilə etibarsız hesab edilir. Məhkəmənin mövqeyi İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1989-cu ildə X3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və nikahları Azərbaycan SSRİ İmişli rayon Semyonovka (indiki Qızılkənd kəndi) kənd sovetliyi tərəfindən həmin tarixdə qeydə alınmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 sayla qeyd edilmişdir. R.Ağayeva ilə birgə nikahda yaşadıqları dövrdə, yəni xx.xx.1994-cü il tarixdə Cavabdeh ilə bəzi səbəblərə görə tam formal olmaqla rəsmi nikaha daxil olmuş və həmin nikah Azərbaycan Respublikası İmişli rayon Qızılkənd kənd icra hakimiyyəti tərəfindən həmin tarixdə qeydə alınmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 5 sayla qeyd edilmişdir. Məhkəmə mübahisənin maddi hüquqi əsasları ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə nikahın etibarsızlığı ilə bağlı mübahisədir və mübahisələndirilən nikah qeydi isə 1994-cu ildə, yəni Azərbaycan Sovet Sosialist Respublikasının 1969-cu il 26 dekabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin qüvvədə olduğu müddətdə bağlanmışdır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən 1969-cu il 26 dekabr tarixli Qanun ilə təsdiq olunmuş Nikah və Ailə Məcəlləsinin müddəalarını rəhbər tutmalıdır. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararaq qeyd edir ki, iş materiallarından da göründüyü kimi şəxs bir nikahda olduğu müddət ərzində ikinci nikaha daxil olmuş, həmçinin iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah ailə qurmaq niyyəti olmadan sadəcə olaraq formal xarakter daşımış, iddiaçı ilə cavabdeh birgə təsərrüfat aparmamış və bir ailə kimi könüllü kimi ittifaq qurmamışlardır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçı ilə cavabdeh Kuz(Ağayeva) Yelena Anatolyevna arasında xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası İmişli Rayon Qızılkənd Kənd İcra Hakimiyyəti tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 5 saylı qeydə alınmış nikah etibarsız sayılmalıdır. Məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumunun tutulmasını xahiş etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası İmişli Rayon Qızılkənd Kənd İcra Hakimiyyətində nikahın bağlanması haqqında akt qeydləri kitabında 5 saylı nömrə ilə dövlət qeydiyyatına alınmış nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar